AŞPA-da QALMAQAL: Azərbaycanlı deputatı iclas zalını tərk edib
Martın 20-də Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komitəsinin yaz sessiyası ərəfəsində növbəti yığıncağı keçirilib.
Komitə üzvləri gündəliyə çıxarılan Türkiyə ilə müsbət dialoq, Macarıstana qarşı monitorinqin tətbiq edilməsi təklifi, Azərbaycan, Rusiya və Ermənistan ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan ilə bağlı məsələnin müzakirəsində çıxış edən Milli Məclisin deputatı Elxan Süleymanov Ermənistana qarşı sərt ittihamlar səsləndirib. Deputat Ermənistanda prezidentliyə namizədlərdən birinə sui-qəsd təşkil edildiyini xatırladaraq ciddi hüquq pozuntularına etiraz olaraq cəmiyyətin böyük bir hissəsi tərəfindən nəticələrinin tanınmadığı seçkilərin demokratiya, insan haqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsini təəccüblə qarşıladığını bildirib.
E.Süleymanov diqqəti Ermənistanın Azərbaycana qarşı 25 ildir davam edən silahlı təcavüzünə və bunun nəticəsində ölkəmizin ərazilərinin 20 faizini hələ də işğal altında saxlamaqda davam etməsinə yönəldib. Qeyd edib ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insanın hüquqları pozulub, onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur ediliblər.
”Ağırlaşdırıcı məqam həm də odur ki, Azərbaycanın Xocalı şəhərində 1992-ci il fevralın 26-da yüzlərlə dinc əhaliyə qarşı vəhşicəsinə divan tutaraq qətlə yetirən erməni silahlı birləşmələrinə rəhbərlik edən Serj Sərkisyan yenidən Ermənistanın prezidenti seçilib”.
Deputat Böyük britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” kitabında Xocalıya hücum zamanı erməni hərbçilərinə komandirlik edən Serj Sərkisyandan bu amansız qırğında iştirakı barədə etiraflarını diqqətə çatdırıb. Bildirib ki, Avropa Şurası kimi nüfuzlu təşkilatın üzvü olan bir ölkənin digər dövlətin ərazilərini işğal altında saxlayan, bu torpaqlarda mülki əhalinin etnik mənsubiyyətinə görə qəddarlıqla qətlə yetirən və onların hüquqlarını kütləvi və kobud şəkildə pozan Ermənistanda keçirilən prezident seçkilərinin demokratiya, insan haqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsi özlüyündə qeyri-normal haldır və demokratik dəyərlər sisteminin pozulmasına məruz qalmasından xəbər verir. Bununla bərabər, günahsız azərbaycanlılara qarşı ağır cinayətlər törədən bir şəxsin prezident seçilməsinə Avropa Şurasında demokratiya, insan haqlarına hörmət və hüququn aliliyinə riayət edilməsi müstəvisində qiymət verilməsi demokratiya prinsiplərinə tamamilə ziddir.
”Mən işğalçı dövlətdə keçirilən seçkilərin demokratiya baxımından dəyərləndirilməsinə, insanlığa qarşı cinayət törədən şəxsin prezident seçilməsinin demokratik təsisatlar tərəfindən təqdir olunmasına və legitim sayılmasına qəti etirazımı bildirir, eyni zamanda, bu məsələnin AŞPA-nın yaz sessiyasında müzakirəsini tələb edirəm.
Bu cür antidemokratik qiymətləndirmə üzv ölkələr arasındakı mövcud mübahisəli məsələlərin müharibəyə çevrilməsinə təkan verir və dünya ictimaiyyətinin demokratiyaya olan inamını puç edir”.
Ermənistan nümayəndə heyətinin komitədə təmsil olunan üzvləri və bəzi ermənipərəst deputatlar E.Suleymanovun Ermənistana qarşı səsləndirdiyi kəskin ittihamlarla dolu çıxışını bitirməyə imkan verməyiblər.
Buna etiraz əlaməti olaraq azərbaycanlı deputat yığıncaq keçirilən zalı tərk edib.