Avropa Şurası əməkdaşlığı inkişaf etdirmək məqsədilə yeni Üzv Dövlətlər üçün yeni monitorinq qaydaları yaradır
Xəbər verdiyimiz kimi, noyabrın 13-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin növbəti yığıncağı keçirilib. Tədbir haqqında aşağıdakı yazı “Wall Street Journal”, “Boston Globe”, “Bloomberg”, Bizjournal.com.inc, “Focus” və digər mətbu orqanlarının və informasiya agentliklərinin rəsmi saytlarında, 200-dən çox resursda dərc olunub.
Avropa Şurası əməkdaşlığı inkişaf etdirmək məqsədilə yeni Üzv Dövlətlər üçün yeni monitorinq qaydaları yaradır
Üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək səyi ilə, çərşənbə günü Avropa Şurası öz institutları arasında əmək bölgüsünü yaxşılaşdırmaq istiqamətini seçərək, monitorinq prosedurunda yeni qaydalar yaratmaq qərarına gəldi.
800 milyon Avropa vətəndaşını təmsil edən 47 üzv dövlətdən təşkil edilən və qitənin insan hüquqları istehkamı olan Avropa Şurası Parlament Assambleyası Nazirlər Komitəsi ilə mütərəqqi əməkdaşlığın mümkün vasitələrini müzakirə etdikdən sonra böyük əksəriyyətin səsi ilə üzv dövlətlər arasında dialoqa zəmin yaratmaq və mənfi hallardan çəkinmək məqsədi daşıyan “Əməkdaşlıq Məktubu”nu qəbul etdi.
Avropa Şurasında yeni üzv dövlətlərin insan hüquqları və demokratiyasının səviyyəsini müşahidə etmək üçün xüsusi monitorinq proseduru mövcuddur. Hazırda 10 ölkə – Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Hersoqovina, Gürcüstan, Moldova Respublikası, Monteneqro, Rusiya Federasiyası, Serbiya və Ukrayna bu cür monitorinq prosesindədir. Bolqarıstan, Monako, keçmiş Yuqoslaviya Makedoniya Respublikası və Türkiyə demokratiya, qanunun aliliyi və insan hüquqlarının qorunmasına tam hörməti təmin etmək məqsədilə monitorinq sonrası dialoqa qoşulublar.
Əvvəllər prosedura uyğun olaraq, Assambleya prosesə daha sonra rəsmi qoşulan Avropa Şurasının icra orqanına – Nazirlər Komitəsinə tövsiyə ünvanlayırdı, bu isə mübahisələr, rəsmi inamsızlıq və administrativ səlahiyyətləri aşma halları yaradırdı. Qaydaya əsasən, indi Nazirlər Komitəsinin iştirakı yalnız könüllü olacaq və onlardan həmməruzəçilər ilə birlikdə “Əməkdaşlıq məktubu” ilə monitorinq məruzəsini izləmək xahiş ediləcək.
“Belə bir qeyri-rəsmi və qeyri-icbari “Əməkdaşlıq Məktubu” yaxşı niyyətlər prinsipindən çıxış edir və müsbət təsirlər yaradacaq”, – deyə Azərbaycanı təmsil edən Elxan Süleymanov bildirdi və indi Azərbaycanla bağlı Qətnamənin mənfi məzmunlu rəsmi Tövsiyə ilə müşayiət olunmayacağına dair əminliyini ifadə etdi.
Müzakirə zamanı Monitorinq Komitəsinin sədri Andres Herkel monitorinq məruzələrinin tövsiyə layihəsi və qətnamə layihəsi ilə müşayiət olunmasına çağırdı. Lakin bu yanaşma üzv dövlətlər tərəfindən təsdiq edilmədi, belə ki, onlar üzv dövlətlər arasında etibar və qarşılıqlı hörmət yaratmaq üçün daha çevik iş metodlarından istifadə etməyi üstün tutdular.
Yalnız 2011-ci ilin oktyabrında Avropa Şurasında Rusiyaya dair monitorinq məruzəsi ilə bağlı fikir ayrılığı yaranmışdı və həmin məruzəni müşayiət edən tövsiyə layihəsi “böyük ölkələr kiçik ölkələrə qarşı və köhnə üzv dövlətlər yeni üzv dövlətlərə qarşı” mövzusunda canlı müzakirədən sonra rədd edilmişdi. Yeni qeyri-rəsmi “Əməkdaşlıq Məktubu”nun dialoq və əməkdaşlığı artıraraq, yeni üzv dövlətlərdəki problemlərin həlli istiqamətində daha konstruktiv mühit yaradacağı gözlənilir.
“Bu gün Parisdə monitorinq aparılan üzv dövlətlər və Avropa Şurası arasında etibar və qarşılıqlı hörmət yaradılması istiqamətində böyük müsbət addım atıldı”, – deyə Süleymanov bildirdi.