AP-nin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Avronest PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və dəvəti ilə Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti oktyabrın 31-dən noyabrın 3-dək Azərbaycanda səfərdə olacaq. SİA-nın məlumatına görə, qonaqlar noyabrın 2-də Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti, habelə Azərbaycanın vətəndaş cəmiyyəti fəalları ilə görüşəcəklər.
Səfərin 2-ci günündə nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və Crystal Sarayla tanışlığı gözlənilir.
Səfərin sonuncu günü yəni noyabrın 3-də qonaqların yerli müxalifət partiyaları ilə – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur.
Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüş gözlənilir.
Qeyd edək ki, Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.