Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qonaqlara müraciətlə deyib: “Sizi görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Bu, həmçinin, münasibətlərimizə aid ciddi məsələləri müzakirə etmək fürsətidir. Ümumiyyətlə, biz çox məmnunuq ki, Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir. Bu münasibətlərin uzun tarixi var. On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür, özü də fəal üzvüdür.

 özü də fəal üzvüdür. Bildiyiniz kimi, biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmaslar çox dinamikdir.

Bu ilin əvvəlində sədr Barrozunun Azərbaycana çox uğurlu səfəri baş tutdu. Biz olduqca mühüm sənədə imza atdıq. Ötən ay mən Brüsselə səfər etdim və Avropa Komissiyasının sədri Barrozu, Avropa İttifaqının sədri Van Rompey və Avropa Parlamentinin sədri Buzeklə görüşlərim oldu. Bu, görülmüş işləri bir daha nəzərdən keçirmək imkanı yaratdı və ən vacibi isə o idi ki, gələcək üçün məqsədlər müəyyən edildi.
Çox şadam ki, bu gün Avropanın əsas siyasi partiyalarının nümayəndələri qonaqlarımız arasındadır. Bu, əməkdaşlığın yaxşı formatıdır. Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlıq müxtəlif formatlarda inkişaf edir. Əminəm ki, gələn illər ərzində olduqca mühüm nailiyyətlər əldə ediləcəkdir. Sizin səfəriniz həm də Azərbaycanı daha yaxşı tanımaq, ölkəni real şəkildə görmək üçün çox yaxşı fürsətdir. Çünki hər hansı nəticəyə gəlmək üçün həmişə şəxsi təəssüratlara arxalanmaq ən münasib yoldur.
Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 20 ildir ki, biz müstəqilik. Lakin bu ölkənin böyük tarixi və adət-ənənələri vardır. Müxtəlif tarixi mərhələlərdə biz digər ölkələrin və imperiyaların hissəsi olmuşuq. Yalnız 20 il öncə biz müstəqilliyimizi əldə etmişik. Həmin illər dünyəvi, demokratik və inkişaf etmiş ölkənin qurulmasında çox mühüm olmuşdur. İyirmi il uzun dövr deyil, lakin həmin vaxt ərzində əsas çətinliklərin aradan qaldırılmasına nail olduq.
Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi, Ermənistanın işğalı ilə üzləşdik. Eyni zamanda, biz siyasi sistemi və demokratik təsisatları qura bildik, bir sıra Avropa təsisatlarına qəbul olunduq, region ölkələri ilə güclü əlaqələr qurduq və çox perspektivli iqtisadi inkişafa nail olduq.
Son 7 il bizim üçün çox uğurlu olub, iqtisadiyyatımız 3 dəfə artıbdır. Azərbaycan BMT-nin İnsan İnkişafı İndeksində ən sürətli artıma nail oldu. Bu, ən sürətli inkişaf tempi idi.
Əlbəttə ki, biz bütün Avropa təsisatları ilə əlaqələrimizi siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası-Azərbaycan səviyyəsində inkişaf etdirməliyik. Həmçinin, insanlar arasında da təmasları daha sıx etməliyik. Çünki biz özümüzü hələ də təqdim etməyə ehtiyac duyuruq. Bizi Avropanın ictimai rəyində o qədər tanımırlar. Bu, obyektiv səbəblərlə bağlıdır. İyirmi il o qədər də uzun dövr deyil. Buna görə bizə vaxt lazımdır.
Biz avropalı qonaqlarımızı Azərbaycana səfərə dəvət etməkdə olduqca maraqlıyıq. Burada nəinki paytaxt şəhərlə, həm də rayonlarla da tanışlıq, eləcə də uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulur. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimizə gəldikdə bizim çox yaxşı nailiyyətlərimiz var. Avropa İttifaqına üzv olan bütün ölkələrlə, demək olar ki, güclü siyasi və iqtisadi münasibətlərimiz var. Bu da çox əhəmiyyətlidir.
NATO-nun tərəfdaşı kimi, Azərbaycan nəinki öz hərbçiləri ilə, o cümlədən daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verir. NATO üçün daşımaların dörddəbir hissəsindən çoxu Azərbaycan vasitəsilə həyata keçirilir. Bu, ilk növbədə bizim məramımızı nümayiş etdirir, ikincisi isə, Azərbaycan ilə Avratlantik təsisatları arasında münasibətlərin göstəricisidir”.
Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyasının sədri, prosedur qaydaları, toxunulmazlıq və təsisat məsələləri, monitorinq, sosial, səhiyyə və ailə məsələləri komitələrinin üzvü Luka Volonte təmsil etdiyi partiyanın Azərbaycanla əməkdaşlığına toxunaraq deyib: “Siz Avropa Xalq Partiyasının sədri cənab Martenslə görüşmüsünüz. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası  arasında sıx dostluq münasibətlərinin qurulması arzusu vardır. Avropa Şurasında apardığımız iş göstərir ki, birgə işləmək mümkündür. Xristian Demokrat Partiyası və bir sıra digər partiyalar əməkdaşlıq etmək fikrindədir, çünki bizim insan hüquqları, ailə dəyərləri, azad cəmiyyət, liberal iqtisadiyyat kimi mühüm meyarları müdafiə və təşviq etməkdə maraqlarımız eynidir. Təbii ki, biz cənab Martensə təklif edə bilərik ki, Avropa Xalq Partiyası ilə Avropadan kənarda fəaliyyət göstərən siyasi partiyalar arasında güclü dostluq əlaqələri yaratmaq imkanını dəyərləndirsin”.
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən siyasi, sosial-iqtisadi islahatlardan danışaraq deyib: “Əminəm ki, həyata keçirdiyimiz istər siyasi, istərsə də iqtisadi islahatlar artıq uğurlu inkişafa aparmaqdadır. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Əminəm ki, Avropa Şurasına üzvlüyümüz siyasi sistemimizin meyarlarını Avropa İttifaqına üzv olan və uzun demokratiya ənənələri tarixi ilə seçilən dövlətlərdə olan meyarlara daha da yaxınlaşdırmaqda bizə çox yardım etdi. Əslində, bu, bizim məqsədimizdir”.
Dövlət başçısı Azərbaycanda qəbul edilən qanunların ölkədə yeni siyasi mühit yaratdığını bildirib. Prezident İlham Əliyev ölkədə mətbuat azadlığının və internetə azad çıxışın təmin olunduğunu, internet istifadəçilərinin əhalinin 50 faizini təşkil etdiyini deyib. Siyasi və demokratik inkişafın Azərbaycan qarşısında duran əsas prioritetlərdən biri olduğunu deyən dövlət başçısı genişmiqyaslı uğurlu siyasi islahatların aparıldığını xatırladıb. Prezident İlham Əliyev Azərbaycanda əsas azadlıqların tam təmin olunduğunu, bütün millətlərin və dinlərin nümayəndələrinin azad şəraitdə yaşadıqlarını vurğulayıb.
Dövlət başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin uzun tarixi vardır. Bu, nəinki Azərbaycan üçün, bütövlükdə region üçün əsas problemdir. Əslində, bu münaqişə Sovet İttifaqının son illərində başladı. Müstəqilliyimiz belə bir ağır və qanlı münaqişə ilə çətinləşdi və bu, Azərbaycan ərazilərinin 20 faizinin işğalı ilə nəticələndi. Azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz vardır. Dağlıq Qarabağ tamamilə monoetnik struktura çevrilib, orada bir nəfər də azərbaycanlı qalmayıbdır. Münaqişədən əvvəl isə orada əhalinin 25 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı qovulub, Dağlıq Qarabağın heç vaxt hissəsi olmayan və ermənilərin heç vaxt yaşamadıqları ətrafdakı yeddi  rayondan təxminən 700 min azərbaycanlı didərgin düşübdür.
Bu il ATƏT-in missiyası həmin yerlərə aid qiymətləndirmə hesabatı hazırlayıbdır. Həmin missiya işğal olunan ərazilərə səfər edib və hər şeyin – binalarımızın, qəbiristanlıqlarımızın, məscidlərimizin viran qoyulduğunu qeyd edibdir. Orada həyat yoxdur. Beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul edibdir. Ən ali beynəlxalq orqan – BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin çıxarılmasını tələb edən 4 qətnamə qəbul edibdir. Avropa Şurası da 2005-ci ildə qətnamə qəbul edib, Avropa Parlamentinin və ATƏT-in qərarları olubdur. Lakin məsələ hələ də həll edilməyibdir.
Əsas səbəb isə odur ki, Ermənistan status-kvonu daim saxlamaq istəyir. Onlar işğal edilən ərazilərdən çəkilmək istəmirlər və danışıqlar prosesi zamanı Dağlıq Qarabağ üçün müstəqillik əldə etməyə çalışırlar. Lakin Dağlıq Qarabağ tarixən heç vaxt Ermənistanın hissəsi olmayıb. İkincisi, o, Azərbaycanın mərkəzində yerləşir. Hazırda ora nəzarətsiz bir ərazidir. Vasitəçilər və Azərbaycanın təkliflərinə gəldikdə, bu, güzəştlərə əsaslanan ədalətli yanaşmadır. Bunun nəticəsində Dağlıq Qarabağda yaşayanlara yüksək özünüidarə statusu verilə bilər və eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü bərpa olunar. Ümidvarıq ki, Ermənistan bu səslərə, xüsusən də ən qüdrətli dövlətlərin liderlərinin status-kvonun qəbuledilməz olması haqqında çağırışlarına qulaq asacaqdır”.
Sonra görüşdə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

 

Yeni Azərbaycan

21 iyul 2011

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları