AVRONEST-in Bakı sessiyasını gündəliyi təsdiqlənəcək
14 mart 2012-ci il
Millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun verdiyi məlumata görə 15 mart 2012-ci il tarixdə Strasburqda adı çəkilən qurumun Büro iclası keçiriləcək.
Millət vəkili bildirib ki, Büro iclasında AVRONEST PA-nın 2-4 aprel 2012-ci ildə Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq ediləcək. İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilmiş düzəlişlər ətrafında müzakirələr aparılacaq. İclas zamanı Büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər. Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə iclasda eyni zamanda prosedur qaydalar və Belarus üzrə İşçi Qrupların mandatının uzadılmasının mümkünlüyünə dair Büronun Bakıda qəbul ediləcək qərarı müzakirə ediləcək.