Avronest Parlament Assambleyasının Bakı sessiyasında tətbiq olunacaq yeniliklər açıqlanıb

28 mart 2012-ci il

Avronest Parlament Assambleyasının Bakı sessiyasında bir sıra yeniliklər tətbiq olunacaq. Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov çərşənbə günü Trend-ə bildirib ki, ilk dəfə olaraq qurumun Bakı sessiya zamanı elektron səsvermədən istifadə ediləcək.

Onun sözlərinə görə, bunun üçün səsvermədə iştirak edəcək Avropa parlamentariləri və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin üzvləri xüsusi kartlarla təmin ediləcəklər.

Süleymanov deyib ki, həmçinin Avronest PA-nın Bakı sessiyasına həsr olunmuş internet saytı fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, 2 apreldə Avronest PA-nın ikinci plenar sessiyası Bakı şəhərində Milli Məclisin binasında öz işinə başlayacaq və sessiya 4 aprelə qədər davam edəcək.

Sessiya zamanı daimi komitələrin və Belarus üzrə İşçi Qrupun iclasları, həmçinin qurumun plenar iclası keçiriləcək. Bakı sessiyası zamanı Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul edilməsi gözlənilir.

Bakı sessiyasında Avronest PA-nın Avropa İttifaqı komponentindən olan 60 nəfərlik heyəti, Şərq Tərəfdaşlığı ölkələri Ukrayna, Gürcüstan, Moldova və Ermənistanın milli nümayəndə heyətləri tam tərkibdə, hər heyətdə 10 nəfər olmaqla iştirak edəcək. Bakı sessiyasında, həmçinin Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Polşa senatoru Norbert Obrycki iştirak edəcəklər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları