Azərbaycan deputatları Belçika xarici işlər nazirinə müraciət ediblər
Millət vəkilləri bu ölkədə fəaliyyət göstərən şirkətin saytında Azərbaycana qarşı təxribat xarakterli məlumatın yerləşdirilməsinə etiraz edirlər
Həmin məlumat həmçinin “La tribune de Bruxelles” qəzetində çap edilib, insanların çoxluq təşkil etdiyi yerlərdə-dəmir yolu vağzallarında və metro stansiyalarında pulsuz qəzet və jurnallar üçün nəzərdə tutulmuş dəmir qutularda yerləşdirilərək, əhali arasında paylanıb.
Kompaniyanın saytında 15-27 sentyabr 2012-ci il tarixlərdə Ermənistan və Dağlıq Qarabağa səyahət təklif edilir. Saytda eyni zamanda tarixi faktlar ciddi şəkildə saxtalaşdırılaraq, Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilir və XIII əsrdə tikilmiş qədim alban məbədləri erməni kilsələri kimi təqdim edilir.
Qeyd edilənlərlə bağlı diqqətə çatdırırıq ki, ermənilər bu dövrdə həmin ərazilərdə məskunlaşmayıblar, onlar Dağlıq Qarabağa Fars və Osmanlı dövlətlərinin ərazilərindən yalnız XIX əsrin əvvəllərində Cənubi Qafqaz Çar Rusiyasına birləşdirildikdən sonra köçürülüblər. Odur ki, saytda göstərilən məbədlər heç bir halda erməni kilsələri ola bilməz. Bununla bərabər, qədim alban məbədlərinin erməni kilsəsi kimi təqdim edilməsi tarixi faktları saxtalaşdırmaqla yanaşı, həm də bu ərazilərdə yaşamış xalqların tarixi-mədəni irsinə hörmətsizliyin bariz nümunəsidir.
Eyni zamanda bildirməliyik ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı silahlı təcavüz edib, Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər 7 rayonunu işğala məruz qoyub. Ermənistan işğal etdiyi ərazilərdə yerli Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirib və həmin ərazilər monoetnik zonaya çevrilib.
Azərbaycan xalqına qarşı ən dəhşətli cinayətlərdən biri Xocalı şəhərində törədilib. Belə ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri ilə birgə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirib. Xocalının işğalı zamanı bir gecə ərzində dinc əhalinin 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülüb, insanların başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilib, 1275 insan əsir götürülüb, Xocalı şəhərinin özü isə məhv edilərək yer üzündən silinib.
Bütövlükdə, işğal zamanı Ermənistanın silahlı qüvvələri tərəfindən 20 mindən çox insan öldürülüb, 50 mindən çox insan yaralanıb və şikəst edilib, minlərlə insan itkin düşüb, məhkəməsiz edamlar və mülki əhalinin kütləvi qırğını, girov götürülməsi, onlardan icbari işlərdə istifadə olunması halları baş verib, 760 mindən artıq azərbaycanlı isə məcburi köçkünə çevrilib.
Hazırda Ermənistanın işğalı altında olan ərazilər Azərbaycanın və dünya birliyinin nəzarətindən kənardadır. Nəzarətsiz zonalara çevrilmiş bu ərazilərdə transmilli mütəşəkkil cinayətkar fəaliyyət üçün münbit şərait formalaşdırılmış, burada narkotik bitkilərin yetişdirilməsi üçün plantasiyalar yaradılmış və narkotik maddələr emal edilir, beynəlxalq terror təşkilatları üçün mənzil qərargahlar və təlim düşərgələri yaradılıb. İşğal altında olan ərazilərdə cinayətkar yollarla əldə edilmiş “çirkli” pulların “yuyulması” həyata keçirilir.
Bir daha diqqətə çatdırırıq ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası və digərləri Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağ regionunun hazırda işğal altında olması faktını tanıyıb, məcburi köçkünlərin öz vətənlərinə qayıtmaq və təhlükəsiz yaşamaq hüququnu təsdiqləyib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə birmənalı şəkildə bildirib.
Uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədilə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində danışıqlar aparılır. Hazırda danışıqlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin G8 (Böyük səkkizliyin) 2009-cu il Akvil (İtaliya), 2010-cu il Muskok (Kanada) və 2011-ci il Dovil (Fransa) sammitləri zamanı qəbul etdikləri bəyanatlarda təklif etdikləri prinsiplər əsasında davam etdirilir.
Bildiririk ki, Azərbaycan tərəfi işğal edilmiş ərazilərin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququna malik olmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu məqsədlə öz səylərini əsirgəmir. Lakin Ermənistan tərəfi münaqişənin həllində maraqlı olmadığını və mövcud “status-kvo” vəziyyətinin saxlanılmasında maraqlı olduğunu öz praktiki fəaliyyətində sübuta yetirib. Belə ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinin davam etdiyi bir vaxtda Ermənistan tərəfi, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatları və münaqişənin həll edilməsində maraqlı olmayan müxtəlif qüvvələr mütəmadi olaraq müxtəlif xarakterli təxribatlar həyata keçirirlər — müxtəlif ölkələrdəki şirkətlərin Azərbaycanın işğal altında olan ərazilərində güzəştli şərtlərlə fəaliyyətə cəlb edilməsi, digər ölkələrin sənət adamlarının bu ərazilərdə konsertlərinin təşkili, bu ərazilərə dünyanın müxtəlif ölkələrindən turistlərin dəvət edilməsi istiqamətində səylər göstərilir, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlara Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın ərazisi kimi göstərildiyi xəritələr təqdim edilir.
Qeyd edilməlidir ki, Belçika Krallığında fəaliyyət göstərən “Betravel” kompaniyasının rəsmi saytında və “La tribune de Bruxelles” qəzetində 15-27 sentyabr 2012-ci il tarixlərdə Dağlıq Qarabağa səyahətin təşkil ediləcəyi barədə məlumatların yerləşdirilməsi və Dağlıq Qarabağın Ermənistan bölümündə verilməsi belə bir növbəti təxribatlardandır.
Odur ki, “Betravel” kompaniyasından rəsmi saytından belə təxribat xarakterli məlumatları dərhal yığışdırmağı, “La tribune de Bruxelles” qəzetində çap edilmiş məlumatların reallığı əks etdirmədiyini və həmin məlumatların təkzib edilməsini əks etdirən materialın dərc edilməsini, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünü şübhə altına ala biləcək məlumatlar yaydığına görə izahat verməsini və Azərbaycan dövlətindən üzr istəməsini tələb edirik.
Nəhayət, bildirmək istəyirik ki, Azərbaycan dövlət strukturlarının rəsmi icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək Azərbaycanın sərhədlərinin pozulması və dövlət suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir. Belə bir addımı atmış xarici ölkə vətəndaşları Azərbaycan tərəfindən arzuolunmaz şəxslər kimi qiymətləndirilir və bir daha Azərbaycan ərazilərinə buraxılmırlar”.