Ən böyük amalım seçicilərə xidmət etməkdir – 22.12.2011

 Müsahibimiz millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasının vitse-prezidenti Elxan Süleymanovdur.
– Elxan müəllim, Şamaxı rayonu sakinlərinin millət vəkili kimi fəaliyyətinizin birinci ili geridə qaldı. Bu bir ili necə xarakterizə edərdiniz? Seçiciləriniz üçün nə edə bildiniz?
– Millət vəkili kimi mən fəaliyyətimi əsasən iki istiqamətdə həyata keçirirəm. Bunlardan biri beynəlxalq əməkdaşlıq istiqamətində, digəri isə ölkənin ali qanunvericilik orqanında Şamaxı rayonu əhalisinin nümayəndəsi kimi onların layiqincə təmsil edilməsi, hüquqlarının qorunması və mövcud problemlərinin həllinə nail olunması istiqamətində fəaliyyətdir. Bütün seçicilərin hüquqlarını qorumaq, problemlərini öyrənmək, onları narahat edən məsələləri müvafiq icra strukturları qarşısında qabartmaq və bu məsələlərin həllinə nail olmaq mənim prioritet saydığım vəzifələrdəndir.
Ötən bir il ərzində ünvanıma yüzlərlə müxtəlif xarakterli seçici məktubları, ərizə və şikayətlər daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan 2011-ci il noyabrın 30-dək ümumilikdə 856 yazılı müraciət edilmişdir. Həmin müraciətlərdən 225-i sosial problemlər, 278-i iqtisadi problemlər, 353-ü isə maddi yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
Təbii ki, seçicilər həm də şifahi müraciətlər etmişlər. Ötən müddətdə seçicilər mənə 452 şifahi müraciət etmişlər. Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 15-i hazırda icra olunmaq ərəfəsindədir, qalan 154 müraciət isə aidiyyatı üzrə orqanlardadır və nəticəsi barədə hələlik cavab verilməmişdir.
Vətəndaşlar tərəfindən edilmiş 156 müraciət hüquq normaları ilə müəyyən edilməyən hallara dair olduğu səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş şəxslərə müvafiq izahat verilmişdir.

Ötən dövr ərzində seçicilər tərəfindən edilmiş 22 müraciət müsbət həll olunmuşdur. Müsbət həllini tapmış problemlər aşağıdakılardır: Şamaxı rayonu, Sabir qəsəbə sakini Rahim Musayevə məxsus zəbt olunmuş torpaq sahəsi qanunvericiliyə müvafiq olaraq geri alınaraq vətəndaşın istifadəsinə verilmişdir; Sabir qəsəbə sakini Şıxıyev Əvəz Şıxı oğluna məxsus torpaq sahəsinə qanunvericiliyə müvafiq olaraq şəhadətnamə alınmasında yardım göstərilmişdir; Göylər kənd sakini Fizuli Həsənova ona məxsus həyətyanı sahəyə qanunvericiliyə müvafiq olaraq şəhadətnamə alınmasında yardım edilmişdir; Şamaxı şəhər sakini Mələk Dəmirovaya qaz sayğacı ilə bağlı probleminin həllində köməklik göstərilmişdir; Məlhəm kənd sakini Səidə Mahmudovanın iki məktəbyaşlı oğlu məktəbli forması və lazımi dərs vəsaitləri ilə təmin edilmişdir; Şamaxı şəhər sakini Rizvan Mayılova əməliyyat olunması üçün maddi yardım olunmuşdur və s.
Köməkçilərim tərəfindən 73 seçici qəbul olunmuş və edilən müraciətlərə baxılmışdır. Mütəmadi olaraq rayon mərkəzində yerləşən qərargahımda Şamaxı sakinlərinə hüquqi yardım göstərilməsi işi təşkil olunmuşdur. Bu dövr ərzində hüquqşünaslar tərəfindən 85 nəfərə hüquqi məsləhətlər verilmiş, müraciətlərlə əlaqədar 20 vətəndaşın işi ilə bilavasitə məşğul olunmuş və problemləri müsbət həll edilmişdir.
Mən bu bir ildə həmişə çalışmışam ki, seçicilərimlə daha çox birgə vaxt keçirim, problemləri ilə tanış olum və onların həlli yollarının tapılmasında onlara köməklik göstərim.
– Məlumdur ki, seçicilərlə ünsiyyət millət vəkilinin fəaliyyətinin mühüm tərkib hissəsidir. Bu vacib komponentdən istifadə edə bildinizmi?
– Ötən dövr ərzində 14 dəfə seçicilərlə, o cümlədən 29.12.2010 və 30.12.2010-cu il tarixlərində yeni il münasibətilə Şamaxı seçiciləri ilə, 17.02.2011-ci il tarixində Şamaxı şəhərində yerləşən institut və kolleclərin müəllim və tələbə kollektivləri ilə, 07.03.2011-ci il tarixində qəhrəman və çoxuşaqlı analarla, 07.05.2011-ci il tarixində müharibə veteranları ilə görüşlər keçirmişəm və seçicilərin təklif və problemlərini dinləmişəm.
Ümumiyyətlə, 25 dəfə Şamaxı seçiciləri ilə kütləvi görüşlər, həmçinin mətbuat konfransı və brifinq keçirilmişdir. O cümlədən, – 14.03.2011-ci il tarixində Şamaxı şəhərində “Şamaxı soyqırımı (1918-ci il)” mövzusunda beynəlxalq elmi – praktik konfrans keçirilmiş və eyni adlı kitabın təqdimat mərasimi olmuşdur. Tədbirdə Almaniya Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının üzvü (2005-2009), professor Haqqı Kəskin, AŞPA-nın fəxri deputatı, Qərbi Avropa İttifaqı Assambleyasının fəxri prezidenti Stef Qoris, ispaniyalı senatorlar Almodobar Aqustin, Diaz Arkadio, İtaliya senatoru, AŞPA-nın üzvü Nessa Pasquale, Almaniya Bundestaqının deputatı, AŞPA-nın üzvü Karin Strenz, Almaniya Bundestaqının sabiq üzvü, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Eduard Lintner, finlandiyalı jurnalist, ATƏT-in parlament Assambleyasının üzvü Esa Tuominen, italiyalı jurnalist Roberto Jumbarello Kobalyero, eləcə də Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Azərbaycan Respublikası Milli Məclisinin bir sıra deputatları, elm xadimləri, ziyalılar və digər qonaqlar da iştirak etmişlər. 21.05.2011-ci il tarixində S.Ə. Şirvaninin qəbirüstü abidəsinin yenidən bərpası və açılışı ilə əlaqədar tədbir keçirilmişdir; mənim təşəbbüsüm və “Söz Azadlığını Müdafiə Fondu”nun təşkilatçılığı ilə Şamaxıda görkəmli satirik şair M.Ə.Sabirin yaradıcılığına dair bədii qiraət müsabiqəsi keçirilmiş, müsabiqənin qalibləri mükafatlandırılmışlar. Şamaxı rayon mədəniyyət evində keçirilən “Sabir günləri”ndə rayon ziyalıları ilə yanaşı, Bakıdan dəvət olunmuş tanınmış qələm ustaları və alimlər də iştirak etmişlər.
– Elxan müəllim, Sizin təşəbbüsünüz və təşkilatçılığınızla bir sıra xeyriyyə tədbirləri də keçirilib. Bu tədbirlər barədə də məlumat verməniz yerinə düşərdi…
– Mədəni irsimizə, gənc nəslə və yaşlı nəslə qayğı mənim üçün əsas istiqamətlərdir. Ötən il 67 xeyriyyəçilik tədbiri keçirmişəm. Bunların sırasında aşağıdakıları qeyd edə bilərəm: yeni il münasibəti ilə Şamaxı şəhərinin bütün uşaq bağçalarında tərbiyə alan uşaqlara yeni il hədiyyələri verilmişdir; Novruz bayramı münasibətilə bütün şəhid ailələrinə bayram sovqatları verilmişdir; 8 Mart Qadınlar Günü münasibətilə qəhrəman analara hədiyyələr verilmişdir; 9 May Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilmişdir; Azərbaycan Kooperasiya Universitetində və Şamaxı Texniki Kollecində təhsil alan bir tələbənin illik təhsil haqqı ödənilmişdir.
29.12.2010-cu il tarixində Şamaxı rayonunun Məlhəm kəndində böyük mütəfəkkir şairimiz Xaqaninin abidəsi ucaldılmış və bununla əlaqədar tədbir keçirilmişdir; tanınmış Şirvan aşığı Aşıq Şərbətin “Azərbaycanım” adlı şeirlər kitabı çap olunmuş, 07.05.2011-ci il tarixində kitabın təqdimat mərasimi keçirilmişdir.
4 nəfər tələbəyə, Şamaxı Humanitar Kollecinin tələbələri – Rəşidova Ayşən Elşən qızına və İsgəndərov İlham İsmayıl oğluna, həmçinin Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri – Gülalıyev Fikrət Kərim oğlu və Abdullayeva Süsən Qadir qızına hər birinə ayda 100 manat olmaqla təsis etdiyim Xaqani və Sabir təqaüdləri verilir; bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 6 şamaxılı gəncin hər birinə – Altay Kərimli, Göyçək Vəliyeva, Gülnarə Orucova, Ceyhun İsgəndərov, Əzizalı Ağayev və Cavidan İsgəndərova 100 manat təqaüd verilmişdir və onlara təhsil aldıqları 4 il ərzində hər ay 100 manat təqaüdün ödənilməsini öhdəmə götürmüşəm.
Qafqaz Universitetinin bakalavr pilləsini bitirərək Almaniyanın Flensburq Universitetinin Avropaşünaslıq fakültəsinə daxil olan Şamaxı sakini Cəlal Kərimova 1000 avro pul mükafatı vermişəm və onun magistratura təhsili alacağı iki il ərzində təhsilinə mane olmadan Almaniyada aylıq məvacibi 1000 avro olan işlə təmin edilməsinə yardım göstərəcəyəm; M.Ə.Sabir yaradıcılığına həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi olmuş 12 şagirdə hədiyyələr verilmiş və onlara təqaüd təyin olunmuşdur; 1991-ci ildən bəri 18 oktyabr-Müstəqillik Günündə anadan olan 15 uşaq və gəncin hər birinə bayram münasibətilə pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Mədrəsə kəndində bir neçə evin dam örtüyünün yenilənməsinə yardım göstərilmişdir. Mənim təşkilatçılığımla Şamaxıda bədii özfəaliyyət ansamblı yaradılmışdır. Mayın 24-də Şamaxı rayonunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi keçirilmişdir. Müsabiqənin münsiflər heyətində kinorejissor Tofiq İsmayılov, əməkdar artist Ağalar Bayramov, filoloqlar Asif Hacılı və Nadir Abdullayev, xalq şairi Musa Yaqub kimi Azərbaycanın sayılan ziyalıları yer almışdır. 2011-ci il mart ayının 1-də start verilən müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak etmişlər. Qaliblərə mənim tərəfimdən qiymətli hədiyyələr təqdim olunmuş, onlara pul mükafatı, kitablar və diplomlar verilmişdir. Bununla yanaşı, 10 nəfər qalibin hər birinə Sabirin 150 illik yubileyinədək 50 manat təqaüd verilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, assosiasiya Söz Azadlığını Müdafiə Fondu ilə birlikdə Sabir yaradıcılığına həsr olunan ümumrespublika bədii qiraət müsabiqəsinə start vermişdir. Bununla bağlı təşkilat komitəsi yaradılmışdır. Müsabiqəyə 2012-ci ilin may ayında Şamaxıda yekun vurulacaqdır; – 11.08.2011-ci il tarixində Göylər kəndində, 12.08.2011-ci il tarixində Mədrəsə kəndində dindarlar üçün iftar süfrəsi açılmışdır; 30.08.2011-ci il tarixində Ramazan bayramı günündə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də İkinci Dünya müharibəsi iştirakçılarının ailələlərinə bayram sovqatı paylanmışdır. Tədbir çərçivəsində 130-dan artıq ailəyə bayram sovqatı təqdim edilmişdir; 6 noyabr 2011-ci il tarixdə Qurban bayramı münasibətilə bir çox ailələrə bayram sovqatı verilmişdir.
