Avropa Parlamenti üzvləri Azərbaycanda səfərdədir
Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayət edir
Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun dəvəti ilə Avropa Parlamenti üzvlərindən ibarət nümayəndə heyəti 8-9 iyul 2013-cü il tarixlərində Azərbaycanda səfərdədir. BayMedia-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində Mario David (Portuqaliya), Rəşida Dati (Fransa), Filip Kaçmarek (Polşa), Elena Antonesku (Rumıniya) və keçmiş deputat Jorge Morgado təmsil olunur. Nümayəndə heyətini Belçika federal parlamentinin deputatı Alain Desteks müşayət edir.
Azərbaycana səfəri zamanı Avropa Parlamentinin deputatlarının Azərbaycan Prezidenti Administrasiyasında, Xarici İşlər Nazirliyində, Sənaye və Energetika Nazirliyində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşləri keçirilməsi nəzərdə tutulub. Nümayəndə heyətinin üzvlərinin Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri üçün yaradılmış şəraitlə tanışlıq səfəri və helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə baxış keçirmələri gözlənilir.
Avropa Parlamentinin deputatlarının ölkəmizə səfəri onlar tətəfindən Azərbaycanın problemləri ilə yaxından tanış olmalarına və ölkəmizə davamlı siyasi dəstək vermələrinə xidmət edəcək.