Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır
May ayının 18-də Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu keçiriləcək.
Publika.Az-ın məlumatına görə, müsabiqənin təqdimat mərasimi isə may ayının 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq. Tədbir çərçivəsində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçiriləcək.
Bu günlərdə təşkilat komitəsinin üzvləri Dəyanət Musayev və Vüqar Tofiqli layihə çərçivəsində Şamaxı rayonunun tədris müəssisələrində görüşlər keçirərək, müsabiqənin gedişi ilə maraqlanmışlar. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında, Şamaxı Humanitar Kollecdə, şəhər 1 və 5 saylı tam orta məktəbində müsabqənin gedişi ilə tanış olmuşlar.
Layihə çərçivəsində təşkilat komitəsinin üzvləri həmçinin rayon təhsil müəssisələrində çalışan ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar keçirmişlər. Görüşdə rayonun kənd və qəsəbə məktəblərində çalışan 30 nəfərədək ədəbiyyat müəllimi iştirak etmişdir.
SAMF-ın icraçı direktoru V. Tofiqli üçüncü dəfə keçirilən müsabiqənin şərtlərindən danışaraq, müsabiqənin gedişi barəsində ətraflı danımışdır. SAMF təmsilçisi müsabiqəyə edilən bəzi əlavələr haqqında da tədbir iştirakçılarını məlumatlandırmışdır.
Qeyd edək ki, bu dəfəki müsabiqənin yeniliklərindən biri də M.Ə.Sabirin müasirlərinin yaradıcılığına müraciət edilməsinə şəraitin yaradılmasıdır.
Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliginə metodiki dəstək vermək, tədris prosessində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.
Xatırladaq ki, qaliblərə Şamaxının millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar veriləcəkdir.