AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul etdi
Elxan Süleymanov,
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü
Mən AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat vermişdim.
Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair” adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanmışdır. Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi AŞPA-nın gündəliyinə daxil edilmişdi.
AŞPA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində Böyük Britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək.
Nəhayət, 2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞPA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır.