Azərbaycan nümayəndə heyətinin Belçika səfəri
13 mart 2012- ci il
2012-ci ilin yanvarında Belçika parlamentinin müxtəlif siyasi partiyalarının təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Dağlıq Qarabağ münaqişəsinə dair Belçika parlamentində irəli sürülmək üçün hazırlanan qətnamə layihəsini Azərbaycan rəsmiləri ilə müzakirə etmişdi. Həmin vaxt nümayəndə heyətinin sədri cənab Filip Blanşar azərbaycanlı həmkarlarını mart ayında Brüsseldə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirdə və Qarabağa dair Belçika parlamentində təşkil olunacaq ictimai debatda iştirak etmək üçün ölkəsinə səfərə dəvət etmişdi.
Dəvət əsasında 5-7 mart tarixlərində gerçəkləşən bu səfərdə Azərbaycan Nümayəndə heyətinə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan-Belçika dostluq qrupunun üzvləri ilə yanaşı Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Həsənov və İqtisadi İnkişaf Nazirinin müavini xanım Sevinc Həsənovanın rəhbərliyi ilə Azərbaycan nazirliklərinin təmsilçiləri daxil idi. Səfər zamanı nümayəndə heyətini Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri cənab Emin Eyyubov və Azərbaycanın NATO-dakı səfiri cənab Xəzər İbrahim müşayət edirdi.
Martın 5-də Brüsselə gələn Azərbaycan nümayəndə heyətini Belçika parlamentinin Belçika-Azərbaycan dostluq qrupunun rəhbəri Filip Blanşar qarşıladı. Gün ərzində Elxan Süleymanovun təşkilatçılığı ilə Baş Nazirin müavini cənab Əli Həsənovun və İqtisadi İnkişaf Nazirinin müavini xanım Sevinc Həsənovanın jurnalistlər, beynəlxalq mətbuat agentlikləri ilə görüşlər keçirildi. “Uoll Strit Cornal”ın Brüsseldə olan Aİ və Enerji üzrə müxbiri Alessandro Torello İqtisadi İnkişaf Nazirinin müavini xanım Sevinc Həsənovadan Azərbaycan iqtisadiyyatının vəziyyəti, enerji və infrostruktur layihələri haqqında müsahibə aldı. Bütün iqtisadi mövzular üzrə yazılar dərc edən bu mətbu orqan ümumlikdə Azərbaycanla bağlı xəbərlərə geniş yer verir. İtaliyanın “Sole 24 Ore” biznes qəzetinin Aİ məsələləri üzrə müxbiri Beda Romano Azərbaycanın neft və qazdan əlavə iqtisadi imkanları barədə Baş nazirin müavini Əli Həsənovdan müsahibə götürdü. İtaliyalı jurnalist xüsusilə ölkənin müasirləşdirilməsi üçün təsdiqlənmiş layihələr və mühəndislik, tikinti və xidmət sahələrində İtaliya şirkətlərinin hansı rol oynaya biləcəyi ilə maraqlanırdı. Əli Həsənov digər müsahibəni “Royters”-in müstəqil müxbiri Françesko Qoraskioya verdi. Qoraskio beynəlxalq əlaqələr üzrə ixtisaslaşmışdır və “Avroaktiv” və “Pablik Servis Avropa”-nın müntəzəm müstəqil əməkdaşıdır. Müsahibənin əsas mövzusu Dağlıq Qarabağ, enerji və Aİ-Azərbaycan əlaqələri idi. Bu müsahibə əsasında martın 7-də 20 min oxucusu olan və ingilisdilli Aİ qərarvericiləri arasında tanınmış onlayn siyasi xəbərlər jurnalı “Pablik Servis Avropa”-da “Qafqazın qaz və neftə dair böyük oyunu həll edilməmiş qalır” başlıqlı məqalə dərc edilmişdir. Həmçinin Azərbaycan nümayəndə heyətinin Brüssel səfəri, keçirilən görüş və tədbirlər “Uoll Strit Cornal’s Market Voç”, “Yahoo”, “Boston Qlob” “Hyuston Xronikl”, “San Fransisko Xronikl”, “US Politiks”, “Biznes Cornal” “Press Assoseyşn”, “Faktiva”, “Blumberq”, “Royters” kimi dünyanın nüfüzlü media orqanları tərəfindən geniş işıqlandırılmış 305-i ingilis, 8-i fransız və 17-si alman dilində olmaqla, onlayn redaksiya saytlarında 330 material nəşr edilmişdir.
Belçika Parlamentində Dağlıq Qarabağa dair açıq müzakirə
Martın 6-da günün ikinci yarısında «İşğal edilmiş ərazilər, unudulmuş ərazilər – Dağlıq Qarabağ konfliktinin hüquqi və humanitar aspektləri» mövzusunda Belçika Parlamentində açıq debatın açılışı oldu. Tədbir bu cür müzakirələrin keçirilməsi üçün Belçika Parlamentində ən böyük zal olan 120 nəfərlik Konqres Zalında keçirilirdi. İclas zalında erməni işğalının tarixi qaynaqlarını, faciənin maddi və sənədli sübutlarını, tətqiqat xarakterli nəşrləri, beynəlxalq və yerli medianın bu barədə yazılarını əks etdirən 21 adda müxtəlif kitab, broşür, şəkil, sənədlər toplusu və bu materialları bir araya gətirən kataloq yer almışdı. Təqdim edilən materiallar əsasən Heydər Əliyev Fondunun və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyasının təşəbbüsü ilə çap edilmiş nəşrlər olmuşdur.
İclasa deputat Patrik Blanşar, deputat Denis Dukarm və Dağlıq Qarabağ üzrə qətnamənin məruzəçisi deputat David Qerts sədrlik edirdi. Müzakirədə 31 Belçikalı deputat və Avropa Komissiyası və federal parlamentin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər, hakimlər və hüquqşünaslar iştirak edirdi. İlk öncə qonaqlara Dağlıq Qarabağ müharibəsinin qurbanları olmuş azərbaycanlı qaçqınların ifadələrindən ibarət “Avronyus”-un video-reportajı nümayiş etdirildi. Daha sonra Baş nazirin müavini Əli Həsənov qaçqınların vəziyyəti, sülh danışıqlarındakı çıxılmaz vəziyyət, münaqişənin geosiyasi konteksti, bütün dünyada erməni lobbisinin təsiri, BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq qurumlar və təşkilatların qəbul etdiyi müxtəlif qətnamələri xüsusi vurğulayan hərtərəfli çıxış etdi. Sonra “Avropa Strateji Araşdırmalar və Təhlükəsizlik Mərkəzi”-nin direktoru cənab Klod Monik söz alaraq indiyə qədər Minsk qrupunun gördüyü işlərin təhlilini apararaq bu qrupun tərkibinin dəyişdirilməsinin zəruriliyini vurğuladı. O, Minsk qrupunun üzvü kimi, Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi fikrini müdafiə etdiyini bildirdi. Klod Monik həmçinin beynəlxalq prinsip olan ərazi bütövlüyünə riayət edilməsinin əhəmiyyətini göstərən nümunələrldən danışdı.
Növbəti gün tədbirdə çıxış edən “Sərhədsiz vəkillər” təşkilatının təsisçisi cənab Pyer Leqro qonaqların diqqətini münaqişənin hüquqi tərəflərinə yönəltdi. Onun fikrincə, bütün beynəlxalq öhdəliklər yerinə yetirilənə qədər təzyiqi olduğu səviyyədə saxlamaq məqsədilə Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar nəzərdən keçirilməlidir, həmçinin ən mühüm amil kimi, beynəlxalq ictimaiyyətin bu münaqişənin mövcudluğundan daha çox məlumatlı olması zəruridir. Daha sonra belçikalı və azərbaycanlı deputatlar və bir neçə iştirakçı canlı müzakirədə iştirak etdi. Baş nazirin müavini Əli Həsənov suallara cavab verdi. Belçikalı deputat cənab David Qerts bütün hakim partiyaların dəstəyi ilə Belçika Parlamentində Dağlıq Qarabağa dair qətnamə üçün təklif irəli sürmək təşəbbüsünü qaldırdı. Digər deputat cənab Denis Dukarme qonaqlara məlumat verdi ki, Belçikadakı erməni lobbisi bunun qarşısını almaq üçün bütün mümkün səyləri göstərir və onlar bu müzakirəyə hazırlaşarkən də bu hal ilə üzləşmişlər.
İclasın sədri cənab Blanşar sonda Dağlıq Qarabağ məsələsini ictimaiyyətin diqqətində saxlamaqda davam edəcəklərini bildirdi. O, Avropa paytaxtı Brüsseldə Belçika Parlamentinin binasında bu mövzuda müzakirə və dinləmələrin təşkil edilməsinə görə qürur hissi keçirdiyini ifadə etdi və bu istiqamətdə işi davam etdirməyə çağırdı. Sonda o, mükəmməl əməkdaşlıqğa və belə səmərəli üsulla Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq məlumatlılığı artırdığına görə həmkarı cənab Elxan Süleymanova minnətdarlığını ifadə etdi.
Xocalı faciəsinin anım mərasimi
Səfər zamanı təşkil edilmiş digər mühüm tədbir Xocalı faciəsinin anım mərasimi martın 7-də Azərbaycan səfirliyində təşkil olunmuşdu. Tədbirdə Belçika Parlamentinin və Avropa Parlamentinin 12 üzvü bir sıra beynəlxalq hüquqşünaslar, eyni zamanda Belçika Konstitusiya Məhkəməsinin sədr müavini də iştirak edirdi. Tədbir zamanı səfirliyin binasında faciə ilə bağlı foto-sərgi nümayiş etdirilirdi. Şəkillərin müəllifi olan azərbaycanlı fotojurnalist İlqar Cəfərov mərasim iştirakçılarının suallarını cavablandırıb, lentə aldığı hadisələri və faciə görüntülərinin tarixi barədə məlumat verdi. Toplantı zalında erməni işğalını əks etdirən nəşrlər, müxtəlif kitab və broşürlar təqdim edilmişdi. Tədbir iştirakçıları materiallarla tanış olmuş, bu barədə sərbəst diskussiya aparmaq və istədikləri nümunələrin əldə edilməsi imkanına malik qazanmışdı.
Müzakirələrdə erməni təcavüzünün hüquqi və tarixi aspektləri barədə azərbaycanlı tətqiqatçılar – tarixçi alim Məhərrəm Zülfüqarlı və hüquqşünas alim Fuad Süleymanov fikirlərini tədbir iştirakçıları ilə paylaşdı. Səfir Emin Eyyubov və azərbaycanlı deputat Azər Kərimli çıxış edərək, iyirmi il əvvəl fevralın 26-da Xocalıda baş verən vəhşiliklərdən danışdı. İştirak edən deputatlar və digər rəsmilər bu faciəni necə nəzərdən keçirmək və beynəlxalq məhkəmələr qarşısında hansı təşəbbüslərin nəzərdə tutulmasına dair fikir mübadiləsi apardı. Səfir cənab Blanşar və cənab Süleymanova və bütün Belçikalı dostlara ümumilikdə son iki ildə və xüsusilə Brüsseldə bu iki gündə əldə edilmiş bütün nailiyyətlərə görə təşəkkür etdi. Bu məzmunda tədbir kimi heç vaxt Avropanın digər paytaxtlarında keçirilməmişdir. Bu tədbirin Avropanın “paytaxtı” Brüsseldə, Belçika Parlamentinin binasında böyük uğurla və çoxsaylı siyasi və məhkəmə qərarvericilərinin iştirakı ilə keçirilməsi gələcəkdə eyni təşəbbüslərin digər Avropa paytaxtlarında da keçirilməsinin mümkünlüyünə ümid yaradır.
Səfər zamanı Elxan Süleymanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bir sıra Belçika rəsmiləri ilə birlikdə ikitərəfli rəsmi görüşlər də keçirmişdir. Belçika Senatının spikeri de Betun, Vallon-Brüssel Parlamentinin spikeri Luperto, Dövlət naziri, Belçika kralının məsləhətçisi de Donnea tərəfindən qəbul edilən mümayəndə heyəti Nümayəndələr Palatası və Senatın aparıcı üzvləri ilə və Brüssel merinin ofisində şəhər rəhbərliyi ilə əhəmiyyətli görüşlər keçirmişdir. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri, Aİ-nin mövqeyi, məcburi köçkünlər məsələsi, Xocalı faciəsinə beynəlxalq hüquqi qiymət verilməsi, Avronest PA vasitəsilə Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı, enerji təhlükəsizliyi, Avropaya enerji tranziti dəhlizləri, BMT Təhlükəsizlik Şurasına Azərbaycanın üzvlüyü kimi mühüm məsələlər müzakirə edilmiş həmçinin Belçika və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılmışdır. Görüşlərdə həmçinin, 2012-ci il may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsi və ona hazırlıq barədə Belçikalı siyasətçilərə məlumat verilmişdir.