Şamaxının gənc istedadları sentyabr ayında Bakıda keçiriləcək konsertə hazırlaşır
İyulun 10-da Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun gənc istedadlarının mahnı müsabiqəsinin finalçıları və onların musiqi müəllimləri ilə birgə görüş keçirilib. Görüşdə məşhur xanəndə, Azərbaycanın əməkdar müəllimi Qəzənfər Abbasovun iştirakçılar arasında keçirdiyi yeni dinləmələr zamanı müsabiqənin finalına vəsiqə qazanan 13 iştirakçının yekun konsertdə ifa edəcəkləri mahnılar müəyyənləşdirilib.
Müsabiqə iştirakçılarına sentyabr ayında Bakıda keçiriləcək yekun konsertə hazırlaşmaq üçün 2 ay müddət verilib. Bu, əvvəllər heç bir müsabiqənin qalibi olmayan 7-16 yaş arasında Şamaxı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri və 17-19 yaş arasında gənclərdir.
Xatırladaq ki, mahnı müsabiqəsi mayın 15-dən start götürüb və müsabiqənin Təşkilat Komitəsi Şamaxıda aidiyyatlı qurumlar, o cümlədən Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Şamaxı Humanitar Kollecində görüşlər keçirib, o cümlədən müsabiqə ilə bağlı yerli icra hakimiyyəti, təhsil və mədəniyyət şöbələri məlumatlandırılıb, müsabiqəyə dair plakatlar paylanılıb və s.təşkilatı işlər gürülüb. İştirakçıların seçim turu isə iyun ayında Şamaxıda keçirilib.