Avronest PA-nın həmsədri Kristian Vigennin: “Azərbaycana təkcə texniki hazırlığa görə deyil, həm də siyasi şərait yaratdığına görə təşəkkür düşür”
4 aprel 2012-ci il
Avronest Parlament Assambleyasının (PA) həmsədrləri Kristian Vigennin (Avropa Parlamenti) və Boris Tarasyuk (Ukrayna) bu qurumun Bakıda keçirilmiş ikinci sessiyasının yekunlarına dair mətbuat konfransı keçiriblər.
APA-nın məlumatına görə, hər iki həmsədr sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. K. Vigennin bildirib ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür: “Bu, Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda keçirilən ilk sessiyası idi. Bakı sessiyası həm də əvvəlki sessiyadan qərar və hesabatların qəbul olunması ilə fərqləndi. İlk sessiyada müvəffəqiyyətsizlikdən hesabat və qərar qəbul oluna bilməmişdi. Amma Bakı sessiyasında 4 hesabat və 1 qətnamə qəbul olundu”. O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.
Avonest PA-nın Ukraynadan olan həmsədri Boris Tarasyuk isə bildirib ki, Bakı sessiyasında qəbul olunan qərarlar insan haqları, demokratiya və digər məsələləri özündə əks etdirən vacib sənədlərdir.