AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsinin üzvlərinə açıq məktub:
Hörmətli Üzvlər,
Mən nə üçün Müstəqil Kənar İstintaq Orqanı ilə əməkdaşlıqdan imtina etmişdim?
Bu günlərdə AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsinin sədri Petra de Sutterdən məktub almışam. Məktubda 2017-ci ilin yanvar ayında Parlament Assambleyası Assambleyanın bəzi üzvləri və keçmiş üzvlərinə qarşı spesifik korrupsiya iddialarını araşdırmaq üçün Müstəqil Kənar İstintaq Orqanının (İBAC) yaradılması haqqında qərar verildiyi xatırladılır və bu orqanın 2018-ci ilin aprel ayında yekun məruzəsini təqdim etdiyi diqqətə çatdırılır.
Məktubda Prosedur Qaydaları Komitəsinə davranışı qeyri-etik və ya Assambleyanın Davranış Kodeksini pozduğu aşkar edilmiş yaxud əməkdaşlıqdan imtina etmiş Assambleyanın hazırki və keçmiş üzvləri ilə bağlı İBAC-ın gəldiyi nəticələrin müvafiq qaydada izlənilməsini təmin etmək və əlavə mümkün hərəkətləri nəzərdən keçirmək tapşırığı verildiyi bildirilir.
Komitə sədri İBAC-ın hazırladığı məruzədə mənim “korrupsiya xarakterli fəaliyyətdə iştirak etməyimlə bağlı və AŞPA Davranış Kodeksinin 12-ci paraqrafını ciddi şəkildə pozduğunuzu hesab etmək üçün kifayət qədər əsaslar”ın olduğu vurğulanır və mənim bu orqanla əməkdaşlıq etmədiyim qeyd edilir. Komitə sədri məni məsələ ilə bağlı şəhr verməyə və ya birbaşa dinləmələrə üstünlük verəcəyim təqdirdə, Strasburqda iyun sessiyası zamanı Komitənin iclasına dəvət etməyə hazır olduğunu bildirir.
Mən dəfələrlə AŞPA-da korrupsiya iddialarını araşdırmaq üçün Müstəqil Kənar İstintaq Orqanının yaradılması, onun səlahiyyətləri və məqsədləri ilə bağlı mövqeyimi açıq şəkildə bildirmişəm. Bu barədə həm AŞPA rəhbərliyini və üzvlərini, həm də ictimaiyyəti məlumatlandırmışam.
AŞPA Prosedur Qaydaları Komitəsinin sədri Petra de Sutterin mənə ünvanladığı məktub kontekstində bir daha aşağıdakıları qeyd etməyi vacib hesab edirəm:
a) Assambleya tərəfindən belə bir orqanın təsis edilməsi Avropa Şurasının Nizamnaməsinə ziddir. Belə ki, Nizamnamədə Parlament Assambleyası tərəfindən təhqiqat, istintaq və ya hüquqi araşdırma aparmaq məqsədilə kənar ekspertlərdən ibarət hər hansı müstəqil istintaq orqanının yaradılması imkanı nəzərdə tutulmamışdır;
b) Kənar ekspertlərdən ibarət istintaq orqanına Assambleya üzvlərinin fəaliyyəti ilə bağlı faktlarla təsdiq edilməmiş hər hansı əsassız iddiaları araşdırmaq məqsədilə istənilən deputatı sorğu-suala tutmaq, üzv dövlətlərdən tələb etmək və kimi əlahiddə səlahiyyətlərin verilməsi AŞPA üzvlərinə inamsızlıq və hörmətsizlikdir. Belə ki, AŞPA üzvü olmaq üçün mandatı milli parlamentlər verir, üzv dövlətlər deputatların toxunulmazlığına zəmanət verir və onun toxunulmazlığı zəruri hallarda milli dövlət orqanları tərəfindən ləğv edilə bilər. AŞPA-nın, onun yaratdığı hər hansı qurumun belə bir səlahiyyəti yoxdur.
c ) İstintaq Orqanının üzvləri hesabatı hazırlayarkən faktiki olaraq öz mandatlarını Azərbaycanla məhdudlaşdırmış və Azərbaycan dövləti tərəfindən birbaşa və ya dolayı yolla təşkil edilməsi iddia edilən korrupsiya aktlarını “araşdırmışlar”. Hesabatda qeyd edilir ki, AŞPA nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən bir qrup insan var, lakin İstintaq Orqanı “onların birtərəfli qaydada fəaliyyət göstərən vahid strukturun tərkib hissəsi olduğunu əminliklə təsdiq edə bilməyib”. Beləliklə, İstintaq Orqanı Assambleya nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən və vahid struktura malik olan hər hansı qrup aşkar etməyib və heç bir faktlar, dəlil-sübut göstərmədən həmin üzvlərin Assambleyanın etik normalarına zidd davrandıqlarını iddia etmişlər.
d ) Hesabat müəllifləri etiraf edirlər ki, “parlamentin və ya Katibliyin hər hansı bir üzvünün öhdəlikləri əvəzinə müəyyən tərzdə xüsusi fəaliyyət göstərmələri” sübut edilməmişdir.
e) İstintaq Orqanı hesabatda Azərbaycanın xeyrinə korrupsiya fəaliyyətləri iddiası ilə bağlı nəticə çıxarıb ki, “AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin belə təbiətli fəaliyyət göstərdiklərinə dair çox şübhələr var”. Beləliklə, hesabat müəlliflərinin təbirincə desək, İstintaq Orqanı heç bir sübut və dəlil olmadan, “çox şübhələr” əsasında Azərbaycanla bağlı korrupsiya iddialarını araşdırır.
f ) İstintaq Orqanı hesabatda Azərbaycanla əməkdaşlıq edən AŞPA üzvlərinə qarşı irəli sürdükləri korrupsiya şübhələrini heç bir faktla təsdiq etmirlər, onlar öz şübhələrini əsaslandırmaq üçün Azərbaycanın daxilində olan və xaricdə sığınacaq tapmış bir sıra radikal fikirli müxalifət nümayəndəsinin və xarici anti-Azərbaycan elementlərin müxtəlif KİV-lərdə səsləndirdikləri iddialara və İstintaq Orqanına verdikləri ifadələrinə istinad edirlər. Lakin İstintaq Orqanının bu iddiaları yoxlamaq üçün tədqiqat vasitəsi və ya kifayət qədər iradəsi olmamışdır.
g ) İstintaq Orqanının istinad etdiyi əsas mənbələrdən biri Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən və Azərbaycanla bağlı qondarma korrupsiya iddialarının müəlliflərindən biri olan “Avropa Stabillik Təşəbbüsü” (ESİ) təşkilatının hesabatlarıdır. İstintaq Orqanının yekun hesabatında Avropa Sabitlik Təşəbbüsünün sədri Cerald Knaus təşkilatı beynəlxalq QHT kimi təqdim etsə də, təşkilat Avropa Komissiyası və Avropa Parlamentində 22 dekabr 2014-cü ildə lobbi təşkilatı kimi qeydiyyatdan keçmişdir. Bu isə AŞPA-nın Davranış Kodeksinə ziddiyyət təşkil edən fəaliyyətdir. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul etmişdir. Belə ki, Cerald Knaus İstintaq Orqanındakı dinləməsi zamanı İstintaqı aldadaraq Soros Fondundan 2012-ci ildə 39.000 dollar qəbul etdiyini bildirmişdir. Əslində isə bu rəqəm 100.000 dollardır. “Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə Avropa Sabitlik Təşəbbüsü 2013 və 2014-cü illərdə hər il üçün Soros Fondundan 150.000 dollar qrant almışdır. AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı.
Nəhayət, vurğulamaq istəyirəm ki, Azərbaycanın AŞPA-da son illər ərzində əldə etdiyi uğurlar, xüsusən də Ştrasserin qərəzli məruzəsinin 2013-cü ildə rədd edilməsi, torpaqlarımızın işğalı ilə bağlı Sərsəng qətnaməsinin qəbulu, beynəlxalq təşkilatların Azərbaycandakı son seçkiləri demokratik, azad, şəffaf qiymətləndirməsi antiazərbaycan qüvvələrini ciddi şəkildə narahat etmişdi. Həmin qüvvələr müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar. Lakin
Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əlehinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Stabillik Təşəbbüsü adlanan QHT tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Avropa Şurasının Nizamnaməsinə zidd olaraq Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi.
Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair Müstəqi Kənar İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə nail olmaq dayanırdı. İyunun əvvəlinde Büroda məsələ ilə bağlı qəbul edilmiş qərar qeyd edilənləri təsdiqləmiş oldu.
Məhz göstərilən faktları əsas tutaraq AŞPA-da korrupsiya iddialarını araşdırmaq üçün yaradılmış Müstəqi Kənar İstintaq Orqanının yaradılması və fəaliyyətini Avropa Şurasının Nizamnaməsinə zidd olduğuna görə qeyri-legitim hesab edərək onunla əməkdaşlıqdan, həmin orqan qarşısında ifadə verməkdən imtina etmişəm.
Qeyd edilənlər kontekstində ölkəmə qarşı şər və böhtan kampaniyasının müəllifi olan AŞPA və AŞPA-nın Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusion Məsələlər Komitəsində hər hansı dinləmələrdə iştirak etməkdən və ya şərh verməkdən imtina edirəm.
Təsadüfi deyil ki, bu şər-böhtan kampaniyasını həyata keçirən anti-azərbaycan qüvvələrinə rəhbərlik edən və onların fəaliyyətini istiqamətləndirən bu qurumun Baş katibi Savitskidir.
Elxan Süleymanov
Milli Məclisin üzvü