Avronest PA-nın komitəsinin növbəti hesabatında Dağlıq Qrabağla bağlı məsələ əksini tapacaq
4 aprel 2012-ci il
Avronest PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionda təhlükəsizliyin qarşısında duran təhdidlər öz əksini tapacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Avronest Parlament Assambleyasının Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədri Kristian Vigenin bildirib.
“Burada Daqlıq Qarabağla yanaşı, Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Parlament Assambleyası olaraq biz çalışırıq ki, tərəflər arasında etibar, inam yaradaq”, – o deyib.
Avronestin münaqişənin həlli ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığını bildirən Vigenin eyni zamanda qeyd edib ki, gələcəkdə qurumun hər hansı hesabatlarında bu münaqişə ilə bağlı məsələnin əks olunacağını istisna etmir.
Vigenin əlavə edib ki, Avronestin Bakıda keçirilən iclası zamanı qurumun münaqişələrlə bağlı tövsiyələrinin hazırlanması üzrə ümumi razılığa gəlinib.
“Biz bu tövsiyələrin yerinə yetirilməsi ilə bağlı qiymətləndirmə formasını da hazırlayacağıq və bundan sonra hər bir parlamentin Avronestin qərarlarına nə dərəcədə əməl etdiyi qiymətləndiriləcək”, – o deyib.
Digər həmsədr Boris Tarasyuk Avronest adından deyil, Ukrayna dövlətinin mövqeyini qeyd edərək bildirib ki, Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıdır.