AŞPA-da siyasi məhbuslar məsələsinə dair müzakirələr başa çatmayıb
29 iyun 2012-ci il
AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin 26 iyun 2012-ci ildə Strasburqda keçirilən iclasında almaniyalı məruzəçi Kristof Ştrasserin (Sosialist Qrupu) “Siyasi məhbusların müəyyənləşdirilməsi” və “Azərbaycanda siyasi məhbuslar məsələsinin izlənilməsi”nə dair iki məruzəsi müzakirə edildi. İclasda qeyd edilən məsələlərlə bağlı gərgin və ciddi müzakirələr keçirildi və müzakirələr zamanı bəzən gərginlik yüksək həddə çatırdı. Hesab edirəm ki, uzun illər aparılan mübarizə nəticəsində mümkün olmuş bu müzakirələrin mahiyyətinə aydınlıq gətirmək və müzakirələr zamanı emosiyaların gərginlik dərəcəsini təsvir etmək üçün AŞ çərçivəsində siyasi məhbus məsələsinin xronologiyasına qısaca nəzər salmaq vacibdir.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edildikdən sonra keçən dövr ərzində bu qurumda bəzi qüvvələr mütəmadi olararaq Avropa Şurası üzvlərindən yalnız Azərbaycanda siyasi məhbusların olması kimi qərəzli və qeyri-obyektiv mövqedən çıxış etmişlər. Azərbaycan tərəfi keçən dövr ərzində davamlı şəkildə “siyasi məhbus” anlayışının beynəlxalq-hüquqi təbiətinin qeyri-müəyyən olaraq qaldığını, onun hüquqi meyarlarının müəyyən edilmədiyini, problemlə bağlı Avropa Şurasında üzv dövlətlərin bərabər hüquqlara malik olması prinsipinin pozulduğunu və Azərbaycana qarşı ayrı-seçkiliyə yol verildiyini diqqətə çatdırmışdı. Azərbaycanın səyləri nəticəsində Avropa Şurasında siyasi məhbus məsələsi ətrafında gərginlik 2005-ci ildən səngidi, siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçi mandatı ləğv edildi.
Təəssüf ki, antiazərbaycan mövqedən çıxış edən bəzi qüvvələrin səyləri nəticəsində məsələ 2007-ci ilin sonlarından yenidən gündəliyə gətirildi, 2009-cu ilin mart ayında Kristof Ştrasser “Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi” mandatı ilə Azərbaycan üzrə məruzəçi təyin edildi. Daha sonra Hüquq Məsələləri Komitəsi “siyasi məhbus” anlayışının meyarlarının olmadığını de-fakto etiraf edərək, 2009-cu ilin dekabr ayında “Siyasi məhbus anlayışının müəyyən edilməsi”nə dair ikinci məruzənin hazırlanması barədə qərar qəbul etdi. Təəssüf ki, Hüquq Məsələləri Komitəsi ikinci məruzənin hazırlanması üzrə mandatı da Kristof Ştrasserə həvalə etməklə yanaşı, qeyd edilən hər iki məruzənin birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da Avropa Şurası çərçivəsində siyasi məhbus məsələsi bir deputatın mövqeyindən asılı vəziyyətə düşdü.
Lakin Azərbaycanın səyləri nəticəsində Komitənin 2011-ci ilin oktyabr ayında keçirilən iclasında məsələyə yenidən baxılmasına nail olundu. Komitə məruzənin adının dəyişdirilərək AŞ üzv dövlətlərində “Siyasi məhbus məsələlərinə yenidən baxılması” adlandırılması barədə qərar qəbul etdi. Bu qərarın qəbul edilməsi Avropa Şurasına üzv olan 47 ölkənin hər birində heç bir ayrı-seçkiliyə yol vermədən siyasi məhbus probleminin araşdırılmasını gündəmə gətirsə də, məsələ ilə bağlı Azərbaycana qarşı ayrı-seçkiliyə son qoyulmadı. Belə ki, məruzəçi Kristof Ştrasser “siyasi məhbus” anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirdi.
Qeyd etmək istərdim ki, “siyasi məhbus” anlayışının təyin olunması tələbi Avropa Şurası deputatları tərəfindən dəfələrlə irəli sürülüb, 2007-2010-cu illərdə 9 dəfə Büro meyarlara yenidən baxılması ilə bağlı Komitə qarşısında məsələ qaldırıb.
Hüquq Məsələləri Komitəsi 2012-ci ilin yanvar sessiyası zamanı məsələ ilə bağlı dinləmələr keçirdi. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın hüquq müdafiəçiləri və müzakirələrdə çıxış edən Komitə üzvlərinin əksəriyyəti “siyasi məhbus” anlayışının bütün üzv dövlətlərə şamil edilə biləcək meyarlarının hazırlanmalı olduğunu, üzv ölkələrdə siyasi məhbusların izlənilməsi və “siyasi məhbus” anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkdilər. Komitənin 2012-ci il aprel və may aylarında keçirilən iclaslarında müzakirələr davam etdirildi və nəhayət, 21 may tarixli iclasda məruzələrin bölünməsi haqqında qərar qəbul edildi.
Qeyd etməliyəm ki, Prosedur Qaydalarına görə, Ştrasserin mandatı bu ilin iyun sessiyasınadək bitdiyindən o, məruzələrini iyun sessiyasına qədər təqdim etməli idi. Odur ki, Ştrasserin hazırladığı məruzələr Komitənin 26 iyun tarixli iclasının gündəliyinə daxil edildi. Onu da vurğulamaq istərdim ki, Avropa Şurası deputatlarının “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi və Azərbaycandakı vəziyyətə ədalətli yanaşma qəbul etmək istəklərini nümayiş etdirərək, məsələyə dair açıq və şəffaf müzakirəyə nə dərəcədə hazır olduqlarını aydınlaşdırmaq baxımından 26 iyun iclası mühüm əhəmiyyət kəsb edirdi.
Yuxarıda qeyd edilənlər göstərir ki, Avropa Şurasında indiyə qədər siyasi məhbusların razılaşdırılmış tərifi yoxdur. Hətta BMT və “Amnesty İnternational” kimi digər təşkilatlar bu termini artıq istifadə etmirlər. 26 iyunda kiçik səs fərqi ilə (26 lehinə, 22 əleyhinə) qəbul edilmiş meyarlar göstərir ki, Avropa Şurası daxilində bu vacib məsələyə dair hələ də böyük fikir ayrılığı mövcuddur. Ümumilikdə, əsas qərarlar adətən böyük səs çoxluğu ilə qəbul edilir, lakin aydındır ki, bu dəfə belə olmadı. Bu, məruzəçinin təklif etdiyi meyarların ziddiyyətli xarakterini və nəticə etibarilə, onların şübhəsiz tətbiq edilməsinin çətinliyini göstərir.
Təəssüf ki, məruzəçinin təklif etdiyi meyarlar 2001-ci ildə AŞ baş katibinin təsis etdiyi müstəqil ekpertlər qrupunun apardığı işə əsaslanır, onların təklif etdikləri müvəqqəti xarakter daşıyan meyarları təkrar edir. Xüsusilə vurğulanmalıdır ki, müstəqil ekspertlər BMT-nin missiyasının Namibiyada və sonradan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Cənubi Afrika Respublikasında 20 il əvvəl istifadə etdikləri “Nerqard prinsipləri” əsasında hazırlanmış meyarları tətbiq ediblər. Professor Nerqardın tədqiqatları göstərilmiş ölkələrdə milli barışıq missiyasının tərkib hissəsi idi. Belə ki, həmin dövrdə Namibiya və Cənubi Afrika Respublikasında bu ölkələrin cəmiyyətləri parçalanmış, həmin ərazilərdə milli, irqi zəmində qarşıdurma hökm sürürdü. Avropa Şurası məkanında, o cümlədən Azərbaycanda isə vəziyyət qeyd edilən Afrika ölkələrindəki vəziyyətdən köklü surətdə fərqli olub, cəmiyyətdə parçalanma olmaması səbəbindən milli barışıq missiyasına da ehtiyac qalmayıb. Beləliklə, düşünürəm ki, bu meyarlar çox köhnəlib, dəqiq deyil və Avropa ölkələri üçün tamamilə qeyri-müvafiqdir. Bir çox deputatlar mənim mövqeyimi dəstəklədilər, belə ki, həmin meyarlara görə, qatillər, terrorçular və ekstremistlər siyasi məhbus hesab edilə bilərlər. Ümumiyyətlə, Ştrasserin meyarlarla bağlı məruzəsinin deputatların əksəriyyəti tərəfindən çox səthi, tələsik və bugünkü reallığa cavab verməyən gülünc sənəd olduğu vurğulandı. Hətta bu məruzənin bütövlükdə müzakirələrdən çıxarılması dəfələrlə təklif edildi.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, məruzəçi Azərbaycandakı vəziyyəti izləmək üçün bu meyarlardan istifadə edib. Məruzəçi Azərbaycana dair məruzədə ictimai fikrə Azərbaycanın insanları qeyri-qanuni həbs etdiyi təəssüratını verərək, 89 nəfərdən ibarət siyahını da daxil edib. Lakin onların çoxu artıq həbsdə deyil və digər bir neçəsi Azərbaycanda demokratiyanı zorakı yollarla dəyişmək üçün açıq çağırışlar etmiş təhlükəli ekstremistlərdir. Çox qəribədir ki, demokratiyanın istinadgahı kimi təsvir edilən qurumun məruzəçisi məhz gənc demokratiyamızı devirmək istəyən həmin şəxslərə rəsmi dəstək verir. Bundan əlavə, Ştrasserin məruzəsində Avropa Şurası baş katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri, xüsusilə ağır cinayətlərdə, insan öldürməkdə, terrorçuluqda, insan oğurluğunda, soyğunçuluqda, narkotik istifadəsində və digər təhlükəli cinayətlərdə təqsirləndirilən şəxslərin adları siyasi məhbuslar kimi təqdim edilib və Ştrasserin özünün etiraf etdiyi kimi o, belə bir məntiqdən çıxış etmişdir ki, “belə şəxslərin həbsxanadan buraxılmaları üçün axırıncı şans ola biləcəyinə görə mən bu şəxslərin adlarını ehtimal olunan siyasi məhbusların vahid siyahısı layihəsinə salmışam”.
Qəribədir ki, Ştrasser məruzədə bütün fərdi işlərə, əksəriyyəti milli məhkəmələrimizdə və ya Strasburqda Avropa Məhkəməsində həllini gözləyən məhkəmə işlərinə dair şəxsi bəyanatlar verir. Lakin Avropada ümumi təcrübəyə görə, siyasətçilərin məhkəmə prosesinə müdaxiləsi qəbuledilməzdir. Avropa Şurasına üzv olan heç bir dövlət belə qeyri-demokratik yanaşmanı qəbul etməz.
Biz cənab Ştrasserin qərəzli mövqeyini və məruzələrinin yalnışlıqları və mənfi rəyini Avropa deputatlarına izah etmək üçün çox çalışdıq. Məruzənin həqiqətən ədalətsiz olduğunu görən Qərbi avropalı deputatların çoxu bizə böyük dəstək verdilər, lakin bu, çətin mübarizə idi. Hər iki tərəfdən müzakirələr çox emosional idi. Günün sonunda yalnız 2 səs fərqi (25-23) vardı, bu isə Avropa Şurasında tamamilə müstəsna hal idi, çünki burada bu cür məruzələr həmişə çöx böyük səs çoxluğu, hətta konsensusla qəbul edilir.
Ümumiyyətlə, deputatlar qeyri-obyektiv, mümkün həll yolu təklif etməyən ədalətsiz məruzənin lehinə səs vermələri üçün böyük təzyiq altında idilər. Bu qədər uzağa gedərək, öz həmkarlarını şantaj etmiş bəzi liderlərin bu qərəzli mövqelərini məğlub etmək çətindir. Məruzələri ətraflı oxuyan və bu təzyiqə müqavimət göstərmək üçün kfiayət qədər cəsarəti olanlar sağlam düşüncə və məntiq nümayiş etdirərək bizi dəstəklədilər. Bizi dəstəkləyən deputatların bəziləri onlara edilən təzyiqlər nəticəsində səhər iclasında, bir neçəsi isə günorta iclasında səsvermənin ikinci hissəsində iştirak etməmək məcburiyyətində qaldılar.
Sonuncu məruzə ilə bağlı biz bir sıra səsvermələrdə üstünlük qazandıq. Bu arada rəqiblərimiz və Katibliyin əməkdaşları müzakirədə iştirak etməyən digər üzvlərə zəng etməyə başladılar, neytral qalmış deputatlar edilən təzyiqlər nəticəsində mövqelərini dəyişdilər, bir siyasi qrupun lideri həmin qrupun üzvləri olan deputatlara təzyiq edərək onlara Ştrasserin məruzəsini dəstəkləmək tapşırığı vermişdi, Katiblik tərəfindən səsvermənin saxtalaşdırılması baş verdi. Bütün bu amillər isə səsvermənin gedişatını dəyişdi. Beləliklə, rəqiblərimizin çoxu müzakirədə iştirak etmədən və ya məruzə barədə məlumatlı olmadan, Ştrasserin məruzəsinə səs vermək üçün onları çağırmış siyasi liderin göstərişlərinə kor-koranə əməl edərək, iclasın keçirildiyi kabinetə yalnız səsvermə anında daxil oldular. Şəxsi fikrə yer verilmədi və bir sıra deputatlar təklikdə bizə bildirdilər ki, bizim mövqeyimiz tamamilə düzgündür, ancaq onlar Ştrasseri dəstəkləməsələr, siyasi gələcəkləri təhlükədə olacaq.
Bundan əlavə, qeyd etməliyəm ki, müzakirələr ərəfəsində “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Human Rights House Foundation”, “Freedom Now” və “X index the voice of free expression” kimi nüfuzlu beynəlxalq QHT-lər Komitə üzvlərinə müraciət edərək, onları Ştrasserin məruzələrini dəstəkləməyə çağırmışdılar. Sözsüz ki, müzakirələr ərəfəsində Komitə üzvlərinə belə bir müraciətin ünvanlanması, Azərbaycanla bağlı reallıqların təhrif edilməsi bizim ölkəmizə qarşı təşkil edilmiş kampaniyanın tərkib hissəsi idi və Avropa deputatlarına siyasi təzyiq forması idi. Onu da deyim ki, belə bir müraciət 27 iyun 2012-ci il tarixdə yuxarıda adları çəkilən təşkilatlar tərəfindən sonradan Monitorinq Komitəsinin üzvlərinə də ünvanlandı.
Aydındır ki, bu, demokratik qərar qəbul edilməsinin yaxşı nümunəsi deyildir və Avropa Şurası yeni, nisbətən kiçik üzv dövlətlərini nüfuzdan salmaqda şəxsi marağı olan bəzi siyasi liderlərin şəxsi proqramının ardınca getməməlidir.
Nəhayət, vurğulamaq istərdim ki, siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurası çərçivəsində uzun müddətdir ki, mübarizə gedir, bu müəyyən mənada mövqelər uğrunda mübarizəni xatırladır, şübhəsiz ki, biz mübarizəni davam etdirəcəyik. Misal üçün, müzakirələr zamanı biz cari ilin mart ayında uduzduq, may ayında isə qalib gəldik, yenidən iyun ayında məğlub olduq və indi bir daha oktyabr ayında yekun səsvermədə qalib gəlmək üçün bütün səylərimizi birləşdirməliyik. AŞPA-nın növbəti sessiyasında bunu düzəldə biləcəyimizə inanıram. Bu, bizə bu təkliflərin arxasındakı pis niyyətləri ifşa etməyə və bu məruzələrin bütün üzv dövlətlər üçün neqativ nəticələnəcəyini göstərmək üçün 2-3 ay vaxt verir. İnanıram ki, getdikcə daha çox siyasətçi, daha çox Avropa parlamentariləri Komitənin qərarının Avropa Şurasında son illərdə verilmiş ən pis və mübahisəli qərarlardan biri olduğunu anlayacaqlar. Hesab edirəm ki, sağlam düşüncə və tarazlaşdırılmış mövqelərə çağıran düzəlişlərin hamısı növbəti sessiyada qəbul edilmək üçün real imkana malikdir. Eyni standartlar Qərbi Avropanın qədim demokratiyalarına da tətbiq edilsə, orada həbs edilmiş onlarla insan bu gün dərhal azad edilməli olacaqlar. İndi masada olanı düzəltmək üçün bütün deputatları sağlam düşüncə nümayiş etdirməyə çağıracaq və mətnlər dəyişidirilməzsə, öz ölkələrində üzləşəcəkləri həqiqi risklər barədə xəbərdarlıq edəcəyik.
Beləliklə, biz öz haqlı mübarizəmizi davam etdirəcəyik və inanıram ki, oktyabr ayında keçiriləcək yekun səsvermədə avropalı həmkarlarımız Avropa dəyərlərinə, hüququn aliliyinə hörmət edərək ikili standartlara və Azərbaycana qarşı ayrı-seçkiliyə son qoyulmasına səs verəcəklər.
Elxan Süleymanov, millət vəkili, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları komitəsinin üzvü