AŞPA Dağlıq Qarabağla bağlı “düzgün tarixi seçim etməyi” sual altına qoydu
Martin Banks
“EU Reporter”, “European Business Review”
24 iyun 2014-cü il
Avropa Şurası (AŞ) Rusiya ilə müqayisədə Azərbaycanla rəftarında “ikili standartlar” tətbiq etməkdə ittiham edilib. Bu ittiham Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu həftə Strasburqdakı iclasında Ermənistana qarşı sanksiyaları tələb edən qətnamə layihəsi irəli sürməyə cəhd edən mühüm azərbaycanlı deputat Elxan Süleymanov tərəfindən edilib.
Onun hazırladığı qətnamə layihəsi Krımı özünə birləşdirdiyinə görə bu yaxında Rusiyaya qoyulmuş sanksiyaların eynilə Dağlıq Qarabağı işğal etdiyinə görə Ermənistana da tətbiq etməyi tələb edirdi.
Buna baxmayaraq, onun bildirdiyinə görə, insan hüquqlarının pozulması halları ilə məşğul olan AŞ-nın katibliyi iyunun 23-ü ondan xahiş etmişdir ki, qətnamə layihəsini elə “yumşaltsın” ki, orada Ermənistana qarşı sanksiyalar əvəzinə “qeyri-müəyyən formada və yalnız” “siyasi tədbir görməyə” çağırış edilsin.
İyunun 24-ü Süleymanov “EU Reporter”-ə bildirib: “Bu, qəbuledilməzdir. Bu, mənim ölkəmə qarşı ayrıseçkilikdir. Bu, təsəvvür oluna biləcək ən böyük ədalətsizlikdir.”
O xəbərdarlıq edib ki, Avropa Ermənistanın təcavüzünə qarşı tədbir görməkdən imtina etməklə, “tarixi seçim”də yanılmaq təklükəsində idi.
AŞPA aprel ayında Krıma və Şərqi Ukraynaya “müdaxiləsinə” görə Rusiyanın səsvermə hüquqlarını dayandıran qətnamə qəbul etdikdən sonra narazılıq başladı. Moskva o vaxtdan etibarən Parlament Assambleyasını boykot etməyə qərar verib.
AŞPA-nın Strasburqda keçiriləcək yay sessiyası ərəfəsində Azərbaycanın AŞPA-dakı 12 nümayəndəsindən biri olan Süleymanov Ermənistanın “Dağlıq Qarabağı və yeddi ətraf rayonu iyirmi ildən artıq müddətdə işğal altında saxladığına görə” ona qarşı eyni rəftara çağıran qətnamə layihəsi irəli sürdü.
Qətnamə layihəsində deyilir: “Assambleyanı Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyulana qədər Ermənistan nümayəndə heyətinə məhz eyni sanksiyaları – AŞPA-da onların səsvermə hüquqlarının dayandırılmasını və rəhbər orqanlardan çıxarılmalarını tətbiq etməyə çağırırıq.”
Qətnamə layihəsi 14 üzv ölkədən olan 58 AŞPA üzvü tərəfindən imzalandı. Qətnamə layihəsi hələ Assambleyada səsə qoyula bilərdi, lakin bunun payızdan tez olacağı gözlənilmir.
Süleymanov əlavə edib: “Bir çox deputatlar bu qətnamə layihəsini imzalayıb və bu, AŞPA-dan olan həmkarlarımın tarixin bu anını rədd etməməsi üçün bir imkan idi.”
BMT Təhlükəsizlik Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Parlamenti kimi, AŞPA da keçmişdə Ermənistanı Dağlıq Qarabağdan geri çəkilməyə çağıran qətnamələr qəbul edib.
Lakin Süleymanov qeyd edib: “İrəli sürdüyüm bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda – AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsi idi.”
O, əlavə edib: “Bu, Ermənistan tərəfindən törədilmiş qeyri-qanuni işğaldır. Bu fakt bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb və Ermənistana qarşı sanksiyaların tətbiqi bu işğalın dayandırılmalı olduğuna əhəmiyyətli işarə olardı. Biz Krımın birləşdirilməsi ilə bağlı Rusiya əleyhinə atılmış addımlar kimi, konkret addımların atılmasını istəyirik. Lakin AŞ rəhbərliyinin cavabı əbəs yer olan bir imkandır. Bu, ikili standartlara bərabərdir və mən bundan çox məyus oluram.”
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qaldırması ilə başladı. İki tərəf arasındakı amansız müharibə 1991-ci ildə keçmiş Sovet İttifaqı dağıldığı vaxt alovlandı. Dağlıq Qarabağ regionu Azərbaycanın idi, lakin burada əsas etibarilə ermənilər məskunlaşmışdı.
1994-cü ildə atəşkəs barədə razılıq əldə edilənə qədər 30,000-ə yaxın insan öldürüldü və bir milyon əhali öz evlərindən didərgin düşdü. Müharibə zamanı didərgin düşənlərin bir çoxu heç vaxt öz yerlərinə qayıda bilmədi. Onların vətəni indi müharibə zonasını xatırladır. Hesablamalara görə, 600,000 azərbaycanlı və ya ölkə əhalisinin 7%-i Sovet dövründən qalmış məktəblərdə, xəstəxanalarda və ya universitet binalarında beş, altı və ya yeddi nəfərdən ibarət ailələr bir kiçik otaqda olmaqla, yoxsul şəraitdə yaşayır.
Müharibə nəticəsində bir milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrildi və Ermənistan silahlı qüvvələri o vaxtdan etibarən Azərbaycanın beynəlxalq tanınmış 20 %-dən artıq ərazisini, o cümlədən Dağlıq Qarabağı və yeddi qonşu regionu işğal edib.
Mübahisəli region Ermənistanın nəzarətindədir, lakin Azərbaycan onu geri almaq istəyir. Bu ərazi hələ də hər iki tərəfin snayper atəşinə məruz qalır.
BMT Təhlükəsizlik Şurasının Ermənistanın geri çəkilməsinə dair dörd qətnaməsi bu günə qədər yerinə yetirilməyib. Rusiya, Fransa və ABŞ-ın ATƏT-in Minsk Qrupu vasitəsilə vasitəçilik etdiyi sülh danışıqları davam edir, lakin danışıqlar indiyə qədər əsas etibarilə səmərəsiz olub.
Şimalda Rusiya, cənubda isə İranla qonşu olan neftlə zəngin Azərbaycan regionda strateji cəhətdən aparıcı fiqurdur, bu həm də onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rola görədir.
Süleymanov bildirib ki, qətnamə layihəsinin olduğu kimi səsverməyə qoyulmasından imtina Şuranın Dağlıq Qarabağ probleminə “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində” həlli səylərinə açıq-aşkar “istəksizliyi”ni göstərdi.
“Şura özünün daha yaxşı bildiyi səbəblərə görə hadisələrin gedişatını dəyişməməkdə daha çox niyyətlidir”, – o bildirib.
Avropa Komissiyası Azərbaycana dair “ölkənin aralıq hesabatı”nda 2013-cü ilin Aİ ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdə “həlledici il” olduğunu bildirib.
Azərbaycanın noyabr ayında Vilnüsdə Şərq Tərəfdaşlığı Sammitində iştirakı viza rejiminin sadələşdirilməsi barədə sazişin imzalanması ilə nəticələndi və “Aİ-Azərbaycan əlaqələrini gələcəkdə də inkişaf etdirmək potensialını vurğuladı”. Assosiasiya Sazişi və Strateji Müasirləşmə Tərəfdaşlığına dair danışıqlar, eləcə də enerji məsələlərində əməkdaşlıq davam edir.
Sanksiyaların qoyulması Şura üçün olduqca rəmzi xarakter daşıyır, belə ki, bu, onun ixtiyarında olan ən güclü vasitədir. 74 yaşlı Süleymanov bildirib ki, o, Azərbaycanın Şurada bazar ertəsi başlayacaq sədrliyindən Ermənistana qarşı daha güclü tədbirlər görmək istiqamətində lobbiçiliyə kömək üçün istifadə edəcəyinə ümidvardır.
Çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev də Assambleyadakı çıxışında Ermənistanla münaqişənin “üzləşdiyimiz ən böyük problem” olduğunu deyərək, bu məsələni qaldırıb.
O, bütövlükdə region “təhlükəyə atır” və “həll edilməlidir.”
O əlavə edib: “Dağlıq Qarabağ ölkəmin tarixi və ayrılmaz hissəsidir. Biz 20 ildən artıqdır ki, danışıqlar prosesinə qoşulmuşuq, lakin Ermənistan rəhbərliyinin yanaşması adekvat deyil. İşğal nəticəsində tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib, qəbirstanlıqlarımız sökülüb. Münaqişə hamının xeyri üçün ən qısa vaxtda öz həllini tapmalıdır.”
Lakin Süleymanov bildirib ki, Rusiyaya qoyulmuş sanksiyaların eynilə Ermənistana da tətbiqindən imtina Aİ ilə Azərbaycan arasında daha yaxın əlaqələr qurmaq cəhdlərini təhlükəyə ata bilər.
O deyib: “Aİ torpaqlarımızı geri qaytarmaq üçün göstərdiyimiz cəhdlərdə bizi daha çox dəstəkləmədiyi müddətdə bizdən daha yaxın əlaqələrə dəstək verməyimizi gözləyə bilməz.”
Beynəlxalq Böhran Qrupundan Laurens Şits xəbərdarlıq edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin “aparıcı regional gücləri” də cəlb etmək təhlükəsi var.
“Bu o deməkdir ki, bir tərəfdə NATO üzvü Türkiyə, digər tərəfdə isə Rusiya. Qonşuluqda İranın və Avropa üçün həlledici neft-qaz mənbəyi olan regionun olduğunu nəzərə alsaq, ümumi mübarizə ciddi nəticələrə gətirib çıxarar.”