Avronest Parlament Assambleyasının həmprezidentləri Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbərinə məktub göndəriblər
30 aprel 2012-ci il
Avronest Parlament Assambleyasının həmprezidentləri Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanova məktub göndəriblər. APA-nın məlumatına görə, Assambleyanın həmprezidentləri Kristian Vigeninin və Boris Tarasyukun imzası ilə göndərilmiş məktubda Bakıda aprelin 2-dən 4-dək keçirilmiş Avronest PA-nın ikinci plenar sessiyasının təşkilinə göstərilmiş dəstəyə görə minnətdarlıq ifadə olunub. Məktubda bildirilib ki, bu tədbir Avropa Parlamentinin fəaliyyət məkanlarından kənarda keçirilən ilk sessiya olsa da, çox uğurlu və səmərəli keçib.
«Siz yalnız sessiyamızın keçirilməsi üçün məkan seçiminə qərarı asanlaşdırmadınız, həm də hər iştirakçıların özünü rahat hiss etməsi üçün həmin tədbirlə əlaqədar bütün təfərrüatlarla şəxsən məşğul oldunuz. Milli Məclisin xidmətləri vasitəsilə bütün iştirakçıların burada olduqları müddətdə nəqliyyatdan təhlükəsizliyə kimi ən yaxşı və təhlükəsiz logistika şərtlərini təmin etdiyinizə görə təşəkkür edirik», – deyə məktubda bildirilib.
Məktubda qeyd olunub ki, iclasda qəbul edilmiş qətnamələr Avropa Parlamentinin prezidentinə, Şuraya, Komissiyaya, Komissiyanın vitse-prezidentinə, Avropa Xarici Fəaliyyət Xidmətinə, AB-yə Üzv Dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə və parlamentlərinə ötürüləcək.