Avroparlamentin siyasi məsləhətçiləri millət vəkillərinin dəvəti ilə Azərbaycana gəlir
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə Asnews-a Avronest PA-da Azərbaycan nümayəndə heyətinindən verilən xəbərə görə, artıq qonaqların səfər proqramı da məlumdur. Belə ki, Avroparlamentin məsləhət qrupu noyabrın 2-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovla, Yeni Azərbaycan Partiyası baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlıyla, Azərbaycan Respublikasının Xarici İşlər nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərovla, Avronest nümayən də heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
Səfərin 2-ci günündə nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək və elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı planlaşdırılır.
Səfərin sonuncu günü məsləhət qrupunun yerli müxalifət partiyaları – “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Qüdrət Həsənquliyev, “Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri Fərəc Quliyev, “Böyük Quruluş Partiyası”nın sədri Fazil Mustafayla görüşləri nəzərdə tutulub. Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun da qonaqları qəbul edəcəyi gözlənilir. Qeyd edək ki, Avropa Parlamentinin siyasi məsəhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.