Avropa Parlamentində təcili qətnamənin təhlili
Avropa Parlamentinin 9 sentyabr 2015-ci ildə qəbul etdiyi qərəzli anti-Azərbaycan qətnaməsi ölkə ictimaiyyətində ciddi etirazlarla qarşılanıb. Qətnamənin qəbulu sırf onun mətninin qərəzli və qeyri-obyektiv xarakterli olması ilə yanaşı bir çox daha böyük və düşünülmüş proseslərlə müşayət olunub. Bu proseslər bu və ya digər formada Azərbaycan Respublikasının milli maraqları ilə bağlıdır və dövlətimizə qarşı başlanmış genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin
rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin qəbul etdiyi qətnamə kontekstində
qeyd edilən proseslərin qısa təhlilini təqdim etmişdir və biz həmin təhlili
oxucuların diqqətinə çatdırırıq.
·Avropa İttifaqının demokratik ürəyi olan Avropa Parlamentində bu və
ya digər məsələyə görə dəstək qazanmaq uğrunda mübarizə gedir. Ötən bir neçə il
Azərbaycan üçün çox gərgin keçmiş və ölkə hər zaman müzakirə mövzusu olmuşdur.
AP-də tərəflər
·AP-də bütün siyasi qrupları və bir çox ölkələri təmsil edən çoxlu
sayda deputatlar bir tərəf kimi Azərbaycanla dostluq, əməkdaşlıq və anlaşmanı dəyərləndirir.
Onlar Azərbaycan ərazilərinin işğalı problemini anlayır və çox zaman ölkəyə kömək
edən strategiyalar irəli sürməyə çalışır. Onlar eyni zamanda Azərbaycanın
Avropa üçün mühüm iqtisadi, işgüzar və turizm potensialına dəyər verir.
·Bu ilk düşərgə Brüssel və Strasburqda mədəni əməkdaşlıq, Ermənistanın
Azərbaycan ərazilərini qanunsuz ilhaq etməsinə dair konfrans və tədbirlər təşkil
edən və Azərbaycanla əməkdaşlığın davam etdirilməsini nəzərdə tutan bütün qanunverici AP sənədlərinin və ya
Xarici Əlaqələr Komitəsində ölkəyə dair proqres məruzənin lehinə səs verən deputatlardır.
·Lakin anti-Azərbaycan proqramı yürüdən yaxud sistemli kampaniyalarda
Azərbaycana qarşı yayılan əsassız iddialara, yalana və yanlış məlumatlara
inanmağı üstün tutan AP deputatları da var. Hər dəfə bu və ya digər şəxsin həbs
edildiyini eşitdikdə və bu həbs qərarı əsaslı sübut və konstitusiya qanunlarına
tam riayət edilməklə verildikdə belə, Azərbaycana qarşı kampaniya aparan və
hücum edən AP deputatları da var. Qanunverici aktlar qəbul edə bilməyən bu AP
deputatları bunu çıxışlar və vaxtaşırı insan
hüquqlarının iddia edilən pozulması hallarına dair təcili, qeyri-qanunverici qətnamələr vasitəsilə
edir. Bu qətnamələr qeyri-məcburi bəyanatlar toplusudur və digər Avropa
institutları və Avropa ölkələri onu nəzərə almağa yaxud qəbul etməyə məcbur
deyil.
·Azərbaycana qarşı olan tərəf hər zaman Azərbaycana “faktaraşdırıcı
missiyalar” təşkil etmək istədiyini iddia edir, məsələn, onlar bu missiyalardan
birini İnsan Hüquqları Alt Komitəsi üçün 2016-cı ilin əvvəlinə planlaşdırır.
Lakin onların həmişə pasport yaxud viza ilə əlaqədar problemləri ortaya çıxır,
beləliklə, sonradan onlar Azərbaycan hakimiyyəti tərəfindən təqib edildiklərini
iddia edirlər.
Seçkilər
·Bundan əlavə, böyük maraq göstərmədən, yalnız mənsub olduğu siyasi
qrupun yolu ilə gedərək, məsələyə səs verən bitərəf AP deputatları da var.
Lakin bu kimi AP deputatları 2013-cü il prezident seçkilərində Azərbaycana gələrək,
olduqca müsbət hesabat verdilər. Həmin AP deputatları ölkənin demokratik
xarakterində müsbət irəliləyişlərin olduğunu qeyd etdilər və seçkilərin demokratik,
şəffaf və azad keçirildiyini təsdiqlədilər. Onlar bunu, Azərbaycana qarşı tərəfin
seçkilərdən əvvəl və sonra göstərdiyi təzyiqlərə baxmayaraq, etdilər. Azərbaycanı
dəstəkləməyə cəsarət etdikləri üçün onların bəzisinə hətta mətbuatda hücum
edilmişdi!
·Bu səbəbdən lüzumsuz təcili qətnamələr vasitəsilə və Avronest
Parlament Assambleyası kimi qurumlar çərçivəsində yalnız Azərbaycana hücum etmək
marağında olanlar anladılar ki, Avropa Parlamenti 2015-ci ildə yenidən nümayəndə
heyəti göndərsə, həmin nümayəndə heyəti yalnız insan hüquqları yaxud demokratik
qanun pozuntularının olmadığını və ölkədə vəziyyətin normal olduğunu görəcək.
Onlar 2015-ci ilin iyun ayında Bakıda keçirilən Avropa Oyunlarına dair müzakirə
vasitəsilə bir daha ölkəyə hücum etməyə cəhd göstərdilər, lakin hər hansı mətn
yaxud qətnamə qəbul edə bilmədilər. Beləliklə, onlar 2015-ci il noyabr seçkilərində
AP-nin Azərbaycana seçki müşahidə missiyası göndərməsinin qarşısını aldılar.
·Buna baxmayaraq, aydın işarələr var ki, Azərbaycanda demokratik və
azad seçkiləri müşahidə etməyə qoyulmuş bu görünməmiş qadağaya baxmayaraq, bir
çox AP deputatları hələ də ölkəni çox dəstəkləyir. Strasburqda anti-Azərbaycan
lobbisinin Azərbaycana qarşı irəli sürdüyü digər təcili qətnaməyə dair bugünki
səsvermənin nəticəsi də bunu göstərir.
Qətnamə
·Avropa institutlarında Azərbaycana qarşı uzunmüddətli kampaniya 2014-cü
ildə başlamış və ölkədə insan hüquqlarının pozulması hallarına dair bir sıra
iddialar və qanunsuz həbs və hökmlərə yönəlmişdi. Avropa Parlamenti son dəfə
2014-cü ilin sentyabrında Azərbaycanı ittiham edən təcili qətnamə qəbul
etmişdi, beləliklə, 2015-ci ilin sentyabr ayında bunun bir ili tamam olur və
anti-Azərbaycan lobbisinin bir daha hər il qəbul etdiyi həmişəki təcili, qeyri-qanunverici qətnamə irəli sürməsinin
vaxtıdır.
·Qeyd etmək lazımdır ki, kampaniyaya anti-Azərbaycan lobbisinin mühüm
logistika və maliyyə səyləri də daxil idi. Hər ay təşkil olunan iki konfrans, saysız-hesabsız
məruzə və məktubların hamısında presedent hüququn hallarından istifadə etməklə,
əsaslı sübut olmadan insan hüquqlarının pozulması hallarının baş verdiyi iddia
edilirdi. Lakin kampaniya Avropa Parlamentində Azərbaycanın imicinə xeyli xələl
gətirdi.
·AP təcili qətnaməsinin əsasını həqiqətə uyğun olmayan, yanlış, yoxlanılmamış və saxtalaşdırılmış faktlar təşkil edir. Misal üçün, qətnamənin E bəndi əsassız olaraq və
ümumi şəkildə heç bir fakt göstərilmədən iddia edir ki, çoxlu sayda jurnalist
və vətəndaş cəmiyyəti fəallarının sərbəst hərəkət etmə hüququ məhdudlaşıb və ya
F bəndində iddia olunur ki, güya 2006-cı ildən Bakının mərkəzində mitinqlərin
keçirilməsinə tam qadağa qoyulub. RATİ-nin sədri Emin Hüseynov olmasına
baxmayaraq, G bəndində, tam yanlış olaraq, mərhum jurnalist Rasim Əliyev bu
qurumun sədri adlandırılır. Qətnamədə faktların təqdim edilməs ilə bağlı
çoxsaylı saxtakarlıqlar vardır. Qətnamənin xarakteri, faktların təqdim edilməsi
metodları və hadisələrin təhrif edilməsi göstərir ki, qətnamə müəllifləri
seçkilər qabağı anti-Azərbaycan kampaniyasının genişlənməsinə nail olunması
üçün saxtakarlığa yol verməkdən belə çəkinmirlər.
·Adətən bu qətnamələrə dair səsvermələr AP sessiyasının tam sonunda,
çox az sayda AP deputatının səsverməyə qaldığı bir vaxtda keçirilir, çünki bu qətnamələrə
maraq azdır. Bu səbəbdən həmin qətnamələr adətən asanlıqla qəbul edilir, çünki yalnız
bu sənədlərin qəbul edilməsində maraqlı olan az sayda AP deputatı səsvermədə
iştirak edir. Lakin planlaşdırmada fərq olduğundan, bu dəfə irəli sürülən qətnamə
iclas zalında AP deputatlarının çox olduğu bir vaxtda keçirildi və səslər say
etibarilə bir-birinə həmişəkindən daha yaxın idi.
·Qeyd etmək lazımdır ki, bütün
siyasi qruplardan olan AP deputatlarının heç də hamısı Azərbaycana
hücumu dəstəkləmədi. Bütün qruplarda bu məsələni gündəlikdən çıxarmaq, düzəlişlər
və çıxışlar üçün əvvəlkindən daha çox cəhdlər edildi. Bir çox AP deputatı bildirdi
ki, bu, AP-nin Azərbaycanla əməkdaşlığa yaxud danışıqlar aparmağa maraq göstərmədiyinə
dair yanlış təəssürat yarada bilər. Bir çox digərləri daha çox dəlil tələb
edirdi. Beləliklə, anti-Azərbaycan lobbisi bu qətnaməni plenar iclasın gündəliyinə
salmaq məqsədilə bütün resurslarından istifadə etməli idi.
·İstənilən halda bu, bütün siyasi qruplar tərəfindən imzalanmamış mətn idi. EPP səsə qoyulan
mətni imzalamadı, beləliklə, əslində təcili qətnamə Avropa Parlamentini deyil, yalnız sənədi imzalamış siyasi
qrupların bir hissəsini təmsil edir (hətta bu da daxili iclaslardakı xeyli
etirazlardan sonra baş verdi).
·Parlamentdə ən böyük qrup olan EPP anti-Azərbaycan düşərgəsinin qətnamədə
irəli sürdüyü siyasi ittihamları reallıqla qarışdırmağı yanlış hesab etdi. Onlar
eyni zamanda hesab etdilər ki, Azərbaycandakı problemləri həll etməyin ən yaxşı
yolu daha çox proqram, görüş və dərin tərəfdaşlıq vasitəsilə hökumətlə əməkdaşlıq
və danışıqlar aparmaqdır. EPP-dəki AP deputatları liberal, sosialist və ya
mühafizəkar qrupdakı AP deputatları ilə birlikdə bildirdi ki, Azərbaycana qarşı
olan tərəfin hərəkətlərinə görə Avropa İttifaqı daha da zəifləyir və öz
maraqlarına xələl gətirir.
·Sonda səslərin sayı çox yaxın
idi, belə ki, 365 nəfər qətnamənin lehinə, 202 nəfər əleyhinə səs verdi, 72 nəfər isə bitərəf qaldı.
Bu isə faktiki olaraq qətnaməyə etiraza dəlalət edirdi, çünki 365 AP deputatı tənqidi
təcili qətnamənin lehinə səs versə də, 274 deputat onu dəstəkləmədi Bu, belə
tipli son qətnaməyə etiraz edən AP deputatlarının az qala onda birini göstərən
rəqəmdir.
Nəticələr
Anti-Azərbaycan
lobbisi Azərbaycana qarşı güclü təsirini itirmək istəmir, bu səbəbdən noyabr
seçkilərinə seçki müşahidə missiyasının göndərilməsinin qarşısını almağa müvəffəq
oldu. Anti-Azərbaycan lobbisi artıq mənfi fikirlərini bildirməyə və hələ baş
verməmiş hadisələr haqqında yalanlar yaymağa başlayıb. Aydındır ki, onlar artıq
Azərbaycanı mühakimə ediblər və bu lobbinin qərəzli və yanlış fikirləri artıq həqiqətən
nəzərə alınmamalıdır.
Son qətnamənin
qəbul edilmə forması, əvvəlki qətnamə ilə müqayisədə daha az səs fərqi, ən böyük siyasi qrup tərəfindən deyil, siyasi
qrupların yalnız bir hissəsi tərəfindən imzalanması anti-Azərbaycan tərəfinin
ümidsizliyini açıq-aydın göstərir. Onlar bizə hücum üçün hər vasitədən istifadə
etməyə çalışır və bu təcili qətnamə onların ən qeyri-münasib və məntiqsiz sənədi
idi. Onlar hər il bir sənəd qəbul edir, lakin qətiyyən heç nə baş vermir.
Onlar
bu dəfə daha çox uğursuzluqla qarşılaşdı. Fərqli saatda baş tutan səsvermə demək
olar ki, onların planını pozdu, belə ki, AP-nin Xarici Əlaqələr Komitəsinin EPP-dən
olan sədri Elmar Brok hətta məsələnin gündəlikdə olduğunu görüb, gündəlikdən çıxarılmasını
təklif etdi. Məsələnin gündəlikdə qalmasının yeganə səbəbi Marietye Şaake
(Niderland, ALDE) yaxud Ulrike Lunaçek (Azərbaycana qarşı uzunmüddətli təşviqatçı,
Avstriya, Yaşıllar) kimi anti-Azərbaycan mövqeli AP deputatları tərəfindən
aqressiv formada dəstəklənməsi idi. Bu, Azərbaycana hücumu davam etdirə bilməyin
yeganə yolu idi: aqressiv və geniş yanlış məlumatlandırma kampaniyası.
Ən mühüm məqam ondan ibarətdir ki, Avropa
Parlamenti tarixində ilk dəfə olaraq deputatların 43%-i insan hüquqları ilə
bağlı qətnamənin əleyhinə səs verdi. Bir qayda olaraq, insan hüquqları həssas və
daim ictimaiyyətin diqqət mərkəzində olduğundan, bu rəqəm adətən 5-10%-dən yüksək
olmur. Adətən belə qətnamələrin mütləq səs çoxluğu ilə qəbul edildiyini nəzərə
alaraq, bu səsvermənin nəticəsi Azərbaycanda insan hüquqları məsələsi ilə bağlı
AP-də ciddi fikir ayrılığı və siyasi parçalanmanın sübutudur. Əvvəlki səsvermələrlə
müqayisədə, bu dəfə Avropa Parlamentinin ən böyük siyasi qrupu olan sağ yönümlü
Avropa Xalq Partiyası Azərbaycana qarşı çıxmaqdan imtina etdi. Buna görə də
anti-Azərbaycan lobbisinin güclü olmasına baxmayaraq, Azərbaycan yönümlü tərəfdə
də aydın irəliləyiş müşahidə olunur.
Qeyd
etmək lazımdır ki, bir neçə AP deputatı səsvermədən əvvəlki müzakirədə Azərbaycanın
həqiqi problemlərini və Avropa İttifaqının ona kömək etməsinin zəruriliyini
qeyd etdi: ərazilərin Ermənistan tərəfindən qanunsuz işğalı, Ermənistanın
davamlı təhdidi, məcburi köçkünlər və qaçqınlar. Digərləri də bildirdi ki, Azərbaycan
ən inkluziv, demokratik və tolerant müsəlman dövlətidir və dünyanın digər hissələrindəki
bir çox problemlər burada yoxdur.
Həqiqət
budur ki, anti-Azərbaycan tərəfi təcili sənədlər, hücumlar və seçkiləri müşahidə
etməkdən imtinası ilə öz nüfuzuna xələl gətirir. O, Avropa Parlamentinin
mövqeyini və hörmətini zəiflədir və onun tərəfdaşlığının əhəmiyyətini azaldır.
Lakin ümidvarıq ki, onların fikrini bölüşməyən bir çox digər AP deputatlarının
fəaliyyəti və dostluğu vəziyyəti yaxşılaşdıra biləcək.
Elxan
Süleymanov