Azərbaycan Avronest PA-nın Bakı sessiyasına tam hazırdır
19 mart 2012-ci il
Azərbaycan Avronest Parlament Assambleyasının Bakı sessiyasına tam hazırdır. Bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, Bakı sessiyası Milli Məclisdə keçiriləcək və mötəbər toplantı Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən açılacaq.
Elxan Süleymanov qeyd edib ki, Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlər təklif edilmiş əlavə və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul ediləcək. Siyasi məsələlər komitəsində həmməruzəçi millət vəkili Əli Hüseynli, Enerji təhlükəsizliyi komitəsində həmməruzəçi millət vəkili Rasim Musabəyov olacaq.
Süleymanovun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarovun Siyasi məsələlər komitəsinin, sənaye və energetika naziri Natiq Əliyevin Enerji təhlükəsizliyi komitəsinin, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın İqtisadi inteqrasiya komitəsinin və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin isə Sosial məsələlər komitəsinin iclasında çıxış etmələri haqqında razılıq əldə edilib.
Süleymanov eyni zamanda məlumat verib ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin və ya vitse-prezidenti Elşad Nəsirovun və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlovun Enerji təhlükəsizliyi komitəsinin, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Siyasi məsələlər komitəsinin, İdman və gənclər naziri Azad Rəhimovun isə Sosial məsələlər komitəsinin iclasına dəvət edilmələri barədə Azərbaycan tərəfinin təklifi müsbət qarşılanaraq qəbul edilib.
Süleymanov bildirib ki, Avronest PA-nın Bakı sessiyası zamanı bir sıra yeniliklər tətbiq ediləcək.
“Belə ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək. Bunun üçün səsvermədə iştirak edəcək Avropa Parlamenti üzvləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər. Bununla yanaşı, Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək. Artıq internet saytının hazırlanması son mərhələdədir və yaxın günlərdə istifadəçilərin ixtiyarına veriləcəkdir”, – millət vəkili deyib.