«Azərbaycan neytral təhlükəsizlik siyasəti yürüdür»


Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə hökumət, parlament nümayəndələri ilə yanaşı bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkəmizin son illərdə keçdiyi yoldan danışıb. Onun sözlərinə görə, aparılan siyasət nəticəsində Xəzər regionu XXI əsrdə dünyanın ən əhəmiyyətli bölgəsinə çevrilib: «Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir». O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: “Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər”.


Ə. Həsənov bildirib ki, Azərbaycan qızıl, mis və digər ehtiyatları ilə Cənubi Qafqazda ən zəngin təbii sərvətləri olan ölkədir: “Azərbaycan həm də bölgədə özünün enerji təhlükəsizliyini təmin etmiş yeganə ölkədir”.
O, həmçinin deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq ərazisinin 90 faizini qazla təmin edib. Ə.Həsənov qeyd edib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycana dünyada enerji daşıyıcılarının alternativ mənbəyi kimi yanaşmağa başladılar: «Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi enerji daşıyıcılarının zəngin ehtiyatları regionun Avropanı 100 il ərzində enerji resursları ilə təmin etməyə qabil olduğunu deməyə əsas verir». Ə. Həsənov həmçinin qeyd edib ki, Azərbaycan ötən 20 il ərzində sivil və demokratik ölkəyə çevrilib və bu istiqamətdə addımlayır: «Azərbaycan heç vaxt demokratik idarəçilik sistemindən imtina etməyəcək». 
Ə.Həsənov həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına qoşulduğunu xatırladıb və ölkənin bölgədə neytral təhlükəsizlik siyasəti yürütdüyünü deyib. 
Tədbirdə çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov da ölkədə aparılan siyasətdən danışıb. Bununla belə o, Ermənistanın işğal faktına toxunaraq, bildirib ki, bu siyasət regionda hərbi əməliyyatların bərpasına gətirə bilər. Onun sözlərinə görə, bəzi dövlətlər və beynəlxalq təşkilatların Ermənistanın belə siyasətinə göz yummaları faktı təəssüf doğurur: «Ermənistan regionda silahlanır, qeyri-konstruktiv siyasət aparır ki, bu da öz növbəsində regionda sabitliyin pozulması riskini artırır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyətin Ermənistanın hərəkətləri barədə prinsipial mövqe ortaya qoymağının və öz fikrini bildirməyinin vaxtı çatıb». 
O həmçinin Azərbaycanın parlamentlərarası əlaqələrinə toxunaraq, hazırda parlamentdə 75 parlamentlərarası qrupun olduğunu və bunun bizim digər ölkələrlə əlaqələrimizi möhkəmləndirdiyini bildirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları