AŞPA monitorinq komitəsinin növbəti yığıncağı keçirilib
Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti yığıncağı keçirilib.
SalamNews-un məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov yığıncaq ilə bağlı deyib ki, komitə cari ilin sentyabr ayının 4-də Nazirlər Komitəsinin (NK) demokratiya üzrə Məruzəçilər Qrupu ilə fikir mübadiləsi aparıb. Bu fikir mübadiləsindən sonra komitə üzvləri arasında keçirilən müzakirələr zamanı Monitorinq Qrupunun işinin ardıcıllığını təkmilləşdirməyə və strategiyaları uyğunlaşdırma vasitələrini müəyyənləşdirilməyin zəruriyyətinə dair ümumi razılıq əldə edilib. Komitə üzvlərinin fikrincə, NK və Məruzəçilər Qrupu AŞPA-nın monitorinqinə dair qətnamələrində qeyd olunan nöqsanlara ciddi diqqət yetirməlidirlər.
Hazırda fəaliyyətdə olan qaydalara əsasən AŞ-ın istənilən üzv dövlətində demokratiyanın vəziyyəti, insan hüquqları və qanunun aliliyi ilə bağlı öhdəliklərin icrası məsələləri baş katib tərəfindən və ya AŞPA-nın tövsiyəsi əsasında NK-nin gündəminə gətirilə bilər. Bu müstəvidə son tövsiyə 2009-cu ildə Serbiya ilə bağlı qəbul edilmiş və ümumilikdə, 1997-2010-cu illər ərzində 88 məruzədən yalnız 35-i tövsiyə ilə müşayiət olunub. Bu səbəbdən Monitorinq Komitəsi 4 sentyabr tarixli yığıncağında hər dəfə AŞPA tərəfindən monitorinq məruzələri müzakirə olunarkən tövsiyə layihəsinin qətnamə layihəsi ilə birlikdə təqdim edilməsi barədə razılıq əldə olunub. Təklif edilən tövsiyənin standart mətni müxtəlif ölkələr üzrə həmməruzəçilərin təklifi əsasında daha spesifik bəndlərlə tamamlana bilər.
Onun sözlərinə görə, yığıncaqda komitə üzvlərindən Luca Volonte ayrıca ölkələrin və onların səfirlərinin tövsiyə fikrini digər ölkələrin məcburi idarəçiliyi kimi hesab etdiyindən ayrı təkliflə çıxış edib. Onun təklifinə görə, hər hansı ölkəyə dair monitorinq məruzəsinin qətnaməsinin təsdiqlənməsindən sonra Monitorinq Komitəsinin, həmçinin AŞPA sədrinin birgə məktubu əsasında təsdiqlənmiş qətnamə Nazirlər Komitəsinə və baş katibə təqdim edilməli və onlardan məruzəçilərlə birlikdə həmin qətnamənin icrasını izləmələri xahiş olunmalıdır.
O bildirib ki, Nazirlər Komitəsinin tövsiyəsi ilə AŞPA tərəfindən qəbul edilən məruzəyə birbaşa nəzarət etməsi Parlament Assambleyasının müstəqil fəaliyyətinə tamamilə zidd olduğundan komitə üzvləri tövsiyə ilə bağlı təklifə etirazlarını bildirib və səsvermə zamanı L.Volontenin təklifi yekdilliklə qəbul edilib.
Komitənin növbəti yığıncağı bununla işini başa çatdırıb.