AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Süleymanovun AP-də Avropa Xalq Partiyası Siyasi qrupunun sədri Jozef Daula müraciəti
Cənab sədr,
Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında formalaşmış işğalçı rejim dünyanın heç bir dövləti və beynəlxalq təşkilatlar tərəfindən tanınmamışdır, indiyədək işğalçı rejimin nəzarəti altında olan ərazilərdə keçirilmiş qondarma parlament və prezident seçkiləri qeyri-leqitim hesab edilmişlər.
Qondarma “DQR” tərəfindən son “prezident seçkiləri” 19 iyul 2012-ci il tarixdə keçirilmişdir və AP-nin EPP siyasi qrupunun üzvü xanım Eleni Teokarus Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərək, həmin “seçkiləri” izləmişdir.
Avropa Parlamentinin üzvünün Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətsizlik nümayiş etdirməsi ilə bağlı AVRONEST PA-da Azərbaycan nümayəndə heyəti Sizə məktub ünvanlamış və AP üzvünün bu hərəkətilə Aİ-Azərbaycan münasibətlərinə kölgə salmasını diqqətə çatdırmışdır.
Təəssüf hissi ilə bildirirəm ki, AP üzvü xanım Eleni Teokarus Azərbaycana qarşı növbəti bir təxribat hazırlayır və cari ilin 16 oktyabrında qondarma “DQR”-də keçirilən “prezident seçkiləri”nin nəticələrinə dair “Seçki Müşahidə Missiyası” adından dəyirmi masa keçirməyi planlaşdırır.
AP üzvü xanım Eleni Teokarusun tanınmamış “DQR”-də “prezident seçkiləri”ndə “Seçki Müşahidə Missiyası” adından Azərbaycana qarşı planlaşdırdığı növbəti təxribatla bağlı aşağıdakıları bir daha diqqətinizə çatdırmağı vacib hesab edirəm:
1. Azərbaycan Respublikası Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır, Şərq Tərəfdaşlığı təşəbbüsünü müsbət qarşılayır və bu təşəbbüsü Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişafı baxımından vacib hesab edir, AVRONEST PA-nın təsisçilərindən biridir.
2. Digər ŞT dövləti olan Ermənistanın hərbi təcavüzü nəticəsində digər Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon işğal olunmuş, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal nəticəsində insan hüquqları kütləvi və kobud şəkildə pozulmuş, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilimiş, bölgədə humanitar böhran vəziyyəti yaranmışdır.
3. Azərbaycan ərazilərinin işğal edilməsi dünya ictimaiyyəti tərəfindən pislənmiş və qeyri-qanuni hesab edilmişdir. BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, işğal altrında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması, qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qayıtmaq hüququnun təmin edilməsi tələb edilmişdir.
4. Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe tutaraq, son iki ildə iki qətnamə qəbul etmişdir. Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair 20 may 2010- cu il və AI-Azərbaycan Assosiasiya Sazişinə dair 18 aprel 2012-ci il tarixli qətnamələrində Ermənistanın silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal çıxması, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması tələb edilmişdir.
Beləliklə, xanım Eleni Teokarus öz anti-Azərbaycan hərəkəti ilə beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin qərarlarında ehtiva edilmiş müddəalara qarşı çıxmış olur, Avropa Parlamentində təmsil etdiyi EPP qrupunun münaqişə ilə bağlı mövqeyini şübhə altına almış olur, bütövlükdə, 2012-ci il Nobel Sülh Mükafatı laureatı olmuş Avropa İttifaqının və bu mükafatda payı olan AP üzvlərinin regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində mövqeyinin israrlı və səmimi olmasına inamı azaldır.
Hörmətlə,
Elxan Süleymanov,
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri