AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov Ermənistan qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsinin” azadlıqdan məhrum etdiyi Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib. 

O vurğulayıb ki, soydaşlarımızın
hüquqlarının müdafiəsi üçün AŞPA-da yeganə yol bu qətnamə layihəsidir. AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi
ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə
daxil edilməlidir. Təqdim etdiyim bu qətnamə layihəsinə isə Avropa Şurasına üzv
olan 47 ölkədən 23 ölkəni təmsil edən 46 deputatın imza atması haqq-ədalətin bu
günahsız insanların tərəfində olduğunun göstəricisidir.
Elxan Süleymanov xatırladıb ki, Dilqəm Əsgərov və
Şahbaz Quliyev həqiqətən heç bir cinayət əməli törətməyib və heç bir hüquqazidd
hərəkət etməyib. Onlar 2014-cü ilin iyun ayında Azərbaycanın işğal altında olan
Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan
qüvvələri tərəfindən girov götürülmüşlər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov
isə güllələnərək öldürülüb və onun meyiti sonradan Azərbaycan tərəfinə verilərək
dəfn edilib. Bu torpaqlar hüquqi baxımdan Azərbaycan əraziləridir və Azərbaycan
vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər.
Burada cinayət törədən tərəf Ermənistandır. Bu dövlət
Azərbaycan ərazilərini işğal edib, 22 ildən artıq davam edən bu işğal beynəlxalq
hüquq normalarına görə qeyri-qanunidir. Digər tərəfdən, beynəlxalq hüquq
normalarına görə, işğalçı Ermənistan tək Azərbaycan qarşısında deyil, ümumiyyətlə,
dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşımalıdır.
Göründüyü kimi, cinayət törədənlər öz ata-baba yurdlarını ziyarət etmək istəyən
Dilqəm Əsgərov və Şahbaz Quliyev deyil, əksinə onları girov götürən və Həsən Həsənovu
qətlə yetirən Ermənistan tərəfidir.
Elxan Süleymanov bildirdi ki, Ermənistanın işğal
etdiyi ərazilərdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı separatçı
rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, bu “qurum”
hüquqi baxımdan qeyri-legitimdir və mahiyyət etibarı ilə tanınmamış separatçı
siyasi təsisatdır. Odur ki, onun formalaşdırdığı “məhkəmə” də qeyri-legitimdir
və belə qeyri-legitim “birinci instansiya məhkəməsi” 19 dekabr 2014-cü ildə D.
Əsgərovu ömürlük, Ş. Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına
məhküm edib. Odur ki, bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində
vurğulanır ki, “İki hökm çıxarmış “məhkəmə” tanınmamış separatçı siyasi təsisat
tərəfindən yaradıldığına görə nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən
hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı
təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış
separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən
beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar
mövcud deyildir”.
Elxan Süleymanovun sözlərinə görə, tam aydındır ki,
D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılmışlar və onlar üzərində
qurulan məhkəmə saxtadır. Odur ki, bizim qətnamə layihəsinin əsas məqsədlərindən
biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə
oyununu ifşa emək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir.
Bu məqsədlə qətnamə layihəsində D. Əsgərovun və Ş.
Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan
bütün tərəflərdən bu  şəxslərin dərhal
azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış
edilir.
Qətnamə layihəsini irəli sürməkdə məqsəd
separatçılar tərəfindən terrora məruz qalmış soydaşlarımızın beynəlxalq təşkilat
çərçivəsində hüquq və azadlıqlarının bərpa edilməsinə nail olmaqdır, – deyə
Elxan Süleymanov bildirdi.
Elxan Süleymanov vurğuladı ki, “Bu çox çətin bir
missiyadır, çünki AŞPA-da təqdim etdiyim Sərsəng humanitar faciəsi ilə bağlı
olan “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum
edilməsinə dair” və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində
gərginliyin artması” adlı qətnamə layihələrimə AŞPA Katibliyi, Büro və
Prezidentlər Komitəsində anti-Azərbaycan qüvvələri tərəfindən ciddi maneələr
oldu və nəhayət 2 ilə yaxın mübarizədən sonra bu qətnamə layihələri üzrə
AŞPA-nın Sosial və Siyasi komitələrində məruzəçilər təyin edildi. Bu qətnamə
layihəsinin əvvəlkilərdən daha asan yolla öz həllini tapa biləcəyini güman
etmirəm.  Bu, gərgin bir mübarizədir,
ancaq mən bu layihənin həyata keçirilməsində israrlıyam”.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları