Avropa Parlamentinin bir qrup deputatı Şamaxıda olmuşdur
1 sentyabr 2012-ci il
Avqustun 30-dan Azərbaycana səfərə gələn Avropa Parlamentinin bir qrup deputatı sentyabrın 1-də Şamaxıda olmuşdur. Parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, Azərbaycan ilə daha ətraflı tanışlıq, respublikada gedən sosial-iqtisadi inkişaf, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri öyrənmək məqsədi daşıyan səfərin iştirakçıları Şamaxıya Milli Məclisin deputatları Elxan Süleymanovun və Qənirə Paşayevanın müşayiəti ilə gəlmişdilər.
Əvvəlcə Şamaxı Diaqnostika Mərkəzində olan qonaqlar burada ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müayinə və müalicə otaqlarına baxmışlar. Onlara ən çətin cərrahiyə əməliyyatlarının aparılması ilə bağlı yaradılmış şərait barədə ətraflı məlumat verilmişdir.
Sonra Avropa Parlamentinin deputatları 743-cü ildə inşa edilmiş, Qafqazda ən qədim və möhtəşəm olan Cümə məscidi, burada Prezident İlham Əliyevin Sərəncamına əsasən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşlar. Onlara 1918-ci ildə erməni daşnakları tərəfindən Şamaxıda törədilən soyqırımı, o vaxt məscidə yığışan 1500 nəfərdən çox dinc insanın – uşaqların, ahılların, qadınların diri-diri yandırıldığı barədə müfəssəl məlumat verilmişdir.
Daha sonra avropalı deputatlar Şamaxıda Şeyxxəndan qəbiristanlığında uyuyan və deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə yenidən bərpa edilən Azərbaycanın tanınmış maarifpərvər şairi S.Ə.Şirvanin abidəsini ziyarət etmişlər. Burada onlara Şamaxıda yaşayıb-yaradan mütəfəkkir şairin həyat və yaradıcılığı barədə ətraflı bilgilər verilmişdir.
Qonaqlarla gələn Belçika parlamentinin deputatı Alain Destexhe mətbuat üçün müsahibə vermiş, bir neçə dəfə Azərbaycana gəldiyini, hər dəfə də böyük inkişafın şahidi olduğunu söyləmişdir.