AŞPA Siyasi Məsələlər Komitəsində işğal edilmiş Azərbaycan ərazilərində gərginliyin artmasına dair məruzə müzakirə edildi

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Noyabr ayının 4-də Parisdə AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin iclası keçirildi. İclasda məruzəçi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı məruzə müzakirə edildi. Diqqətə çatdırmaq istərdim ki, mən 2014-cü ildə işğal edilmiş Azərbaycan ərazilərini işğal etdiyinə və uzun illər ərzində işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən 2 qətnamə layihəsi təqdim etdim. Biz AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqləri ilə qarşılaşdıq. Buna baxmayaraq, qətiyyətli mübarizə nəticəsində məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə nail ola bildik.

Qeyd etməliyəm ki, məruzədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan
tərəfindən işğal edilməsi və iyirmi ildən artıq
müddət ərzində işğal altında saxlanılması öz əksini tapmışdır. Sənəddə BMT Təhlükəsizlik
Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələr
xatırladılır, Avropa İnsan
Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri
Ermənistana qarşı”
işinə dair 2015-ci il iyun tarixli qərarında
Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta
yetirildiyi qeyd edilir, girov götürülmüş D.Əsgərov
və Ş.Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz
məhkum edildiyi bildirilir.

Bununla
belə biz məruzəyə 3 düzəliş irəli sürmüşdük. Bu düzəlişlərdən biri məruzənin 4-cü bəndində “…Dağlıq Qarabağ
regionuna dair münaqişə hələ də həll edilməmişdir” ifadəsinin “…Azərbaycanın
işğal olunmuş əraziləri hələ də işğaldan azad edilməmişdir” ifadəsi ilə əvəz
edilməsini ehtiva edir. İkinci düzəlişdə isə,D.Əsgərov və Ş.Quliyevin qeyd şərtsiz azadlığa buraxılması ilə bağlı
“…işğalçı qüvvə olan Ermənistanın dərhal azad etməsini təmin etməyə çağırır”
ifadəsi təklif edilmişdir. Nəhayət, irəli sürdüyümüz 3-cü düzəlişdə Ermənistan
hakimiyyətinin məruzəçi ilə əməkdaşlıqdan imtina etməsinə “təəssüflənir”
ifadəsinin “qətiyyətlə pislənir” ifadəsi ilə əvəzlənməsi əks etdirilir.

Bu gün qəbul edilən bu məruzə AŞPA yanvar
sessiyasında müzakirə edilib təsdiq ediləcəkdir.

Biz əvvəlcədən başa düşürdük ki, Ermənistan nümayəndə
heyəti və ermənipərəst qüvvələr Komitə iclasında qeyd edilən məruzənin qəbul
edilməsinin qarşısını almaq üçün təxribat tərkibli müxtəlif vasitə və
metodlardan istifadə edəcəklər. Ermənistan tərəfinin məruzəçi ilə əməkdaşlıqdan
imtina etməsi bunu sübuta yetirdi. Bundan əlavə, işğalçı Ermənistanın kütləvi
informasiya vasitələri Komitənin 4 noyabrda Parisdə keçiriləcək iclası ərəfəsində
məruzədə çoxsaylı anti-erməni müddəaların olması və məruzənin bütövlükdə Azərbaycan
yönümlü xarakter daşıdığı barədə materiallar dərc etdi. Digər tərəfdən, müzakirələrdə
Ermənistanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Haqdalyan, üzvlər Rustamyan və
Karapetyan iştirak edirdi. Onlar inadkarlıqla riyakarlıq nümayiş etdirərək, məruzənin
qəbul edilməsinin qarşısını almağa çalışırdılar. Onlar hətta bütövlüklə
reallığı inkar edərək, həyasızcasına bu qətnamənin ləğv edilməsi və bir daha bu
mövzuya qayıdılmaması təklifini irəli sürdülər. Erməni tərəfinin bu sərsəm təklifi
səsə qoyuldu və 14 səs lehinə, 24 səs isə əleyhinə olmaqla rədd edildi.

Beləliklə, Ermənistan nümayəndə heyətinin üzvlərinin
bütün riyakarlıq və təxribatlarına baxmayaraq, Siyasi Məsələlər Komitəsi məruzənin
qəbul edilməsi barədə qərar qəbul etdi. Vurğulamalıyam ki, bizim təklif
etdiyimiz hər 3 düzəliş qəbul edildi, Azərbaycanın maraqlarına zidd olan 3 düzəliş
isə qəbul edilmədi. Komitədə qəbul edilən bu qərar Azərbaycanın uğurudur. Məruzənin
qəbulu üçün növbəti və sonuncu mərhələ Assambleyanın plenar iclasıdır və bizi
burada da ciddi mübarizə gözləyir.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları