M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir
Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi davam edir. AVCİYA-dan SİA-ya verilən xəbərə görə, Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub. Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialından 4 nəfər və Şamaxı Humanitar Kollecdən isə iki nəfər finalçılar sırasına qoşulublar.Təşkilat komitəsinin yaydığı məlumata görə, ikinci dəfə keçirilən müsabiqəyə maraq yüksək olub. Yerli ziyalı və müəllimlərin iştirakı ilə birinci mərhələdə keçirilən yoxlama turunda şagirdlərdə nitq qüsurlarının az olması, habelə şeirlərin təkrarlanmaması daha çox diqqəti çəkib. Hazırda birinci turun qalibləri may ayında baş tutacaq final turuna hazırlaşırlar.
Söz Azadlığını Müdafiqə Fondu layihə çərçivəsində Şamaxı Təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə mart ayında seminar keçirib, müsabiqənin gedişi müzakirə edilərək qarşıda duran vəzifələr müəyyən edilib. İki mərhələdə keçirilən müsabiqəyə M.Ə.Sabirin 150 illik yubileyi ərəfəsində yekun vurulacaq.
Xatırladaq ki, müsabiqənin təşkilində əsas məqsəd gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, M.Ə.Sabirin yaradıcılığının tədris prosesində tətbiqinə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla həvəsləndirməkdir. Yekun mərhələdə qalibləri tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə Şamaxıda fəaliyyət göstərən elm adamlarının qatıldığı münsiflər heyəti seçəcək. İkinci dəfə keçirilən müsabiqə qaliblərinə qiymətli hədiyyələr və Fəxri fərmanlar veriləcək.