Avroparlamentin Liberallar Qrupundan Ramil Səfərovla bağlı mühüm qərar
Sentyabrın 13-də Avropa Parlamentinin (AP) plenar sessiyasında Ramil Səfərovun işi ilə bağlı təcili qətnamə müzakirəyə çıxarılacaq.
Sessiya ərəfəsində AP Liberallar Qrupunun daxili iclası keçirilib.
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, sentyabrın 11-də keçirilən iclasda AP-nin rumıniyalı deputatı Norika Nikolay Liberallar qrupunun Ramil Səfərovun işi ilə bağlı olan Qətnamə layihəsini imzalamamasını təklif edib. Təklif qəbul edilib və Liberallar Qrupu Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.
“Liberallar hesab edirlər ki, bu qətnamə qeyri-obyektivdir və sənədin heç bir hüquqi əsası yoxdur. Belə ki, bu qətnamə AP Prosedur qaydalarının 122-ci bəndindəki Təcili Qətnamələr adlı tələbə uyğun gəlmir və münaqişə tərəfləri arasında müharibəyə aparan hal kimi qəbul edilə bilər. Liberalların qətnamədən imtina etməsinə qrupun böyük əksəriyyəti səs verib”, – deyə E. Süleymanov bildirib.
E. Süleymanovun sözlərinə görə, liberalların bu qətnamə layihəsini imzalamamaları sənədin bütün siyasi qruplar tərəfindən birgə qətnamə təklifi olmayacağı deməkdir: “Nəticədə Avropa Parlamentinin plenar iclasında səsvermə ucun vahid mətn olmayacaq. Hətta iclasda hər hansı sənəd qəbul edilsə belə, bu, bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola bilər”.