AŞPA-da siyasi məhbuslar məsələsinə dair qərar qəbul edildi
21 may 2012-ci il
Mayın 21-də Parisdə AŞPA Hüquq məsələləri və İnsan hüquqları Komitəsinin iclası keçirilib. İclasda Komitənin 28 üzvünün “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsinə dair müraciətləri müzakirə edilib. Bu barədə AŞPA-nın qeyd edilən Komitəsinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verib. Millət vəkili bildirib ki, hazırki müzakirələr bütövlükdə Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, siyasi məhbus məsələsi 10 ildən artıq müddət ərzində Avropa Şurasında ciddi müzakirə və mübahisələr obyekti olub. Bu mübahisələrin kökündə isə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri müəyyən olaraq qalması, onun hüquqi meyarlarının müəyyən edilməməsi, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulması durur.
Elxan Süleymanov bildirib ki, aparılan işlər nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngiyib, Azərbaycanda siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edilib. Lakin bəzi qüvvələrin səyləri nəticəsində məsələ yenidən gündəliyə gətirilib, 2009-cu ildə “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” və “Siyasi məhbus anlayışının müəyyən edilməsi” məruzələrinin birləşdirilməsi barədə qərar qəbul edilib, bu məruzələrin hazırlanması isə Kristof Ştrasserə həvalə edilib. Beləliklə, Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşüb. Millət vəkilinin sözlərinə görə, Komitə 2011-ci ilin oktyabr ayında yenidən məsələyə baxıb, məruzənin adının dəyişdirilərək, AŞ üzv dövlətlərində “Siyasi məhbus məsələlərinə yenidən baxılması” adlandırılması barədə qərar qəbul edib. Lakin Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirib. Nəhayət, Ştrasseri təşəbbüsü ilə hüquq məsələləri Komitəsi 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirib. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri “siyasi məhbus” anlayışının meyarlarının olmadığını diqqətə çatdırıblar. Çıxış edən Komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkiblər. Elxan Süleymanov bildirib ki, məsələ ətrafında, yaranmış problemli vəziyyətdən çıxış məqsədilə AŞPA-nın Hüquq məsələləri Komitəsinin 28 üzvü 10 may 2012-ci ildə bu Komitənin sədri Kristofer Çopa və Katibliyə müraciət göndəriblər. Parlamentarilər öz müraciətlərində Komitənin 21 may 2012-ci il tarixdə keçiriləcək iclasında “Siyasi məhbuslar məsələsinə yenidən baxılması” mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş ediblər. Millət vəkili deyib ki, prosedur qaydalarına əsasən məsələ 21 may 2012-ci il tarixli iclasın gündəliyinə daxil edilib. Müzakirələr zamanı çıxış edən Komitə üzvləri öz həmkarlarını məsələ ilə bağlı obyektivlik nümayiş etdirməyə və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olaq üçün Komitə üzvlərinin məruzələrin siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciətini dəstəkləməyə çağırıblar. Səsvermə nəticəsində məruzələrin bölünməsi barədə tarixi qərar qəbul edilib. Elxan Süleymanov bu qərarın qəbul edilməsini eyni zamanda Avropa Şurasına üzv dövlətlərin bir ailədə birləşdiyi Avropa məkanında nəhayət ki, Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirib. Sonda Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən millət vəkili deyib ki, Komitənin bu qərarına əsasən Avropa Şurasında ilk növbədə “siyasi məhbus” anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir. Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri Komitəsinin 21 may 2012-ci il tarixli qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər.