Avronest PA-da gərgin müzakirələr olacaq

“Avronest PA-nın 3-cü sessiyasında müzakirələr zamanı gərginlik qaçılmaz olacaq”. Bu barədə Publika.Az-a Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun məlumat verib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, sessiya çərçivəsində plenar iclasla bərabər Assambleyanın 4 komitəsinin, Büronun, Belarus üzrə işçi qrupunun iclasları və yeni yaradılmaqda olan Qadınlar forumunun qeyri-rəsmi görüşü keçiriləcək. Prosedur qaydalarına əsasən komitələrin iclaslarında müvafiq məruzələr müzakirə edilərək qəbul edildikdən sonra plenar iclasda həmin məruzələr yenidən müzakirə edilməli və onların əsasında qətnamə qəbul olunmalıdır.

Azərbaycan nümayəndə heyətinin sessiyada tam tərkibdə iştirak edəcəyini bildirən Elxan Süleymanov vurğulayıb ki, Siyasi Məsələlər Komitəsinin iclasında müzakirə ediləcək “Şərqi Avropa Tərəfdaş ölkələrində regional təhlükəsizlik çağırışları” məruzəsi Avropa Parlamentinin üzvü, Avropa Mühafizəkarlar və İslahatçılar qrupunun üzvü Riszard Çarneçki və Ukrayna Parlamentinin üzvü Boris Tarasyuk tərəfindən hazırlanıb.

Millət vəkili bildirib ki, Enerji Təhlükəsizliyi Komitəsi üzrə “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” məruzəsi müzakirə ediləcək. Bu Komitə üzrə həmməruzəçilər Avropa Parlamentinin Nederlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü cənab Gerben-Jan Gerbrandi və Gürcüstan Parlamentinin üzvü cənab David Onoprişvilidir.

Elxan Süleymanov əlavə edib ki, İqtisadi İnteqrasiya Komitəsində həmməruzəçilər Avropa Parlamentinin deputatı, Sosialistlərin və Demokratların Mütərəqqi Birliyinin üzvü Yevgeni Kirilov və Moldova Parlamentinin üzvü Veaçeslav Yonita tərəfindən hazırlanmış “Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqının iqtisadi sahədə olan qanunvericilik ilə uzlaşdırılması” məruzəsi müzakirə ediləcək.

O, eyni zamanda, Sosial Məsələlər Komitəsinin iclasında Elzbieta Katarzina Lukaçiyevska və Elinar Vardanyan tərəfindən hazırlanmış “Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair” məruzəsi müzakirə ediləcəyini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bütövlükdə İqtisadi İnteqrasiya Komitəsi üzrə məruzənin müzakirəsi zamanı hər hansı bir naratçılıq gözlənilməsə də, digər komirtələr üzrə müzakirələr zamanı vəziyyət fərqli olacaq. Belə ki, Sosial Məsələlər Komitəsi üzrə həmməruzəçilərin biri Ermənistan nümayəndə heyətinin üzvüdür. Görünür bu səbəbdən məruzədə ŞT ölkələri arasında bağlanmış sərhədlərin mövcudluğu və onların açılmasına çağırış öz əksini tapıb. Aydındır ki, burada söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin bağlı olmasından gedir. Bizi narahat edən məqam ondan ibarətdir ki, sərhədlərin bağlanmasına gətirən səbəb göstərilmir və onun aradan qaldırılmasına çağırış xatırlanmır. Odur ki, Azərbaycan nümayəndə heyəti Sosial Məsələlər Komitəsinin məruzəsinə bir neçə düzəlişlər irəli sürüb və yeni müddəa təklifi ilə çıxış edib. Əlbəttə ki, bu təkliflər iki ölkə arasında sərhədlərin bağlanmasının səbəbi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini, ölkəmizdə qaçqın və məcburi köçkünlər ordusunun mövcudluğunu diqqətə çəkir, onların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilməsinə dair tələbləri əks etdirir.

Millət vəkili qeyd edib ki, Enerji Təhlükəsizliyi Komitəsi üzrə hazırlanmış məruzə bütövlükdə ölkəmizin maraqları baxımından qənaətbəxş olsa da, Ermənistan nümayəndə heyətinin irəli sürdüyü bir nüçə təklif müəyyən narahatçılıq yaradır. Belə ki, işğalçı dövlətin nümayəndə heyəti müxtəlif vəziyyətlərdə eyni xarakterli təkliflər irəli sürüblər. Bu təkliflərin, demək olar ki, hamısı ŞT ölkələri arasında bağlı sərhədlərin açılmasına çağırış və enerji siyasəti məsələsində bütün ŞT ölkələrinin eyni dərəcədə yararlanmasına çağırış var. Sözsüz ki, bu təkliflər Azərbaycanın maraqlarına ziddir və biz Ermənistan tərəfinin bu təkliflərinin qəbul edilməsinin qarşısını almağa çalışacağıq.

Elxan Süleymanov daha sonra xüsusi olaraq vurğulayıb ki, əsas mübarizə Siyasi məsələlər Komitəsi üzrə məruzənin müzakirəsi ətrafında baş verəcək və indidən proqnozlaşdırmaq olar ki, bu zaman gərginlik qaçılmaz olacaq. Bu nəticəyə gəlməyə bir neçə səbəb var. Əsas səbəb məruzənin hər bir ŞT ölkəsi üçün prioritet olan təhlükəsizlik məsələlərinə həsr edilməsidir. Belə ki, ŞT ölkələri olan Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində münaqişələr mövcuddur, bundan əlavə bütün ŞT ölkələri demokratik dövlət quruculuğu istiqamətində müxtəlif çağırışlar və təhdidlərlə üzləşirlər. Digər tərəfdən, məruzə layihəsinə 125 düzəliş təklif edilib və bir sıra hallarda bu təkliflər prinsipal xarakter daşımasalar da, ölkəmizin maraqlarına uyğun gəlmir. Bir sıra təkliflər isə var ki, biz onların qarşısını birmənalı şəkildə almağa çalışacağıq. Misal üçün, belə təkliflərdən biri Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna (ŞT VCF) çoxtərəfli və ikitərəfli tədbirlərin həyata keçirilməsində, o cümlədən münaqişə zonalarından olan QHT-lərə və fəallara, xüsusi ilə bu ərazilərdə və ya bu ərazilərdən olan hər iki icma arasında körpülər qurmaq üçün çalışan QHT-lərə konfrans və görüşlərdə iştirak etməyə çağırış edilən təklifi göstərmək istərdim. Bu təklif ilk baxışdan ciddi görünməsə də, ölkəmizin maraqları baxımından təhlükəlidir. Belə ki, cari ilin 4-5 aprel tarixində ŞT VCF-nin İdarə Heyətinin Yerevanda keçirilmiş iclasında separatçı rejimlərin nəzarəti altında olan ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı) fəaliyyət göstərən QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi məsələsi müzakirə edilib və onlara “Şərq Tərəfdaşları regionları” adı altında ŞT VCF-də müstəqil iştirak etmələri barədə Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edilib. Mən dərhal ŞT VCF-nin İdarə Heyətinə müraciət ünvanladım və bu qərara qəti etirazımı bildirdim. Lakin ŞT VCF-nun Rəhbər Komitənin həmsədrinin mənə cavabı demək olar ki, məni sarsıtdı. Həmin cavab məktubunda vurğulanırdı ki, “Bu mövzuda Yerevanda etdiyimiz müzakirələr ilə bağlı hazırda milli platformlarımız ilə məsləhətləşmələr aparılır və artıq məlumatlıyıq ki, Bakıdakı Milli Platformadan olan həmkarlarımız Dağlıq Qarabağdan Vətəndaş Cəmiyyəti Forumunun illik iclasında iştirak etmək üçün müraciət edən hər hansı QHT-nin yalnız Azərbaycan nümayəndə heyətinin üzvü kimi seçilə biləcəyini təkid edir. Rəhbər Komitə bu qərara hörmət edir və ona əməl edəcək”. Hesab edirəm ki, Azərbaycan Milli Platformasının bu təklifi bizim işimizi ciddi əngəl yaradacaq. Odur ki, onlar vaxt itirmədən öz təkliflərini geri götürməlidirlər. Belə ki, münaqişə öz həllini hələlik tapmayıb, separatçı rejimin nəzarəti altında olan QHT-lərinin təmsilçiləri yalnız etnik ermənilərdən ibarət olacaqlar və onlar birmənalı olaraq Ermənistanın mənafeyinə xidmət edəcəklər. Bu isə öz əlimizlə özümüzə quyu qazmağa bənzəyir. Bu səbəbdən də mən fürsətdən istifadə edərək bir daha ŞT VCF Azərbaycan Milli Platformasının üzvlərini məsələ ilə bağlı öz təkliflərini geri götürməyə çağırıram.

Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırdı ki, Siyasi Məsələlər Komitəsinin məruzəsinə, eyni zamanda, ölkəmizin maraqlarına uyğun olan bir sıra prinsipal təkliflər irəli sürülüb və biz bu təkliflərin qəbul edilməsinə çalışacağıq. O qeyd etdi ki, bu təkliflər tək Azərbaycan nümayəndə heyəti tərəfindən deyil, həm də Gürcüstan nümayəndə heyəti və bir sıra Avropa Parlamentinin təmsilçiləri tərəfindən irəli sürülüb. Bu təkliflər əsasən ŞT ölkələri ərazisində həll olunmamış silahlı münaqişələrin və işğal edilmiş ərazilərin mövcudluğu xatırladılır, BMT Nizamnaməsində, ATƏT-in Helsinki Yekun Aktında və digər müvafiq çoxtərəfli sənədlərdə tövsif edildiyi kimi suverenlik, ərazi bütövlüyü, müstəqillik və sərhədlərin toxunulmazlığına Aİ-nin mühüm əhəmiyyəti vurğulanır, Rusiya hakimiyyətinə region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq və regional sabitliyə daha konstruktiv şəkildə təsir göstərməyə çağırış edilir. Həmin təkliflərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, AŞPA və AP-nin qətnamələrinin yerinə yetirməyin vacibliyi vurğulanır, işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər Azərbaycan ərazilərindən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması və insan hüquqları kütləvi və kobud şəkildə pozulan və silahlı təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyona yaxın vətəndaşın hüquqlarının və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamasının təmin olunmasına çağırış edilir.

Millət vəkili Siyasi Məsələlər Komitəsi üzrə məruzənin müzakirəsi zamanı gərginliyin qaçılmaz olacağının sindromlarının artıq özünü biruzə verdiyini bildirdi. Şübhəsiz ki, işğalçı dövlət Ermənistan burada da yenə növbəti öz təcavüzünü sınaqdan keçirəcəkdir. Odur ki, biz hadisələrin belə gedişatına da hazır olmalıyıq.

Elxan Süleymanov sonda belə destruktiv addımın Ermənistan nümayəndə heyəti tərəfindən Avronest PA-nın Strasburqda keçirilən birinci plenar sessiyası zamanı atıldığını və bu səbəbdən də həmin sessiyada yekun sənədin qəbul edilmədiyini xatırladıb. Millət vəkili eyni zamanda detallarını açıqlamadan bu sessiya zamanı eyni hadisələrin təkrarlanmasının qarşısını almağa və ŞT ölkələri ərazisində təhlükəsizlik məsələlərini obyektiv şəkildə əks etdirən sənədin qəbuluna çalışdıqlarını vurğulayaraq, məsələ ilə bağlı nikbin olduğunu bildirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları