Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı iqtisadi əməkdaşlığın fəallaşmasına kömək edəcəkdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti Madriddə rəsmi səfərdədir.
Səfər çərçivəsində Baş nazirin müavini Əli Həsənov İspaniya Senatının sədr müavini Xuan Xose Lukas ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Azərbaycan Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, deputat Ayaz Orucov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Orucov və Ceyhun Osmanlı iştirak etmişlər.
İkitərəfli münasibətlərin möhkəmlənməsinin vacibliyindən danışan Əli Həsənov energetika sahəsində əməkdaşlığın inkişafı məsələlərinə toxunmuşdur. O demişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İspaniyada nümayəndəliyini və törəmə şirkətlərini aça bilər. Azərbaycanda bir çox Avropa ölkəsindən şirkətlərin işlədiklərini vurğulayan Baş nazirin müavini bildirmişdir ki, İspaniya mütəxəssisləri də Azərbaycanda fəaliyyət göstərə bilərlər. Buna görə də Azərbaycanda İspaniya səfirliyinin açılması qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın fəallaşmasına xidmət edəcəkdir.
Xuan Xose Lukas qonaqları salamlayaraq İspaniya-Azərbaycan münasibətlərinin inkişafından razılıq ifadə etmişdir. O demişdir ki, İspaniyanın Azərbaycanda səfirliyinin açılması üçün siyasi iradə mövcuddur. Lakin son illər dünya maliyyə böhranı İspaniya iqtisadiyyatına ziyan vurmuşdur. Senatın sədr müavini bildirmişdir ki, İspaniya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin genişlənməsində maraqlıdır.
Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan İspaniyada baş verən prosesləri maraqla izləyir və İspaniyanın böhrandan tezliklə çıxacağına ümid bəsləyir.
* * *
Sonra Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqalo ilə görüşmüşdür.
Xarici işlər naziri qonaqları salamlayaraq ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. O, Azərbaycanda diplomatik nümayəndəliyin tezliklə açılacağına ümidvar olduğunu bildirmiş və bunun dövlət rəhbərliyinin siyasi iradəsini əks etdirəcəyini vurğulamışdır.
Xarici siyasət idarəsinin başçısı Azərbaycanın əlverişli geosiyasi vəziyyətini, habelə İspaniyanın Aralıq dənizi və Atlantik okeana çıxışı olmasını nəzərə alaraq qarşılıqlı surətdə faydalı iqtisadi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır.
İspaniya hökumətinin Azərbaycan ilə energetika, tikinti, nəqliyyat sahələrində sıx əməkdaşlıqda maraqlı olduğunu deyən nazir ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan 2015-2016-cı illərdə İspaniyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyəcəkdir.
Əli Həsənov səmimi qəbula görə təşəkkürünü bildirərək demişdir ki, Azərbaycan İspaniya ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün böyük imkanlar vardır. Azərbaycanın kiçik ölkə olmasına baxmayaraq, o, Avropa və dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan enerji ehtiyatları və geosiyasi vəziyyəti ilə cəlbedicidir. Baş nazirin müavini vurğulamışdır ki, İspaniya ilə əlaqələrin inkişafı üçün daha bir əhəmiyyətli amil mövcuddur. Bu, xalqlarımızın və ənənələrimizin oxşarlığıdır. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışan Ə.Həsənov qeyd etmişdir ki, Azərbaycan dünya iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyan investor ölkəyə çevrilmişdir. Nə üçün də Azərbaycan İspaniya iqtisadiyyatına sərmayə yatırmasın? İspaniya alternativ energetika, liman tikintisi sahəsində böyük təcrübəyə malikdir, İspaniya mütəxəssisləri müvafiq layihələrə cəlb edilə bilərlər.
Görüşdə parlamentlərarası qrupun fəaliyyətinin bütün sahələrdə əlaqələrin inkişafına kömək edəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi müxbiri
Madrid