Şamaxıda V bədii qiraət müsabiqəsinə yekun vurulub

Şamaxıda V bədii qiraət müsabiqəsinə yekun vurulubMayın 22-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondunun təşkil etdiyi Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunmuş V bədii qiraət müsabiqəsinə yekun vurulub.

Şamaxının təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqənin final turunda 100-dən çox iştirakçı M.Ə.Sabirin şeirlərini söyləyib.

Tanınmış şair Musa Yaqubun rəhbərlik etdiyi ədəbiyyatçıların və M.Ə.Sabir yaradıcılığının tədqiqatçılarından ibarət münsiflər heyəti iştirakçıların bacarıqlarını qiymətləndirib. Şamaxı şəhər 1 saylı tam orta məktəbin şagirdi Aynur Hökmürəvan I yerə, Məlhəm kənd tam orta məktəbin şagirdi Əfsanə Mahmudova və Şəhriyar qəsəbə tam orta məktəbin şagirdi Türkan Razimi II yerə, Şamaxı şəhər 2 saylı tam orta məktəbin şagirdi Cavid Abdurrəhmanov, Avropa liseyinin şagirdi Nəcməddin Nəcəfli və Texniki-Humanitar Təbiət Təmayüllü liseyin şagirdi Nazilə Daşdıyeva III yerə layiq görülüblər.

Avropa liseyinin şagirdləri Aysel Mirzəliyevaya, Xədicə Nurluya, Bilqeyis Məhərrəmovaya, şəhər 9 saylı tam orta məktəbin şagirdi Aytən Ədilovaya və 6 saylı tam orta məktəbin şagirdi Xuraman Teymurovaya həvəsləndirici mükafatlar təqdim olunub.

Şamaxı şəhər mədəniyyət sarayında keçirilən qalibləri mükafatlandırma mərasimində rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, şair Musa Yaqub və başqaları çıxış edərək bildiriblər ki, artıq 5-ci ildir keçirilən M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi rayonun mədəni həyatında mühüm yer tutur.

Sonda qaliblərə diplom və pul mükafatları təqdim edilib.

Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən müsabiqədə fərqlənənlər M.Ə.Sabir təqaüdü alacaqlar. İndiyədək bədii qiraət müsabiqəsinin qalibi olmuş 36 nəfərə M.Ə.Sabir təqaüdü verilir.

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları