ABBAS SƏHHƏT MEHDİZADƏ ŞİRVANİ (1874 – 1918) I

 

ABBAS SƏHHƏT MEHDİZADƏ ŞİRVANİ

(1874 – 1918)

Tərtib edən: Milli Elmlər Akademiyasının

həqiqi üzvü, akademik Bəkir Nəbiyev

Abbas Səhhət klassik Şirvan şairlərinin görkəmli nümayəndələrindən biri, özünün çoxşaxəli yaradıcıhğı, ilk növbədə isə bənzərsiz lirik poema və şeirləri, dünya poeziyasından tərcümələri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirən istedadlı sənətkardır. O da minlərlə digər yurddaşı kimi 1918-ci ilin martında erməni silahlı quldurlarının Şamaxıya qəfil basqınına məruz qalmış, evi-eşiyi dağıdılmış, əlyazmaları da içində olmaqla bütün müxəlləfatı yandırdmışdır. Şair ömrünün son aylarını qaçqınlığın doğurduğu üzüntülər içində keçirməli olmuşdur…

 

I

XX əsr ədəbiyyatımızm görkəmli nümayəndələrindən Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Səid Səlmasi, Abdulla bəy Divanbəyoğlu və gənc Cəfər Cabbarlının təmsil etdikləri Azərbaycan romantizmi, onun ədəbi-ictimai fikir tarixindəki rolu, müstəqil bir ədəbi cərəyan kimi özünə məxsus əlamət və keyfiyyətləri uzun müddət elmimizin əhatə dairəsindən kənarda qalmışdı. Mir Cəlal Paşayev, Məmməd Arif, Cəfər Xəndan, Əziz Mirəhmədov, Kamal Talıbzadə öz tədqiqatlarında yuxarıda adları çəkilən sənətkarların yaradıcılığına dair maraqlı qənaətlər söyləsələr də 1905-1920-ci illərin Azərbaycan romantizmi aynca bir sanballı tədqiqatın obyekti olmarmşdı. Kommunist partiyasının XX-XXII qurultaylarından, Stalinin şəxsiyyətinə pərəstişin kəskin tənqidindən sonra ölkənin ideoloji həyatında özünü göstərməyə başlamış nisbi yumşalmadan istifadə edən akademik M.C.Cəfərov 1963-cü ildə nəşr etdirdiyi «Azərbaycan ədəbiyyatında romantizm» kitabı ilə həmin sahədəki boşluğu aradan qaldırdı. Bu görkəmli alim öz monoqrafiyasında ədəbiyyatımımızda romantizm cərəyanının ictimai-siyasi kökləri, əmələ gəlməsinin tarixçəsi, qaynaqları məsələlərini aşkarlamış, bir yaradıcılıq üslubu kimi onun mahiyyətini, özəl xüsusiyyətlərini açıqlamışdı.

Məmməd Cəfər müəllim tamamilə haqlı olaraq romantizmin XX əsrin əvvəllərinin çığırqan ziddiyyətlərindən, həyatın irəli sürüb həllini tələb etdiyi böyük tarixi problemlərə ədəbiyyatın cavab verməsi zərurətindən doğduğunu əsaslandırırdı. İctimai azadlığa nail olmaq, imperiyanın getdikcə şiddətlənən milli əsarətindən qurtulmaq, Cənubi Azərbaycanı İran feodallarının tapdağından xilas etmək, iqtisadiyyat, mədəni quruculuq, təhsil sahələrində zəruri islahatları həyata keçirmək realist ədib və şairlərimizlə yanaşı romantik sənətkarlarımızın da ən yaxın gələcək üçün yaradıcılıq vəzifələrindən idi. Onlar öz əsərlərində xalqın ümumi inkişafına əngəl törədən feodal əlaqə və münasibətlərə, avamlıq, gerilik, xürafat, fanatizm və cəhalətə qarşı fəal çıxışlar edirdilər. Romantiklər xüsusi mülkiyyətçilik, əmlak bərabərsizliyi, müftəxorluq, tüfeylilik və istismarçılığı çox ciddi tənqid edir, tərəqqinin əsas yolunu xalq maarifinin, elmin, mədəniyyətin, inkişafında görürdülər. Bu deyilənlərin ən qiymətli poetik təzahürlərindən biri XX əsrin əvvəllərinin istedadlı və fədakar romantiklərindən olan A.Səhhətin əlvan yaradıcılıq nümunələrində parlaq surətdə özünü göstərmişdir.

