ASPA Ştrasserin Azərbaycanla bağlı hesabatını qəbul etmədi
Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında Azərbaycana dair iki fərqli hesabat məruzəsi müzakirəyə çıxarılıb. Bunlar AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərizəçiləri Pedro Qaramunt və Jozef Debono Qrex tərəfindən hazırlanan “Azərbaycanın öhədliklərinin yerinə yetirilməsi” və Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı məruzələrdər.
Avropa Şurası Parlament Assableyası (AŞPA) Monitorinq və İnsan Hüquqları komitələrinin toplantısından dərhal sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Modern.az-a açıqlama verib. Deputat bildirib ki, AŞPA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edilib.
E.Süleymanovun sözlərinə görə, qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir
“Bu məruzə hələ 12 dekabrda Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi. Həmin məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan plenar iclasda bütövlüklə qəbul edilib. O zaman Monitorinq Komitəsinin iclasında mənim verdiyim və qəbul olunmuş hər iki təklif – Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromiss tapılması ilə bağlı təkliflər sessiya tərəfindən də qəbul edildi.
Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin dediyi kimi son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir”.
Millət vəkili həmçinin qeyd edib ki, Kristofer Ştrasserin Azərbaycanla bağlı məruzəsi AŞPA-da qəbul edilməyib:
“Ştrasserin məruzəsi isə qəbul edilmədi. Və qəbul edilə də bilməzdi. Çünki, Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Və məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi. O, məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməyib və obyektiv araşdırma aparmayıb. Ştrasser təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrıseçkiliyə, ikistandartlılığa qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir”.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin digər üzvü Rövşən Rzayev Modern.az-a açıqlamasında deyib ki, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərizəçiləri Pedro Qaramunt və Jozef Debono Qrex tərəfindən hazırlanan “Azərbaycanın öhədliklərinin yerinə yetirilməsi” və Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı məruzələrin eyni vaxtda müzakirəyə çıxarılması ölkəmizə qarşı qərəzli münasibətin göstəricisi idi.
R.Rzayev deyib ki, AŞPA tarixində hələ indiyədək heç bir ölkəyə dair iki fərqli məruzə eyni vaxtda dalbadal müzakirəyə çıxarılmayıb. “Buna baxmayaraq Azərbaycan nümayədə heyətinin fəaliyyəti nəicəsində Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı qərəzli məruzə qəbul edilmədi”-deyə R.Rzayev əlavə edib.