Andorrada “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib
Azərbaycan Milli Məclisinin və Azərbaycan Hökumətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti dekabrın 13-14-də Andorra Knyazlığının paytaxtı Andorra La Vella şəhərində rəsmi səfərdə olub.
APA-nın məlumatına görə, səfər çərçivəsində Andorranın ali qanunverici orqanı – Baş Şurasının binasında “Azərbaycan XXI əsrdə. Azərbaycan və Andorra arasında etibarın yaradılması” mövzusunda konfrans keçirilib.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Ceyhun Osmanlı və Ayaz Orucov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev iştirak ediblər.
Andorra Knyazlığı tərəfdən konfransda Andorra Parlamentinin üzvləri, Andorra hökumətinin və Ticarət Palatasının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin və ölkə mediasının təmsilçiləri iştirak ediblər.
Tədbiri Andorra Baş Şurasının prezidenti Vicenç Mateu Zamora açıb. O, Azərbaycanın Andorra üçün əhəmiyyətli ölkə olduğunu, Azərbaycanın uğurlarını diqqətlə izlədiklərini və ikitərəfli münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb. Andorra parlamentinin rəhbəri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edib. O, Azərbaycan parlamenti nümayəndə heyətinin səfərinin ikitərəfli əlaqələrin gücləndirilməsinə xidmət edəcəyinə inandığını bildirib.
Şamaxının millət vəkili Elxan Süleymanov konfransın təşkilatçılarına və iştirakçılarına Azərbaycan nümayəndə heyəti adından təşəkkür edərək, bu səfərin Andorra-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacağına, iki ölkə arasında qarşılıqlı əlaqələrin formalaşmasına və gələcəkdə yüksələn xətlə inkişaf etməsinə təkan verəcəyinə inandığını qeyd edib.
E.Süleymanov çıxışında Dağlıq Qarabağ probleminin münaqişə deyil, Ermənistanın Azərbaycana silahlı təcavüzü olduğunu xüsusi qeyd edib: “Ermənistan Azərbaycana qarşı müharibə aparıb və Azərbaycanın əraziləri işğal edilib. Ermənistan təcavüzkar, Azərbaycan isə təcavüzə məruz qalan tərəfdir”. Millət vəkili bəyan edib ki, təcavüzkara qarşı mübarizə bəşəriyyət və insanlığa xidmət etməkdir: “Bu müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulub. Bir milyona yaxın azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulub”.
Azərbaycan baş nazirinin müavini Əli Həsənov konfransın təşkilatçılarına Azərbaycan hökuməti adından təşəkkür edərək, Azərbaycanın tarixi, qaçqın və məcburi köçkünlərin vəziyyəti və problemləri barədə geniş məruzə edib.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat verib. O qeyd edib ki, XXI əsrin əvvəlində Azərbaycan regionda iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrilib.
Sonda Azərbaycan millət vəkillərinin də iştirakı ilə konfrans iştirakçılarının çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.
Andorraya səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin Andorranın Baş Şurasının prezidenti cənab Vicenç Mateu Zamora, iqtisadiyyat və ərazi naziri cənab Jordi Alcobé Font, turizm və ətraf mühit naziri Francesc Camp Torresin qəbulunda olublar. Azərbaycana qarşı erməni təcavüzü, Dağlıq Qarabağ və ətrafında olan vəziyyət, o cümlədən Azərbaycan və Andorra arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq enerji təhlükəsizliyinin aspektləri müzakirə edilən mövzular arasında olub.