Akademik Məmməd Arif Dadaşzadə əsasən keçən əsrin ilk onilliyində fəaliyyət göstərmiş iki görkəmli Azərbaycan şairi M.Ə.Sabirlə A.Səhhətin səsləşən, ümumi və bir-birindən seçilən fərqli cəhətlərini əsaslı şəkildə müəyyənləşdirmişdi. Alim belə düzgün bir fikirdə idi ki, Səhhət bir şair kimi qarşısında duran ictimai-tarixi vəzifələri çox gözəl bilir, bir sıra şeirlərində buna açıq işarələr edir, lakin həmin vəzifələri özünəməxsus bir şəkildə həyata keçirirdi. O, dövrünün ictimai xəstəliklərinə qarşı mübarizə aparmaq üçün Sabir kimi «süngülər açmayan yolu açan» bir şair olmaq lazım gəldiyini bilirdi. Lakin Səhhətin mübarizə yolu, yaradıcılıq istiqaməti, sənətdə üslubu Sabirinkindən çox fərqli idi. Sabir sözü gedən ictimai xəstəlikləri amansız satirası ilə atəşə tutub məhv etdiyi halda, Səhhət yanıqlı bir dillə şikayət edib oxucularda emosional təsir oyatmaqla, onları mütəəssir etməklə xalqı irəliyə, xoşbəxtliyə doğru aparmaq istəyirdi. Bir sözlə zəmanədən şikayət motivləri Səhhət poeziyasının əsas əlaməti olmuşdu. A.Səhhət «şüarçı şairlər»dən deyildi. Onun yaradıcılıq üslubu üçün romantik təxəyyül, lirik intibah məqamları səciyyəvidir. Bununla belə, elə əsərləri də var ki, onlarda şüarçılıqdan uzaq olsa da, şair özünün ictimai-siyasi mövqeyini bəzəksiz-düzəksiz, tam səmimiyyətlə etiraf etmişdir. «Tərəcümeyi-halım yaxud Hululu» şeiri bu baxımdan əlamətdardır. El arasında dolaşan bir eşq dəlisinin obrazı bu əsərdə, əlbəttə, müəyyən fərqlərlə, Səhhətin özünün obrazı, bir növ avtoportreti kimi canlanır. Halı yaman, ürəyi qan olan bu «evi yıxılmışın» içdiyi su göz yaşıdır. Onun qəlbində böyük niyyətləri, məqsədləri var. Lakin zamanm güclüləri öz qanlı əlləri ilə nəfəsini tıxadıqları üçün nə qədər bağırırsa da, səsi çıxmır. Bu zalım əllərin əsarətindən xilas ola bilsə, onun xalqa deməyə sözü var:

Şişə çəksəz də diriykən ətimi,

Atmaram mən vətənü millətimi.

Məsləkim tərcümeyi-halımdır,

Lütfı-həq qayeyi-amalımdır.

 

Bu şeirdə lirik qəhrəmanla müəllif arasında qəribə bir səsləşmə, mən deyərdim ki, bəzi nöqtələrdə hətta eyniləşmə özünü göstərir. Adətən şairlər özəlliklə qəzəllərində öz təxəllüslərini, adlarını bir qayda olaraq şeirlərinin sonunda qeyd edirlər. Bu əsərin sonunda isə təxəllüs verilməmişdir. Lakin onun səkkizinci beytində yaratdığı «Adı Səhhətkən özü xəstə, əlil» təzadı (kontrastı) sübut edir ki, bu əsərdə Abbas Səhhətin özü ilə onun yaratdığı Hululu obrazı arasında səsləşmədən də çox məhz bir eyniyyət mövcuddur.

 

*** 

Abbas Səhhət Mehdizadə 1874-cü ildə Şamaxı şəhərinin Sartorpaq məhəlləsində anadan olmuşdur. Qurani-Kərimi, ərəb və fars dillərini yetərincə bilən atası Molla Əliabbas məhəllə mollaxanasında müəllimlik edirdi. Səhhətin adı çəkilən dilləri yaxşı öyrənməsində, Quran hikmətlərinə dərindən bələd olmasında yeddi yaşında ikən təhsil almağa başladığı həmin mollaxanada və evdə atasından aldığı təlimin mühüm rolu olmuşdur. Anası Seyid Ruqiyyə xanım zəmanəsinin savadlı, bilikli qadınlarından olub. Otlardan, çiçəklərdən, bitgi köklərindən və yarpaqlarından hazırladığı dərmanlarla bəzi xəstəlikləri müalicə edərmiş. XIX əsr şairlərinin Kərbəla faciəsinə həsr olunmuş iri həcmli mərsiyələrini əzbər bilər və məhərrəmlik təziyyələrində xoş avazla oxuyarmış. Səhhətin müasirləri, özəlliklə keçmiş şagirdləri öz məqalə və xatirələrində dönə-dönə şəhadət verirlər ki, o, heyrətamiz hafizəyə malik imiş, bir şeiri bircə dəfə diqqətlə oxuyub başa çıxan kimi əzbər söylərmiş. Allah vergisi olan bu keyfiyyətin ailədən və ilk növbədə anasından keçmə olduğunu güman etməyə hər cür əsasımız var.

Diqqətli və tez qavrayan yeniyetmə kimi hamının nəzərini cəlb edən Abbas doğma Azərbaycan dilinin incəliklərini də dərindən mənimsəyir, şifahi xalq yaradıcılığı nümunələri olan bayatılar, laylalar, alqışlar, ağılar və nağılları böyük həvəslə öyrənir və bu zəmində onda şeir yazmağa meyl oyanır. İlk qələm təcrübələrilə məşğul olarkən yerli şairlərdən «Sabit» təxəllüslü Hacı Cabbar ona əruz vəzni, bəhrlər, qafıyə, rədif və s. haqqında vacib mətləbləri öyrədir.

1894-cü ildə Səhhət təhsilini davam etdirmək üçün Məşhəd şəhərinə yola düşüb oradakı «Mirzə Cəfər mədrəsəsi»nə daxil olmuşdur. İl ərzində özəlliklə fars və ərəb dilləri sahəsində daha da kamilləşən Səhhət sonra Tehrana gedib bir qədər də hazırlaşdıqdan sonra «Mədrəseyi-nizamiyyeyi-Nasiriyyə»yə daxil olur. «Mədrəsə» sözü bizdə adətən inqilabdan əvvəlki ibtidai təhsil ocaqlarına verilən ümumi bir ad kimi qəbul olunmuşdur. Amma sözü gedən «mədrəsə» İranın o zaman üçün modern ali tibb tədrisi ocaqlarından biri olub, Nəsrəddin şah tərəfindən təsis edilmişdi. Beləliklə də həmin tədris ocağı bu gün Tehran Tibb Universiteti anlamına gəlir. Altı il həmin universitetdə müvəffəqiyyətlə təbabəti öyrənən və xəstələrin müalicəsi sahəsində əsaslı təcrübə keçən Səhhət həkimlik diplomu alır. Bu zaman o, ərəb, fars, türk dilləri ilə yanaşı latın və fransız dillərini də yaxşı bilirdi.

Tehrandakı tələbəlik çağlarında və sonra Səhhət İranın bəzi şəhərlərini gəzib tarixi yerlərdə, mədəniyyət mərkəzlərində olmuş, özəlliklə fars poeziyasının Məkkəsi kimi bütün Yaxın Şərqdə məşhur olan Şiraz şəhərində Müslihiddin Sədinin (1184-1291) və Hafiz Şirazinin (1325-1389) qəbirlərini ziyarət etmiş, aldığı təəssürat əsasında «Şeyx Sədi» və «Xacə Hafiz» şeirlərini yazmışdır. Təsvir və tərənnüm obyektlərinə həm də gözüaçıq, obyektiv, bəzən təəssüf qarışıq tənqidi münasibət bildirməsi A.Səhhətin bu şeirlərindən başlayaraq özünü aşkar göstərən əlamətlərdən biridir. Ədəbi irsinin ən kamil nəşri olan ikicildlikdə (Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1975-1976) dərc edilib altında «1898» yazılmış şeirləri də bunu sübut edir. Hər iki şairin hərəsini bir «möcüzə» hesab etdiyi şeirlərini çox yüksək qiymətləndirən, onlarm əbədi uyuduqları torpağı cənnət bağının bir guşəsi kimi tərənnüm edən Səhhət dərin təəssüf hissi ilə deyir ki, zəmanəsində bu sənətkarların qədri yetərincə bilinmir, bu qüdrətli söz bahadırlarının şərəfmə doğma ölkədə heykəllər qoyulmayıb, məktəblərə onlarm adları verilməyib, gözəl nəsihətləri tədricən unudulubdur…

Tibb Universitetini bitirib yayda vətənə dönən Səhhət 1899-cu ildə Şamaxıda dayısı qızı Səkinə xanımla evlənir. Lakin xasiyyətləri uyğun gəlmədiyi üçün az sonra onlar boşanırlar. İkinci (sonuncu) dəfə şair 1902-ci ildə yoxsul bir ailənin övladı olan Soltan Nisə xanımla ailə qurmuşdur.

Həkim Səhhətin həyatında uzun müddət unuda bilmədiyi kədər qarışıq qəribə bir hadisə baş verir. 1901-ci ildə İranın əyalət hakimlərindən Zərcamus xan universitet rəhbərinə müraciət edərək fərqlənən məzunlarından birini şəxsi həkimi kimi özü ilə Qaşqaiyə aparmaq istəyir. Rektor ixtisas səviyyəsini, şəxsi keyfıyyətlərini və mədəniyyətini yüksək qiymətləndirdiyi Səhhəti xana təqdim edir. Onlar birlikdə əyalətə gedirlər. Şairin əziz dostu və həmkarı Abdulla Şaiq yazır ki, Səhhət bir ildən artıq davam edən müddətdə xanm sağlamlığını qorumaq üçün nə lazımdırsa etmiş, tutulduğu xəstəliklərdən onu müalicə etmişdir. Quru öskürəyə məruz qalan xanı müalicə edərkən Səhhət ona qəlyan çəkməyi qadağan etmiş, lakin uzun illərdən bəri qəlyandan bir zövq mənbəyi kimi istifadə edən xan həkimin dediyinə etina etməyib qəlyan sümürməyə, beləliklə də bədənini zəhərləməyə davam edir və onun xəstəliyi daha da şiddətlənir. Bu zəmində etdikləri mübahisə zamanı həkimin görünür, artıq bir qədər sərt ahənglə dediyi iradlar məğrur və mədəniyyətsiz xanın qəzəbinə səbəb olur və o əmr verib həkimi … döydürür. Daha orada qala bilməyən Səhhət pərt və peşiman halda Şamaxıya qayıdır.

İran Universitetinin diplomu ilə Rusiya imperiyasının əyalət şəhəri olan Şamaxıda həkimlik etməyə icazə verilmədiyindən Səhhət bir müddət işsiz olmuş, atası Molla Əliabbasın və saatsaz qardaşı Məhəmməd Rzanın maddi köməyi ilə dolanmaq zorunda qalmışdır. Bununla belə Mirzə Abbasın həkim olduğunu bilən qohum-qonşu, tanış-biliş xəstələr ehtiyac olduqda ona müracət etmiş, məsləhətləri və dərmanları ilə müalicə olunub sağalmışlar. Digər Şamaxı ziyalıları, özəlliklə Mahmud bəy Mahmudbəyov, Ələkbər Sabir, Məhəmməd Tərrah kimi şairlərlə tanışlığı, sonuncularla yaxından dostluğu elə bu çağlardan başlamışdır. F.Köçərli ilə qiyabi tanışlığı və yazışmaları (1903), A.Şaiqlə Şamaxıdan başlayan dostluğu (1905) da həmin illərə təsadüf edir.

