Azərbaycan münayəndə heyəti Polşada bir sıra görüşlər keçirib
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 1-də Varşavada əhəmiyyətli görüşlər keçirib. APA-nın məlumatına görə, qrafik sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif məkanlarda görüşlərə qatılıblar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçrilən görüşdən sonra Natolin Avropa Kollecində olub.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşəbbüsü ilə Polşada səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 1-də Varşavada əhəmiyyətli görüşlər keçirib. APA-nın məlumatına görə, qrafik sıx olduğundan nümayəndə heyətinin üzvləri qruplara bölünərək müxtəlif məkanlarda görüşlərə qatılıblar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Adam Mitskeviç İnstitutunda keçrilən görüşdən sonra Natolin Avropa Kollecində olub.
Polşa Respublikası Seymində keçirilən görüşdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Elxan Süleymanov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa, Ceyhun Osmanlı ilə yanaşı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təmsilçiləri Məhərrəm Zülfüqarlı və Fuad Süleymanov iştirak ediblər.
Polşa Seyminin Avropa Şurası Parlament Assambleyasında təmsil olunan üzvləri, eləcə də Seymin xarici əlaqələr komitəsindən olan deputatlarla görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Seymin üzvləri Azərbaycanın qərbə inteqrasiya sahəsində əldə etdiyi uğurlardan, Qarabağ probleminin çözülməsi imkanlarından, Avropanın enerji təhlükəsizliyi sahəsində Bakının oynadığı səmərəli roldan danışıblar.
Azərbaycan millət vəkilləri Elxan Süleymanov, Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Səməd Seyidov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa və Ceyhun Osmanlı görüşdə çıxış ediblər.
Elxan Süleymanov Azərbaycanla Polşa arasında əlaqələrin XIV əsrdən başladığını qeyd edib, polyak şairlərin Nəsiminin, Xaqani Şirvaninin, Seyid Əzim Şirvaninin əsərlərini tərcümə etdiklərini vurğulayıb. Millət vəkili Şamaxıda anadan olmuş memar Yevgeni Skibinskinin layihəsi əsasında Bakıda tikilmiş binadan bəhs edən “Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi” kitabını və XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş polyak memarların yaradıcılığına həsr edilmiş “5 polyak memarın 15 Bakı binası” foto-albomunu təqdim edib. Millət vəkili qeyd edib ki, polşali deputatlar daim Azərbaycan millət vəkilləri ilə beynəlxalq qurumlarda əməkdaşlıq ediblər: Bizim bu səfərimiz bu əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.
Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti ilə 2 nüfuzlu Polşa universiteti arasında imzalanmış əməkdaşlıq sazişlərinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev Polşanın iqtisadiyyat naziri Yanuş Pexotsinski və maliyyə naziri Milolay Budzanovski ilə görüşlər keçirib. Daha sonra Natiq Əliyev nümayəndə heyətinin üzvləri ilə birlikdə Xarici Məsələlər üzrə Polşa İnstitutunda görüş keçirib və “Enerji Təhlükəsizliyinə dair Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq perspektivləri” adlı dinləmələrə qatılıb. Fevralın 2-də görüşlər Lodz şəhərində davam edir.