Avropa Parlamentində Azərbaycanla Dostluq Qrupu yaradılması barədə bəyanat yayımlanıb

16 iyul 2012

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərliyi ilə millət vəkilləri Asim Mollazadə, Qənirə Paşayeva, Azay Quliyev, Fazil Mustafa, Qüdrət Həsənquliyev və Fuad Muradovdan ibarət nümayəndə heyəti 18-20 iyun 2012-ci il tarixlərində Brüsseldə səfərdə olmuşdular. Hər iki tərəf üçün qarşılıqlı fayda kəsb edən bu səfərin nəticəsi olaraq iyulun əvvəllərində Avropa Parlamentinin bir qrup üzvü bəyanatla çıxış etmiş və həmin bəyanatın mətnini AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinə göndərmişdi. Bu barədə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib.

 

Millət vəkili Modern.az-a bildirib ki, səfər zamanı Azərbaycan-Aİ əlaqələrindəki ən son hadisələri müzakirə etmək, Avropa Parlamentinin fəaliyyətini yaxından izləmək məqsədilə müxtəlif görüşlər keçiriblər. Görüşlər zamanı nümayəndə heyətinin üzvləri əsasən Avropa Parlamentinin Azərbaycanla bağlı 24 may 2012-ci il tarixli qətnaməsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparıblar.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə baş tutan səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Parlamentinin üzvləri ilə 33 fərdi görüş, Avropa Parlamentində təmsil edilmiş siyasi qrupların nümayəndələri ilə 3 kollektiv görüş, 2 işgüzar nahar keçirilib və Avropa Parlamentinin Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsinə dair konfransda iştirak ediblər.

Elxan Süleymanovun sözlərinə görə, bütün görüşlərdə, bir qayda olaraq, Azərbaycanın Avropanın bir hissəsi olması, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı məsələlər müzakirələrin  əsas predmeti olub. Eyni zamanda müzakirələr zamanı Avropa parlamentariləri qeyd ediblər ki, ikitərəfli səfərlərin olması Azərbaycan reallıqlarını Avropada daha yaxşı anlaşılmasına yardım edir, bu istiqamətdə AP üzvləri ilə birgə səylər pozitiv inkişafa inam yaradır. Avropalı siyasətçilər Azərbaycanla Aİ əlaqələrinin dərinləşməsinin və əməkdaşlıq sahələrinin genişlənməsinin hər iki tərəf üçün çox vacib olduğunu bildirib, Avropa Parlamentində Azərbaycanın dostları qrupunun sayının çoxaldığının əhəmiyyətini və Azərbaycanın nüfuzunun getdikcə daha da artdığını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycana dair Avropalı siyasətçilərin hələ də tam aydın təsəvvürlərinin olmaması səbəbindən ikitərəfli münasibətlərdə bəzi hallarda gərginlik və nəticədə xoşagəlməz sənədləin qəbul edilməsi praktikasına təsadüf etmək olur. Bunların aradan qalxmasına hər iki tərəf arasında dialoqun intensivləşdirilməsi və qarşılıqlı səfərlərin çoxalması kömək edə bilər. Odur ki, Azərbaycan nümayəndə heyətinin AP-da geniş tərkibdə çoxsaylı görüşlər keçirməsi Azərbaycanın dostlarının ölkəmizin mövqeyini müdafiə etməsi işində çox vacib töhfədir. Görüşlərdə həmçinin Aİ ölkələrində Azərbaycan haqqında geniş məlumat formalaşdırmaq üçün rəsmi əlaqələrdən əlavə vətəndaş cəmiyyəti və mədəniyyət sahəsində, eləcə də elm adamları və KİV nümayəndələri ilə birgə tədbirlərin təşkil olunmasının vacibliyi ön plana çəkilib.

Avropa Parlamentində keçirilmiş görüşlərin təfsilatına toxunan millət vəkili bildirib  ki, AVRONEST PA-nın həmsədri Kristian Vigenin və vitse-prezidentləri Trayan Unqrueanu və Jacek Saryuj-Volski ilə görüşlərdə bu qurumun 2-ci sessiyasının Bakıda bu ilin aprel ayında çox yüksək səviyyədə təşkili, Aİ ilə Tərəfdaş Dövlətlər arasında münasibətlərin inkişafına təkan verilməsində Bakı sessiyasının önəmi bir daha qeyd edilib, buna görə Azərbaycanın siyasi rəhbərliyinə təşəkkür ifadə edilib. Xüsusilə  bu sessiya zamanı qəbul edilən qətnamələr AVRONEST PA-nın güclənməsinə, Aİ-Tərəfdaş ölkələrin əlaqələrinin daha da möhkəmlənməsinə və həmin ölkələrin inteqrasiya prosesində irəlləməsinə kömək etmələri vurğulanıb. Qeyd edilib ki, AP ilə Azəbaycanın Milli Məclisi arasında ikitərəfli münasibətlər AVRONEST PA çərçivəsində gücləndirilməlidir, AVRONEST PA bütün məsələlərin birbaşa müzakirəsi və həlli üçün yaxşı platformadır.

Elxan Süleymanov bildirib ki, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçi xanım deputat Anneli Yaattenmaki ilə görüş zamanı Assosiyasiya sazişinə dair AP-nin qəbul etdiyi aprel qətnaməsinin önəmini vurğulanıb. Müzakirələrin gedişatı zamanı Assosiyasia sazişinə Azərbaycanın ərazi bütövlüyü məsələsini daxil etmək üçün fəallağın artmasının vacibliyi və Azərbaycanı narahat edən digər məsələlərin bildirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətli diqqətə çatdırılıb.

Millət vəkili qeyd edib ki, ümumiyyətlə, səfər zamanı AP-də Avropa Xalq Partiyası qrupunun, Sosialistlər qrupunun, Liberallar qrupunun üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. İşgüzar və səmimi şəraitdə keçən görüşlər zamanı demokratik dövlət quruculuğu, insan hüquqlarına, söz və mətbuat azadlığına hörmətin prioritet olması önə çəkilib, 24 may 2012-ci il Azərbaycanda İnsan hüquqlarının vəziyyətinə dair AP-nin qətnaməsi ilə bağlı narahatçılıq ifadə edilib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Aİ-nin rolunun artırılmasının vacibliyi, münaqişənin həlli ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi Avropa Parlamenti üzvlərinin diqqətinə çatdırılıb.

Elxan Süleymanovun sözlərinə görə, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Avropa Parlamentinə ilk dəfə gerçəkləşən tanışlıq və informasiya mübadiləsi xarakteri daşıyan işgüzar səfər bütün görüşlər zamanı yüksək qiymətləndirilib. Tərəflər narahatçılıq doğuran və digər tərəfdən əməkdaşlıq üçün perspektivli görünən məsələri qeyri – formal, açıq və səmimi şəraitdə müzakirə etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti üzvlərinin açıq və səmimi müzakirələrə hazır olmaları Avropa Parlamentindən olan həmkarlarında etibarlı tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin davam etməsinə inam formalaşdırıb, tərəflər bu yolda meydana çıxacaq hər hansı məsələni dəqiq və operativ həll etmək imkanını əldə ediblər.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin işgüzar və hər iki tərəf üçün qarşılıqlı fayda kəsb edən səfərinin nəticəsi olaraq iyulun əvvəllərində Avropa Parlamentinin bir qrup üzvü Avropa Parlamenti daxilində Azərbaycanla Dostluq Qrupu yaradacaqları barədə bəyanatla çıxış ediblər və yuxarıda qeyd etdiyimiz kimi həmin bəyanatın mətni artıq AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvlərinə göndərilib. Bəyanatda əks etdirilmiş məsələlərin vacibliyini nəzərə alaraq, sənədin mətninin Azərbaycan dilinə tərcüməsini oxucularımızın diqqətinə çatdırırıq:

“AVRONEST PA- da Azərbaycan nümayəndə heyətinə

Avropa Parlamenti üzvlərinin bəyanatı

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərdə son  hadisələrin işığında, biz – Avropa Parlamentinin üzvləri bizim gələcək ümumi səylərimizə razılıq və dəstəyimizi bildiririk.

Biz ticarət və enerji təchizatı münasibətlərində inkişafı, habelə demokratiya sahəsində əməkdaşlıq, insan hüquqlarının qorunması və xarici Avropa regionunda təhlükəsizlik üzrə əməkdaşlığı alqışlayırıq. Azərbaycan Avropa İttifaqının əsas qonşularından biridir və 2012-ci ilin aprelində Bakıda keçirilən Avronest Parlament Assambleyasının sessiyasından sonra biz onun Aİ-yə daha yaxın tərəfdaş və dost kimi daha çox öz oriyentasiyasını əhatə etdiyini bilirik.

Avropa İttifaqı ilə Azərbaycanın 7 ümumi maraq sahəsi vardır ki, paylaşılan dəyərlər və ideyaları inkişaf etdirmək üçün yaxından birgə işləyə bilər, belə ki, Avropa universitetlərində təhsil alan  gənc Azərbaycanlılar və ya Azərbaycanın  zəngin mədəniyyəti və tarixi barədə daha çox məlumat almaq və səfər etmək üçün can atan Aİ-nin gənc vətəndaşlarını misal göstərmək olar. Həqiqətən də, 2012-ci ilin mayında Bakıda keçirilən Evrovision Mahnı Musabiqəsi göstərdi ki, Azərbaycan bizim həyatımızı daha zəngin və optimizmlə dolduraraq beynəlxalq mədəniyyət və əyləncə səhnəsinə dəyərli töhfələr verə bilir.

Biz Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə çox niyyətliyik. Bundan başqa, Avropa ilə Aİ həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyində əsas rol oynaya bilər və oynamalıdır və Cənubi Qafqazda davam etməkdə olan sülh inkişaflarının qarşısını almaq məsələsinə son qoymağa kömək edə bilər və bilməlidir. Bu açıq problem regional sabitliyə və minlərlə qaçqın və məcburi köçkünlərin çətin imtahanının uzadılmasına daimi təhlükə təşkil edir. Bu, beynəlxalq hüququn pozulmasına bir ifadədir.

Parlamentin Yaattenmakinin Azərbaycanla bağlı qəbul etdiyi Assosiasiya Sazişinin qəbulundan sonra Avropa Parlamenti Azərbaycana və dünyanın digər hissəsinə bütün sahələrdə dərin əməkdaşlıq etmək marağımız barədə güclü və açıq siqnal göndərdi və biz bununla sizə elan edirik ki, biz AP daxilində Azərbaycanla Dostluq Qrupu yaradacağıq.

Xahiş edirik, bizim isti və dostcasına xoş arzularımızı qəbul edin,”

İmzalar (Cəmi 52 imza).

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov sonda Avropa Parlamentinin bir qrup üzvü tərəfindən qəbul edilmiş bəyanatı və bəyanatda qeyd edildiyi kimi Avropa Parlamenti daxilində Azərbaycanla Dostluq Qrupu yaradılmasını yüksək qiymətləndirib. O, artıq bəyanatı  imzalamış Avropa parlamentarilərinə təşəkkür məktubu ünvanladığını, həmin məktubda Avropa Parlamentindəki dostlarımıza inandığımız kimi AP-dəki dostlarımızın da Azərbaycandakı dostlarına arxalana biləcəyini bildirdiyini vurğulayıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları