ATƏT PA Azərbaycana müşahidə missiyası göndərəcək
ATƏT Parlament Assambleyası oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək.
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanovun SalamNews-a verdiyi məlumata görə, ATƏT Parlament Assambleyasının Prezidenti Ranko Krivokapiç Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndəriləcəyi barədə qurumun bütün nümayəndə heyətlərinə məktub göndərib və seçkiləri müşahidə missyasının formalaşdırılması üçün beynəlxalq katibliyə öz nümayəndələri haqqında məlumat verməyi xahiş edib.
E.Süleymanov deyib ki, ATƏT-in fəaliyyətdə olan sədri ATƏT PA-nın keçmiş Prezidenti Volfqanq Qrossrukun təqdimatı əsasında Fransa nümayəndə heyəti rəhbərinin müavini Mişel Vuazanı iyul ayında Xüsusi Koordinator təyin edib. Mişel Vuazan, həmçinin ATƏT-in Azərbaycanda bütün seçki missiyalarının Xüsusi Koordinatorudur.