AŞPA-nın yay sessiyası başlayır

20 iyun 2012-ci il

İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. Sessiyada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Bu barədə məlumatı parlamentdən veriblər.Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.

Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrı-seçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. /bizimxeber.az/

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları