“Azərbaycan bu gün Avropada”
İspaniya Senatının binasında (Madrid) “Azərbaycan bu gün Avropada. Azərbaycan və İspaniya arasında etibarın yaradılması” mövzusunda beynəlxalq konfrans keçirilib.
Publika.Az-ın verdiyi xəbərə görə, beynəlxalq konfrans AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.
Madriddə ölkəmizi Baş Nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri Elxan Süleymanov, Qudrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Ayaz Orucov, Zahid Oruc, Ceyhun Osmanlı tərəfindən təmsil ediblər.
Konfransda Senatın Vitse-Spikeri və Senatın Xarici Əlaqələr Komitəsinin sədri daxil olmaqla, 80-ə yaxın İspan senatoru və deputatı iştirak edib. Müzakirələrə 70-ə yaxın İspaniyanın akademik və professor təbəqəsi, elm xadimləri, media, QHT və vətəndaş cəmiyyətinin nümayəndələri də qatılıb.
Elxan Süleymanov Azərbaycan həqiqətləri, erməni işğalı barədə tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və
nəticələrinə həsr edilmiş geniş məruzə ilə çıxış edib.
Konfransda İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova “Azərbaycanın iqtisadi inkişafı və perspektivlər” mövzusunda danışıb.
Eyni zamanda, dinləmələrdə İspaniya Senatının vitse–prezidenti Xuan Xose Lukas, Senatın Xarici Əlaqələr və Əməkdaşlıq Komissiyasının prezidenti Alexandro Munoz-Alonso, Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitunun direktoru Xesus Salvador və İspaniya auditoriyasına bir müddət əvvəl Meksika parlamentində qəbul edilmiş Dağlıq Qarabağa dair rəsmi qətnaməni təqdim edən Meksika parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Xesus Ramirez Rangel dəyərli çıxışlar etdilər.