A.Səhhətin «Ey könül, yatmagilən, dur, gözün aç, bidar ol!» misrası ilə başlayan ilk mətbu şeiri 3 mart 1904-cü ildə «Şərqi-Rus» qəzetində dərc olunmuşdur.

1906-1907-ci tədris ilində A.Səhhət təzə təsis olunmuş Şamaxı realnı məktəbində pedaqoji fəaliyyətə başlamışdır. O, millət üçün bütün varlığı ilə xidmət edən əsl xalq müəllimlərindən biri idi. Bəziləri kimi cədvəl üzrə dərsini deyib məvacibini almaqla işini məhdudlaşdırmaz, şagirdlərinə mənəvi atalıq edər, onların millətə gərəkli olan vətənpərvər övladlar kimi yetişməsi üçün əlindən gələni əsirgəməz, dərs saatınm hər bir dəqiqəsindən yüksək dərəcədə səmərəli istifadə edər, hərdən proqramm tələbindən kənara çıxsa da, dərslərinin orijinallığını və dərin məzmununu təmin edərdi. Vaxtı ilə Şamaxı realnı məktəbində dərs dediyi məzunlardan biri, Azərbaycanm tanınmış alimlərindən, coğrafiya elmləri namizədi Rəmzi Möhsün oğlu Yüzbaşovun (1906-1986) Akademiyanm Coğrafıya institutunda Toponimika şöbəsinin müdiri vəzifəsində çalışarkən çap olunmuş xatirələri buna çox qiymətli sübutdur. Bu xatirələrdən öyrənirik ki, Səhhət sentyabrın ilk günlərindən birində onlarm sinfində Ana dili dərsinə başlayanda əvvəlcə təbaşirlə lövhəyə böyük hərflərlə «Vətən» sözünü yazıb onun nə demək olduğunu izah etmişdir. Həmin izahat nəticəsində şagirdlər fərqinə varmışlar ki, doğulduqları, ayaq açıb yeridikləri məhəllə, kənd, şəhər onların doğmaca yurdu, böyük Azərbaycan məmləkəti isə əziz və müqəddəs vətənidir. «Biz bəlkə də Şamaxı şəhərinin vətənimiz olduğunu bilir, lakin Azərbaycan adlı qədim, zəngin, Babəklər yetişdirən böyük bir vətənimiz olduğunu bilmirdik».

İkinci ana dili dərsində Səhhət eyni qayda ilə «Millət» sözünün mənasını açmış, uşaqlara başa salmışdır ki, biz millətcə Azərbaycanlıyıq, bizim Xaqani, Nizami, Füzuli, Seyid Əzim və Sabir kimi qüdrətli şairlərimiz var… Üçüncü dərsində isə Səhhət eyni üsul ilə uşaqlara «Din» kəlməsinin özəlliklərini izah etmiş, dinlə fanatizmin müxtəlif şeylər olduğunu onlar üçün anlaşıqlı həyat faktları ilə başa salmış, təziyyə mərasimlərində zəncir vurmaq, baş yarmaq kimi avamlıq, fanatizm əlaməti olan mürtəce adətlərdən bilmərrə uzaq olmağı təlqin etmişdir.

1906-1907-ci illərdə digər ziyalılar və əziz dostu Sabirlə birlikdə Şamaxı şəhərində kitabxananın yaradılması işində Səhhət yaxından iştirak etmiş, öz şəxsi kitabxanasından götürdüyü bir neçə qiymətli əsəri bu yeni mədəniyyət ocağına bağışlamış, onun açılışı mərasimində kitabxana işinin xalqın tərəqqisində roluna dair parlaq bir nitq söyləmişdir.

1908-ci ilin ilk günlərində Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının Bakıda H.Z.Tağıyev teatrında göstəriləcək ilk tamaşasma dair qəzetlərdə məlumat oxuyan Səhhət teatra teleqram göndərərək xüsusi loja sifariş vermiş, bu münasibətlə M.Ə.Sabirlə Şamaxıdan Bakıya gəlmiş, onlar yanvarın 12-də Azərbaycan tarixində böyük hadisə olan bu premyerada iştirak etmişdilər.

Həmin ilin yayında Səhhət Şamaxıda N.Vəzirovun «Adı var, özü yox» komediyasmı həvəskarlarm qüvvəsi ilə tamaşaya qoymuşdur.

1909-cu ildə dostu və həmkarı Mahmud bəy Mahmudbəyovla birlikdə yazdıqları «Yeni məktəb» dərsliyi Bakıda nəşr olunmuşdur. İbtidai məktəblərin üçüncü sinifləri üçün nəzərdə tutulmuş bu dərsliyin həmmüəllifı M.Mahmudbəyov (1869-1923) Qori seminariyasının məzunlarından olub uzun müddət Şamaxıda müəllimlik etmişdir. 1906-1907-ci illərdə Bakıda «Rəhbər» jurnalının redaktoru olmuşdur. Sözü gedən dərsliyin səhifələrində Səhhətin bir sıra şeirləri və məşhur rus şairi Lermontovdan tərcümə etdiyi bəzi əsərlər də dərc olunmuşdur. 1909-cu ildə şairin qızı Ruqiyyə Soltan anadan olmuşdur.

***

A.Səhhətin yaradıcılıq və ictimai fəaliyyətini gözü götürməyən paxıllar da vardı. Onlar şairdən hökumət idarələrinə xəbərçiçlik edir, Səhhətin əməllərində uydurma cinayət tərkibi axtarırdılar. Yenə də keçmiş şagirdlərinin xatirələrindən məlum olur ki, Səhhət və onun yaxın əhatəsi (M.Ə.Sabir, A.Naseh, M.Mahmudbəyov, M.Tərrah və b.) uzun müddət Şamaxı qəzasınm polis rəisi Jupranskinin ciddi nəzarəti altında qalmışdır. Onlar hər hansı bir ictimai-mədəni tədbirdə iştirak edəndə, yaxud istirahət və söhbət üçün harada isə bir yerə toplaşanda orada hökmən bir nəzarətçi peyda olar, bu ziyalı dostların, şairlərin, müəllimlərin ünsiyyətinə qanqaralığı salarmış. Xatirələrdə və dövri mətbuatda dəfələrlə Səhhətin evinin axtrıldığı da qeyd olunur. Bu cür axtarışların birində polislər şairin mənzilindən «şübhəli» hesab etdikləri bir neçə kitabı özləri ilə aparmışdılar. Bu hadisə Səhhətə çox pis təsir etmiş, əsəb gərginliyi keçirən şair xəstələnib bir müddət işə çıxmamışdı. Bir qədər sonrakı illərə müraciət edib deyim ki, Şamaxının əbləh qəza polis rəisi Jupranski 1917-ci ilin fevral ayında bədxah əməlləri üçün öz cəzasına çatmışdı. Həmin günlərin birində mütləqiyyətin məğlubiyyətini və İkinci Nikolayın taxtdan salınmasını tabeliyində olanlardan biri ona xəbər vermiş və bu gözlənilməz xəbəri alan kimi qəza polis rəisi elə küçədəcə bayılıb yerlə-yeksan olmuşdu.

1911-ci ildə A.Səhhətin təşəbbüsü və yaxından köməyi ilə Şamaxı şəhərində ilk qız məktəbi açılmışdır. Həmin il mayın 12-də Səhhətin həyatının ən böyük faciəsi baş vermiş, qardaşdan əziz dostu, böyük Azərbaycan şairi M.Ə.Sabir vəfat etmişdir.

1912-ci ildə Bakıda, Orucov qardaşlarının nəşriyyatında şairin «Sınıq saz» adlı ilk şeirlər kitabı və əsasən rus şairlərinin əsərlərinin tərcümələrindən ibarət «Məğrib günəşləri» (iki hissə) toplusu nəşr olunmuşdu. Yenə də 1912-ci ildə M.Ə.Sabirin «Hophopnamə» kitabının işıq üzünə çıxarılması A.Səhhətin həm şair, həm vətəndaş, həm də sadiq bir dost kimi ən böyük uğuru olaraq ədəbiyyat tariximizdə qalacaqdır. 1912-ci ildə «Kəlniyyət» jurnalı səhifələrində şairin bir sıra satirik şeirləri buraxılmışdır.

1913-cü ilin yayında Səhhət Stavropol yaylağında dincəlmiş, əlyazması itən «Volqa səyahəti» romanı üzərində işləmişdir. 1914-cü ildə «Əli və Aişə» romanını tamamlamışdır. Dərin təəssüflər olsun ki, bu son iki romanm əlyazması bizə gəlib çatmamışdır. Hər iki əsər 1918-ci il Şamaxı dəhşətləri ilə əlaqədar taleyinə qaçqınlıq yazılmış Mehdizadələr ailəsinin faciəli günlərində itib-batmışdır.

1915-16-cı illərdə «Açıq söz», «İqbal», «Sovqat» qəzetlərində və bəzi digər kütləvi informasiya vasitələrində bir sıra hekayə və məqalələri nəşr olunan Səhhətin bu dövrdə işıq üzü görmüş ən əlamətdar əsəri yaradıcılıq manifesti hesab edilən «Şair, şeir pərisi və şəhərli» poemasıdır. («İqbal» qəzeti, iyul, 1916). 1917-ci ildə «Açıq söz» səhifələrində «Şamaxıdan» sərlövhəsi altında nəşr olunmuş məqalələr silsiləsində Səhhət həmin ilin fevral hadisələrindən sonra doğma şəhərindəki vəziyyəti təhlil etmişdir.

A.Səhhət də M.Ə.Sabir kimi, dinimizə təfriqə salanların, islamda məzhəb ayrılıqlarının əleyhinə olmuşdur. Sevimli şagirdlərindən Cəmo Cəbrayılbəyli (1887-1965) şairin ictimai fəaliyyətinin bu sahəsinin üzərinə işıq salan «Xatirələrim» (1966) kitabında yazır ki, 1917-ci ilin bir yay günündə Şamaxıda mütərəqqi ziyalıların təşəbbüsü və fəal iştirakı ilə təntənəli şəraitdə keçən geniş bir mitinq bərqərar olur. Üç saat ərzində davam edən həmin mitinqdə Şamaxı şiələrinin təmsilçisi Şeyxülislam və sünnilərin rəhbəri Müfti də iştirak edir. Natiqlər hamısı öz hərarətli nitqlərində öz həmdinlərini məzhəb ayrılığına son qoyub birləşməyə, bütün səylərini vətən övladlarının tərəqqisinə sərf etməyə çağırırlar. Axırda çıxış edib xalqı birləşməyə, vəhdətə dəvət edən Səhhət sürəkli və gurultulu alqışlarla qarşılanır. Onun cəmiyyətə müraciətlə oxuduğu şeirdə deyilirdi ki, doğrudur, qələmin iki ucu da yonulur və ikisindən də yazıda istifadə edilir, amma həmin qələm vasitəsilə hasil olan əsərin məzmunu, qayəsi, məqsədi bir olur. Odur ki, bir dinin daşıyıcısı olan xalqın iki məzhəbə bölünməsi və kəskin rəqabət aparması tarix qarşısında cinayətdir. Bu cinayəti daha da dərinləşməyə qoymamaq üçün şiə-sünni təəssübü təxirə salmmadan aradan qaldırılmalı, hamımız birlikdə tərəqqi və azadlıq uğrunda çalışmalıyıq; «Bu qədər xaru-zəlil olduğumuz bəsdir!» Səhhətin dəqiq məntiq əsasında qurduğu bəlağətli nitqi, yüksək istedadla oxuduğu şeir sürəkli alqışlara səbəb olur. Hər iki tərəfdən dindarlar qucaqlaşıb öpüşməyə başlayırlar. Hətta uzun müddət öz moizələrində məzhəb ayrılığı zəminində bir-birinin tənqid hədəfi olmuş Şeyxülislamla Müfti də xalqın gözü qarşısmda qucaqlaşıb öpüşürlər…

Bu hadisə ömrünün qüruba getdiyi çağlarda A.Səhhətin tərcümeyi-halının ən parlaq hadisəsi kimi tarixə düşmüşdür.

1918-ci il A.Səhhətin həyatının son və çox dəhşətli oyalarla əlamətdar olan ilidir. Həmin ilin martında adını beynəlmiləlçi qoymuş xalqlar cəlladı Şaumyanm başçılığı altında bolşevik-daşnak güruhunun Bakıda Azərbaycan xalqına qarşı başladığı soyqırım tezliklə Quba, Səlyan, Kürdəmir və s. şəhərlərə gedib çatdığı kimi, Səhhətin doğma şəhərindən də yan keçmədi. «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası» adlı mötəbər elmi nəşrdə göstərildiyi kimi, sayı üç minə çatan erməni silahlı quldur dəstələri martın 15-də Şamaxıda demək olar ki, heç bir hazırlığı olmayan müsəlmanları qəflətən mühasirəyə alıb kütləvi surətdə qırmağa başladılar. Bu amansız soyqırım bir neçə gün davam etdi. Nəhayət, Gəncədən gəlmiş Azərbaycan silahlı dəstələri qatilləri qovub şəhərdən çıxartdılar. Ev-eşiyi dağıdılıb-yandırılmış Şamaxı müsəlmanlarının çoxu yurduna qayıdan gəncəlilərə qoşulub şəhəri tərk etdi. Fürsətdən istifadə edən erməni quldurları təkrar Şamaxıya qayıdıb xərabələr arasında başına çarə axtaran müsəlmanların axırına çıxdılar. Yerlilərin çox cüzi bir hissəsi od vurulmuş mənzillərindəki olan-olmazını atıb şəhərdən qaçmaqla canmı qurtara bildi. Bu azlığın arasında A.Səhhətin ailəsi də var idi. Əgər onlar qaçmasa idilər Şamaxı soyqırımında həlak olan Azərbaycanlıların sayı artıq sənədləşdirildiyi kimi 8027 nəfər yox, daha da çox olacaqdı…

Mehdizadələr ailəsinin düçar olduğu çox ağır vəziyyət haqqında şairin qardaşı arvadı Səkinə xanımın və qardaşı oğlu Böyükağanın sonralar verdikləri məlumat akademik Kamal Talıbzadənin 1955-ci ildə nəşr olunmuş «Abbas Səhhət» monoqrafiyasında öz əksini tapmışdır. Onlar şəhadət verirlərmiş ki, azğınlaşmış erməni quldurlarının əlindən qurtarmaq istəyən hər kəs kimi Səhhət də yandırılmış evinin xarabələri içindən hətta o vaxtadək çap üzü görməmiş bəzi əsərlərinin əlyazmalarını belə xilas edə bilməmişdi. Səhhət müvəqqəti sığındıqları Sığırlı kəndindən qardaşı oğlunu öz əlyazmalarının ardınca göndərmişdisə də Böyükağa düşmən əlində olan Şamaxıya girə bilmədiyi üçün əliboş qayıtmışdı. Yollarda aclıqdan, xəstəlikdən əzab çəkən, zəifləmiş şair gah 80 yaşlı Əliabbas kişini arxasında, gah da səkkiz yaşlı qızı Ruqiyyə Soltanı qucağında aparmalı olur. Qısa müddətli dayanacaqlar da buraya daxil olmaqla ailə təxminən üç aydan sonra Gəncəyə gəlib çatır. O zaman Gəncədə yatalaq xəstəliyi yayılıbmış. Bəzi mənbələrə görə yorğun, yarımcan Səhhət öz səhhəti, rifahı haqqında düşünmədən, yatalaq epidemiyasma qarşı mübarizəyə qoşulur, hətta bəzi xəstələrin sağalmasına da nail olur. Dərin təəssüflər olsun ki, özü də bu xəstəliyə yoluxur və 1918-ci ilin isti avqust günlərinin birində vəfat edir. Onu Gəncənin «Səbzkar» qəbristanlığında dəfn edirlər. 1947-ci ildə şairin məzarı şəhərin axar-baxarlı «Sahil bağı»na köçürülmüş, onun şərəfinə abidə ucaldılmışdır.

Bənzər mövzular

ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) I
ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) II
ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) III
SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) I