AVCİYA «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) «Sərsəng – humanitar faciənin qarşısının alınması» layihəsini elan edib.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində 4 su anbarı mövcuddur, Ermənistanın imkanları isə bu anbarları təmir etməyə imkan vermir.

Sərsəng su anbarında vəziyyətin təhlükəli olduğunu deyən V.Əlibəyovun sözlərinə görə, bu anbarlarda baş verən hər hansı qəza aşağı ərazilərdə yaşayan 500 min insanın yaşadığı bölgələrdə humanitar fəlakət yarada bilər: «Sərsəng su anbarı 20 ildir qəza vəziyyətindədir. Orada texniki xidmət, qəza vəziyyətinin aradan qaldırılması istiqamətində heç bir iş aparılmır. Ermənilərin müharibə zamanı bu anbarları partladıb öz məqsədləri üçün istifadə edəcəklərini heç kim istisna etmir».

V.Əlibəyov bildirib ki, layihədə məqsəd beynəlxalq təşkilatları məlumatlandırmaq və bir beynəlxalq təşkilat vasitəsilə su anbarının texniki vəziyyətini nəzərdə saxlamaqdır. Eyni zamanda hər hansı fövqəladə hallar baş verdikdə, orada hansı tədbirlərin görüləcəyi barədə fəaliyyət planı hazırlanacaq. Təşkilat FHN, ETSN, Meliorasiya və Su Təsərrüfatı ASC, həmçinin cəbhəyanı rayonların icra hakimiyyətləri ilə əməkdaşlıq edəcək. Su anbarından axımın həcminin mövsüm ərzində dəyişməsinin Azərbaycan iqtisadiyyatına vurduğu zərər qiymətləndiriləcək. Ərazidə monitorinqlər aparılaraq hökumətə məlumat veriləcək.

Layihə çərçivəsində beynəlxalq təşkilatların ekspertlərinin iştirakı ilə Bakı və Brüsseldə beynəlxalq konfransların keçirilməsi planlaşdırılır.

AVCİYA-nnın prezidenti, millət vəkili Elxan Süleymanov bildirib ki, işğal altındakı ərazilərdə yerləşən su anbarları, xüsusilə də Sərsəng su anbarı baxımsız qalıb və böyük təhlükə potensialıdır. Millət vəkili artıq Azərbaycanı gözləyən bu fəlakətlə bağlı hərəkətə keçməyin zamanı çatdığını vurğulayıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları