Azərbaycan-Belçika əlaqələrinə dair kitabın təqdimatı keçirildi
14 iyun 2012-ci il
Belçikalı diplomat: “Səfirlik bu kitabın nəşrindən çox məmnundur”
Bu gün “Hilton” otelində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri olan “Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012” kitabının təqdimatı və Azərbaycanla Belçika arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov qeyd edib ki, Belçika ilə əlaqələr Azərbaycan üçün vacibdir. “Belçika 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Hər iki ölkə arasınsadakı münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edir. Prezident ilham Əliyev 2004, 2006, 2012-ci illərdə Belçikaya rəsmi səfərlər edib. Parlamentlərarası əlaqələrin intensivliyi ölkələr arasındakı münasibətlərin daha da inkişafına təsir göstərir. Milli Məclisin dostluq qrupu son 2 ildə Belçikaya 2, Belçika nümayəndələri isə Bakıya 3 dəfə səfər ediblər”.
Deputat onu da qeyd edib ki, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəlişah” əsəri fransız dilinə tərcüməsi artıq başa çatdırılır. Belçika teatrların birində əsərin tamaşaya qoyulması üçün məşqlər başlayacaq. E.Süleymanovun sözlərinə görə, Xocalı soyqırımı ilə bağlı Belçikada tədbir, sərgilər keçirilib. “Belçika parlamenti həmişə Dağlıq Qarabağ probleminə dəstək verib. Belçika parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə qətnamənin qəbulu gözlənilir”. O, Azərbaycan-Belçika münasibətlərini işıqlandıran bir kitabın buraxılmasını təqdirəlayıq bir hal kimi dəyərləndirib.
Daha sonra Belçikanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Peter Booms çıxış edib: “Bizim səfirlik bu kitabın nəşrindən çox məmnundur. Bu, iki olkə arasında olan münasibətləri əks etdirir. Ölkələrimiz arasında çox yaxın münasibətlər var. Biz qarşılıqlı olaraq bir-birimizin təcrübəsini öyrənməliyik. 2007-ci ildə Belçika səfirliyi Azərbaycanda açılandan sonra bu münasibətlər daha da möhkəmləndi. Səfirliyimizin Azərbaycanda yerləşməsi ölkəmizin Azərbaycana olan yüksək qiymətini bildirir. Bundan sonra da iki ölkə arasında olan münasibətlər daha sıx olacaq”.
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq həmsədri Alan Desteks çıxışında deyib ki, hər iki ölkədə səfirlik açılandan sonra ölkələr arasında münasibətlər daha da dərinləşib: “Azərbaycan son dərəcə əhəmiyyətli dövlətlərdən biridir: Azərbaycanın coğrafi mövqeyi bunu deməyə əsas verir. Azərbaycanın bəzi qonşuları var ki, onlarla münasibətlər qurmaq o qədər də asan deyil. Dağlıq Qarabağ məsələsinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlxalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir. Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Onu azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Amma sonda Qarabağ münaqişəsı öz həllini tapmalıdır. Məhz buna görə də Belçika mübarizə aparır və bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir”.
Sonda çıxış edən Azərbaycan XİN-in İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov bildirb ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşəbbüsü ilə belə bir kitabın nəşr olunması çox vacibdir.” Milli məclisin deputatı Zahid Oruc da belə bir kitabın nəşrində, Azərbaycanın Avropaya inteqrasiyasında deputat Elxan Süleymanovun rolunu xüsusi vurğulayıb.