– Elxan müəllim, Sizi qabaqlayaraq dəstəyiniz və təşkilatçılığınızla keçirilən daha bir xeyriyyə tədbiri haqqında – Qalaybuğurt kəndindəki toy barəsində ətraflı danışmağınızı istərdik…
– Həmin toy mərasimi 7 iyul 2011-ci il tarixində keçirilmişdir. Qalaybuğurt kənd sakinləri Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin oğlu Bəhlulun və Ramilənin bu toy mərasimi milli adət-ənənələrə uyğun olaraq təşkil edilmişdir. Rayon mərkəzindən 35 kilometr aralıda dağlıq ərazidə yerləşən kənddə keçirilən toy mərasimində Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blanşar başda olmaqla 5 nəfər belçikalı deputat, eləcə də Milli Məclisin deputatları Qənirə Paşayeva, Əli Hüseynli, Xanhüseyn Kazımov, Rövşən Rzayev, Azər Kərimli, rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov, rayon ziyalıları, yerli sakinlər iştirak etmişlər. Beş yüz nəfərin iştirak etdiyi mərasimdə çıxış edən deputatlar yeni ailə quran bəy və gəlinə xeyir-dua vermiş, onları təbrik edərək xoşbəxtlik diləmişlər.
Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blanşar çıxışında ilk dəfə olaraq bu cür toyda iştirak etdiyini və mərasimdə Azərbaycanın milli adət-ənənələri, yeməkləri ilə yaxından tanış olduğunu bildirmiş və bu xeyriyyə tədbirinin təqdirəlayiq olduğunu qeyd etmişdir. F. Blanşar xüsusilə də toyun Qarabağ müharibəsi əlilinin övladları üçün edildiyinin necə əhəmiyyətli olduğunu vurğulamaqla Vətən uğrunda məhrumiyyətlərdən keçmiş insanlara bu səviyyədə qayğı göstərilməsini yüksək qiymətləndirmişdir. Toyda Azərbaycanın bir sıra tanınmış müğənniləri çıxış etdilər.
2011-ci il noyabrın 5-də isə Qalaybuğurt kəndində Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin yeni ailə həyatı qurmuş oğlu Bəhlul Hacıyev üçün mənim təşəbbüsüm və dəstəyimlə ilə inşa edilmiş evin açılışı olmuşdur. Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov və Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filipp Blanşar, eləcə də kənd camaatı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. F. Blanşar gənc ailəyə hədiyyələr təqdim etmişdir.
– Mətbuatda belə bir məlumat verildi ki, Belçikada Azərbaycanın görkəmli şairi M.Ə.Sabirə abidə ucaldılacaq. Bu ideya necə meydana gəldi və abidənin açılışı nə vaxta planlaşdırılır?
– Bildiyiniz kimi, 4-8 iyul 2011-ci il tarixində mənim dəvətimlə Filipp Blanşarın rəhbərliyi altında Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 nəfər üzvündən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmiş, səfər çərçivəsində həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovla görüşmüşdür. Görüş zamanı Azərbaycanın Şamaxı və Belçikanın Thuin şəhərlərinin qardaşlaşması haqqında razılıq əldə edilmişdir. Daha sonra mən Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq 26-28 avqustda Belçikaya səfər etdim. Səfər zamanı cənab Blanşarın mer olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edildi və “Sabir günü”nün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə olundu. Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyev artıq layihə üzərində işi başa çatdırıb və hazırda abidənin üzərində işləyir. Ümidvaram ki, gələn il heykəlin açılış mərasimi keçiriləcək.
Söhbətimizin sonunda demək istərdim ki, hələ qarşıda görüləcək işlər və həllini gözləyən problemlər çoxdur. Bütün bunlar dünənin, bugünün problemləri deyil, illərlə yığılıb qalmış problemlərdir. Bəzən onların həllində maneələrə də rast gəlirik. Təəssüflər olsun ki, Şamaxının problemləri ilə bağlı müvafiq strukturlara etdiyim müraciətlərə bir sıra hallarda etinasızlıq və laqeydliklə yanaşılmış, bəzən isə heç bir cavab verilməmişdir. Lakin belə münasibət məni ruhdan salmır, həyat davam edir və millət vəkili kimi mənim ən böyük amalım seçicilərimə xidmət etməkdir. Mən həmişə bu amala sadiq qalacağam.

Müsahibəni qələmə aldı: Tahir AYDINOĞLU 

“Xalq qəzeti”

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları