Avropa Parlamentinin üzvləri Azərbaycana səfər edəcək
Bakı – APA. Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-11 mart tarixlərində Bakıda səfərdə olacaq. APA-nın xəbərinə görə, Alen Desteks, Dan Yorgensen, Norbert Noyzer və digərlərinin daxil olduğu nümayəndə heyəti dövlət rəsmiləri ilə görüşlər keçirəcək və Ağdama gedərək məcburi köçkün qəsəbəsi ilə tanış olacaq.
Martın 8-də axşam saatlarında Bakıda olacaq parlamentarların Azərbaycan rəsmiləri ilə görüşləri martın 9-da başlayacaq. Qonaqlar ilk olaraq baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcəklər. Daha sonra onları sənaye və energetika naziri Natiq Əliyev qəbul edəcək. Günün ikinci yarısında avropalı deputatlar Milli Məclisin sədri Oqtay Əsədov, kənd təsərrüfatı naziri İsmət Abasov və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşlər keçirəcəklər. Günün sonunda qonaqları xarici işlər naziri Elmar Məmmədyarov qəbul edəcək.
Martın 10-da avropalı parlamentarlar helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcəklər. Onlar məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olacaqlar.