Avropa Parlamentinin siyasi məsləhətçiləri partiya rəhbərləri ilə görüşəcək
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Publika.Az-ın verdiyi xəbərə görə, səfər oktyabrın 31-dən noyabrın 3-dək davam edəcək.
Qonaqlar noyabrın 2-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadovla, Yeni Azərbaycan Partiyası baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlıyla, Azərbaycan Respublikasının Xarici İşlər nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərovla, Avronest nümayəndə heyəti ilə, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
Səfərin 2-ci günündə nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı gözlənilir.
Səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların yerli müxalifət partiyaları ilə – “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Qüdrət Həsənquliyevlə, “Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri Fərəc Quliyevlə, “Böyük Quruluş Partiyası”nın sədri Fazil Mustafayla görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüş baş tutmalıdır.