Almaniya Bundastaqının üzvləri Azərbaycanda səfərdədirlər
6 iyun 2012-ci il
Milli Məclisin deputatı, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Avropa Parlamenti və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti iyunun 5-dən ölkəmizdə səfərdədir.
SalamNews-un məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Hörst Şnellhardt, Markus Ferber, Bundestaqın üzvləri Tankred Schipanski, Thomas Bareib, Christoph Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşlarıı Tim Brauckmüller və Dimos Qatidis daxildirlər.
İyunun 10-dək davam edəcək səfər zamanı qonaqlar Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abasovla görüşəcəklər.
Bundastaq üzvlərinin həmçinin, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.
Qonaqlar Şamaxı rayonuna da gedəcəklər.