Avronest PA-nın Yerevanda keçiriləcək sessiyasında iştirak etməyəcəyik

11 fevral 2015-ci ildə Strasburqda Avronest PA-nın Büro iclası keçiriləcək. İclasda bir sıra məsələlərlə bərabər qurumun 4-cü plenar sessiyasının gündəliyinin layihəsi müzakirə ediləcək. Avronest PA-nın 4-cü sessiyası 16-18 mart 2015-ci ildə Yerevanda keçiriləcək və bu barədə qərar 2014-cü ildə Büro tərəfindən qəbul edilmişdir. 

Qeyd etməliyəm ki, Azərbaycan nümayəndə
heyəti 2011-2014-cü illərdə davamlı şəkildə Büro iclaslarında Avronest PA-nın sessiyalarının,
Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest
PA-ya həmsədrliyinə qəti etiraz edib. Azərbaycan nümayəndə heyəti öz bəyanat və
açıqlamalarında vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad
edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında qalması nəticəsində
Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr
tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest
PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsi və
Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi yolverilməzdir. Azərbaycan nümayəndə
heyəti eyni zamanda birmənalı şəkildə Ermənistanda keçiriləcək sessiyaların və
iclasların işində iştirak etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın
plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin
qəti etirazlarına baxmayaraq qəbul edilib.
Diqqəti çəkən məqam ondan ibarətdir ki,
Avronest PA-nın 4-cü sessiyası Yerevanda qondarma erməni soyqırımının 100
illiyi ərəfəsində keçiriləcək. Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən
qondarma erməni soyqırımının təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə
doğurmur.
Xüsusilə vurğulamaq istərdim ki, Ermənistanın
Gömrük İttifaqı Sazişini imzalaması və Avrasiya İqtisadi Birliyinə üzv olması
faktına baxmayaraq, Avronest PA nəinki ona münasibət bildirməmiş, hətta yaranmış
vəziyyəti müzakirə etməmişdir. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar
sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara daxil olmaq
haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi anlamına gəlir. Bu isə Avronest
PA-nın Yerevanda keçiriləcək sessiyası gedişatında Ermənistanın öz maraqlarına
uyğun istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir. Digər tərəfdən,
sessiyanın Yerevanda keçirilməsi Ermənistan tərəfinə qondarma erməni
soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün əlavə imkanlar yaradır.
Biz dəfələrlə, digər beynəlxalq təşkilatlarda
olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti
həyata keçirilməsinin şahidi olmuşuq. Çoxsaylı səylərimizə baxmayaraq, Avronest
PA-nın nə komitə iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın
20% Azərbaycan ərazisini 23 ildən artıq müddət ərzində işğal altında saxlaması faktının
müzakirə edilməsi mümkün olmamışdır. Biz hər dəfə Avronest PA-nın Dağlıq
Qarabağ və işğal edilmiş digər ərazilərin problemini həll edə biləcək təşkilat
olmadığı barədə bəyanatla üzləşmişik.
Məlumdur ki, Krım yarımadasının
Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı
toqquşmalar fonunda bir sıra aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar,
o cümlədən Avropa İttifaqı tərəfindən Ukraynaya yüksək səviyyəli dəstək nümayiş
etdirilir. Lakin əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana
da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilərək işğalçı Ermənistana
sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbini irəli
sürməyimizə baxmayaraq, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin
qarşısı qəti şəkildə alınmışdır.
Beləliklə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı
proqramı çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər beynəlxalq
təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında saxlayır və onu Azərbaycana
qarşı həyata keçirmiş olduğu təcavüz cinayəti əməllərinə görə hər hansı
sanksiyalardan və məsuliyyətdən sığortalamağa çalışır.
Eyni zamanda, Avronest
PA 4-cü sessiyasını qondarma erməni soyqırımı iddialarının 100 illiyi ərəfəsində
Yerevanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti arasında
yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş olur.
Maraqlıdır ki, sərsəm erməni soyqırımına
faktiki dəstək verən bu qurum nəzərə almır ki, bu qondarma iddiaların 100
illiyini qeyd etməyə hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq, azərbaycanlılara
qarşı soyqırım cinayətləri törətməyə başlamışdır və artıq 110 ildir ki, ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətləri davam edir.

    Nəhayət, bir daha vurğulamaq istərdim ki,
Azərbaycan nümayəndə heyəti öz mövqeyində israrlıdır və biz Yerevanda keçiriləcək
sessiyada iştirak etməyəcəyik.
 
Elxan Süleymanov,
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları