ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) II
II
Xaqani öz dövrünün poeziyasında mövcud olan bütün şeir şəkillərində əsərlər yazmış, qəzəllərində bakir sevgi duyğuları, rübailərində fəlsəfi qənaətləri özünün təkrarsız ifadəsini tapmışdır. Onun şeirlərində insanı həyatdan soyudan mücərrəd, mistik sevgi yox, həyatı, gözəlliyi təsdiq edən real bəşəri məhəbbət duyğuları tərənnüm edilirdi. «Xaqaninin lirikasından həyat hərarətinin ətri gəlir, onun qəhrəmanı məhz öz sevgilisinin gözəlliyindən vəcdə gəlir» deyən professor Mirzağa Quluzadə tamamilə haqlı idi.
Ədəbiyyatımızda ilk qiymətli nümunələri XI əsrdə Qətran Təbrizi tərəfindən yaradılmış qəzəl Xaqaninin bu janrda yazdığı çox mükəmməl nümunələrin timsalında daha yüksək səviyyəyə qalxıb pardaxlanmış, əsil insana xas olan sarsılmaz məhəbbəti, sədaqəti, mənəvi ucalığı, böyük bəşəri idealları tərənnüm edən bu əsərlərlə zənginləşmişdir. Xaqaninin saf məhəbbətin tərənnümünə həsr edilmiş qəzəlləri onlarda əks olunan duyğuların paklığı, təravəti, bu duyğularm ifadəsi üçün tapılmış ahəngin səmimiyyəti ilə təsirlidir.
Xaqani barədə yazılan bu oçerk elmi-kütləvi xarakter daşıdığı üçün qeyd etməyi lazım bilirəm ki, qəzəl lirik janrın erkən orta əsrlərdən etibarən ədəbiyyatımızda geniş yayılmış ən maraqlı şəkillərindən biridir. Az qala min il şairlərimiz gözəli, saf məhəbbəti tərənnüm edən əsərlərini qəzəl formasında yazmışlar. Əlbəttə, qəzəllərdə müəlliflərin humanizmi, fəlsəfi qənaətləri, təsəvvüf ideyaları da öz əksini tapmışdır. Bir qayda olaraq qəzəl beş-on beş beyt arasında tamamlanır. Qəzəl üçün ən işlək həcm göstəricisi yeddi, səkkiz beytdir. Füzuli qəzəllərinin bir çoxu yeddi beytdən ibarət yazılıb. Qəzəlin ilk beytini təşkil edən misralar həmqafiyə (a a) olur. Sonra gələn beytlər b a, c a, ç a, d a, e a, ə a və i.a. kimi qafiyələnir. Axırıncı beytdə, bəzi istisnaları çıxmaq şərtilə, hər bir şair öz təxəllüsünü bildirir. Aşağıda verilən qəzəl Xaqani lirikasının ən gözəl və dərin mənalı nümunələrindən biridir.
Taqətim yox ki mənim, mənzili-cananə çatım,
Natəvan muram, heyim yox ki, Süleymanə çatım.
Təşnə gəzdim bu çölü Xızr mənə açmadı yol,
Bəlkə bir növ ilə mən çeşmeyi-heyvanə çatım.
Gecə zülmət, yol uzaq, pusqu qurub yolda rəqib,
Bilmirəm, bəs necə ol sərvi-xuramanə çatım?!
Ovçumun yaxşılığın bülbülə təsvir edərəm,
Qoy səlamət buradan bircə gülüstanə çatım!
Atəşin gözyaşının taqəti yox qətrəsiyəm,
Qüvvə yetməz ki, çıxıb navəki-müjganə çatım.
Vəslə çatmaq sənə müşkül görünər, Xaqani!
Yol çətindir, de görüm, bəs necə asanə çatım?!
Burada lirik qəhrəmanın öz sevgilisinə yetişmək yolunda qarşılaşdığı böyük müşgüllər qələmə alınmışdır. Bu münasibətlə şair elə orijinal təsvir və ifadə vasitələri tapıb yerli-yerində işlətmişdir ki, oxucu uzun müddət onun təsiri altından çıxa bilmir. Birinci beytdə xatırladılan Süleyman Qurani-Kərimdə sözü gedən Süleyman peyğəmbərdir. Onun adı əmin-amanlıq və Allah tərəfindən qorunan mənasma gəlir. Süleyman peyğəmbər quşların, hətta qarışqaların da dilini bilir və onları qoruyurmuş. Əfsanəyə görə başqaları tərəfindən tapdanan, əzilən qarışqalar həlak olmamaq üçün bütün imkanlarmı səfərbərliyə alıb özlərini Süleyman peyğəmbərin hökmran olduğu əraziyə çatdırmağa çalışarlarmış. Xaqani öz lirik qəhrəmanını o qarışqaya bənzədir ki, taqətdən düşdüyü üçün, bütün səylərinə baxmayaraq mənzil başma, öz xilaskarına çatıb sevgilisinə qovuşa bilmir… Beşinci beytdə şairin kəşf etdiyi təşbih çox təsirlidir. Əlbəttə, göz yaşı, damcı, kirpik yüz dəfələrlə lirikamızda işəldilmiş sözlərdir. Lakin bu sözlərdən istifadə etməklə yaradılan mənzərə və bu mənzərəni əmələ gətirən hal, durum tamamilə orijinaldır və mənim biliyim qədər ilk dəfə Xaqaninin bu qəzəli ib şeirimizə gətirilmişdir… Hicran dərdinin şiddəti aşiqi o qədər zəiflətmişdir ki, onun göz yaşından əmələ gəlmiş damcını öz kirpiyinə yönəltməyə belə taqəti qalmayıb. Bu çox orijinal, təravətli beyti bir daha təkrar etməkdən özümü saxlaya bilmirəm:
Atəşin göz yaşının taqəti yox qətrəsiyəm,
Qüvvə yetməz ki, çıxıb navəki-müjganə çatım.
Məhəbbət mövzusunda bu cür kamil qəzəllərlə yanaşı Xaqani gözəl dördlüklər də yazmış, sevgi duyğularının tərənnümündə məzmun gözəlliyi ilə yanaşı forma əlvanlığı da nümayiş etdirmişdir:
Od vurdu mənə qəmzən,
Atəşlərə yandım mən.
Nə ürək qalıb, nə tən,
Dildar bu cür xoşdur.
Sən nur, nihan məndən,
Həm ruh, qaçan məndən.
Bir busənə can məndən,
Bazar bu cür xoşdur.
Mən bir quş idim mahir,
Qurdun tor, olub zahir.
Həm qəmliyəm, həm şakir,
Qəmxar bu cür xoşdur.
Ver canını, Xaqani,
Ol sevgili qurbanı.
Etsən gər əziz canı
Nisar, bu cür xoşdur.
Xaqani mükəmməl rübailər yaratmaq sahəsində də ustad sənətkarlardan sayılır. Rübai də poeziyamızın geniş yayılmış maraqlı şəkillərindən biri olub lüğəti mənası dördlük deməkdir. Onun bir, iki və dördüncü misraları həmqafiyə olduğu halda, üçüncü misrası qafiyə baxımından sərbəst buraxılır. Klassik poeziyada rübai bir qayda olaraq əruz vəzninin həzəc bəhrində yazılan dördlük olub onda ilk növbədə dünya, zaman, insan, əxlaq, mənəviyyat haqqında dərin fəlsəfi qənaətlər, yüksək məhəbbət duyğuları, gözəl və gözəllik tərənnüm edilir. Əlbəttə, 7-10 beytlik qəzəldə, yaxud iri həcmli qəsidədə bu və ya digər poetik mətləbi, obrazlı fikri əks etdirmək bir şeydir, həmin fikri cəmisi dörd misradan ibarət rübaidə ifadə etmək isə tamam başqa şeydir. Belə dar bir meydanda ilhamın atını səyirtmək həqiqətən də böyük poetik hünərdir. (Müasirimiz olan bəzi şairlərin öz rübailərində və onların klassiklərdən etdikləri tərcümələrdə rübainin vəzn və qafıyə prinsiplərinə heç də həmişə əməl edilmir).
Xaqaninin rübailəri insan mənəviyyatının paklığına xidmət edən nəsihətamiz nümunələrlə zəngindir. Şair belə hesab edir ki, hər bir sağlam şüur sahibi olan insan özünə nəzarət və ardıcıllıqla həmişə həmcinslərinə (birinci növbədə onun özünə) əskiklik gətirən bu əsas eybləri özündən uzaqlaşdırmalıdır:
İstərsən güzgütək safolsun ürək,
Oradan on şeyi atasan gərək:
Paxıllıq, ədavət, riya, hirs, tamah,
Kin, haram, kibr, qeybət və kələk.
İnsanın özündən uzaqlaşdırmalı olduğu bu eyblərin hər biri onu əhatə edən yaxınları üçün, bəzi məqamlarda hətta çox-çox uzaqlarda, başqa ölkələrdə yaşayan milyonlarla insan üçün də son dərəcədə böyük fəlakətlərə səbəb olur. Rübaidə şairin rədd etdiyi eyblərdən birini – kibri götürək. Bu sözün kökündə «böyük» anlamı var və yüksək istedadla yazılmış bədii əsərlərin müəlliflərinə, elmi yeni kəşflərlə zənginləşdirən alimlərə, vətənini işğalçılardan azad edən görkəmli hərbi xadimlərə bir qayda olaraq böyük şair, böyük alim, böyük sərkərdə və s. deyilir. Lakin Xaqaninin damğaladığı «kibr» buna ləyaqəti, qabiliyyəti, istedadı olmadığı halda böyüklük iddiasına düşməyə deyilir. Bu eybəcər xislətin daşıyıcı kimi Avropaya, hətta dünyaya hökmran olmaq istəyən Hitlerin rüsvayçı aqibətini indi bilməyən yoxdur. Şairimiz isə hələ 800 il öncə kibrin, təkəbbürün hətta ən sıravi daşıyıcılarmı da bu cür eybdən xali olmağa, ümumiyyətlə mənəvi saflığa, təmizliyə çağırırdı.
Xaqaninin məhəbbəti tərənnüm edən rübailəri üçün onlarm mahiyyətindən, məzmunundan doğan bir lirizm, yüksək əhval-ruhiyyə səciyyəvidir.
O zəncir zülfünü gəl arxana at,
Mən dəli oluram, onu az oynat!
Fikrim var ki, durum qurbanın olum,
Gözəlim, buna gəl sən imkan yarat!
Birinci rübaidən fərqli olaraq burada vəziyyətin özündən doğan şuxluq ovqatı, oynaqlıq hakimdir.
Şairlər adətən bir-birinin yanında yazılmış iki sözdən, yaxud bir misradan ibarət təşbihlər yaradırlar. Xaqaninin yaradıcılığmda isə bəzən bütöv bir rübaidən ibarət təşbihlərə rast gəlmək olur. Mən yüzlərlə klassik şeir nümunəsində ay üzlü, günəş çöhrəli təşbihlərini görmüşəm. Lakin «rübai-təşbih» hadisəsi ilə ilk dəfə məhz Xaqaninin yaradıcılığmda qarşılaşdım:
Günəş görən zaman üzünü bir dəm,
Utanıb hüsnünə tez çəkdi qələm.
Getdikcə saralıb üfüqdə batdı,
Bir qara don geyib saxladı matəm.
Burada ilk baxışda adi bir təbiət hadisəsi – günəşin qürubu təsvir edilmişdir. Lakin şair təxəyyülü hamının yüz dəfələrlə müşahidə etdiyi bu son dərəcə adi təbiət hadisəsindən sevgilinin camalının müqayisəyə gəlməyən dərəcədə gözəl və işıqlı olduğunu təsdiq etmək üçün böyük sənətkar səriştəsi ilə istifadə etmişdir: sən demə günəş rübaidə tərənnüm edilən cananın camalının nuru və gözəlliyi qarşısmda xəcalət çəkdiyi üçün əvvəlcə saralmış, sonra isə tamamilə batıb qaralmışdır…
Heç bir təhlil və şərh vermədən Xaqaninin çox qiymətli rübailər xəzinəsindən bəzi nümunələri, üzərində düşünüb-daşınmaq və zövq almaq üçün, oxucularm nəzərinə çatdırıb başqa mətləbə keçəcəyəm:
Dedim: «Nə gücün var, ey böyük soltan!»
Dedi: «Nə istəsən edərəm ehsan».
Dedim: «Şah olsan da qüdrətin çatmaz
Keçən bir günümü sən qaytarasan».
Yar getdi, könlümü verdi hicrana,
Hicransa qızdırma bəxş etdi cana.
O da uçuqlatdı dodaqlarımı,
Dedi: öpmə yarı, qal yana-yana!
Xaqani, uzaqlaş nanəciblərdən,
Həmişə mərdlərlə bir yerdə ol sən.
Yanma pərvanətək çıraq oduna,
Nilufər kimi al nuru günəşdən.
Hər gün fələk verir mənə yeni qəm,
Edir alçaqların əlilə sitəm.
Səfil adamların köməyidir o,
Pay üçün mən səfil olmaq istəməm.
Yoxladım özümü səfərdə sənsiz,
Qıldım öz canımı min dərdə sənsiz.
Canıma salmısan qəm atəşini
Yanmışam axşam da, səhər də sənsiz.
Bir qayda olaraq Xaqani şeirinin bədii vüsəti əhatəli, məzmunu tutumlu olur. Bəzən şair bircə beytdə başqa bir qələm sahibinin bütöv bir qəzəldə verə biləcəyindən də artıq informasiya yükünü əhatə edə bilir:
Sevgilim, əqlim olubdur eşqinin divanəsi,
Çəkmə zəncir fikri, ol keysu kifayətdir mənə.
Şərq poeziyasının mövzu və obrazlar aləmindən müəyyən qədər xəbərdar olan hər kəs bu beyti oxuyan kimi sevgisi yolunda Məcnun kimi alnına divanəlik taleyi yazılmış aşiqi nəzərində canlandırır. Bu divanənin isə əlini-qolunu bağlamaq üçün zəncir qayğısı çəkməyə ehtiyac yoxdur. Sevgilisinin hörüyü bu məqamda aşiq üçün heç nə ilə əvəz olunmayan, arzu edilən bir vasitədir… Xaqani hələ öz sağlığında ədəbi mühitdə qədirşünas oxucular arasmda böyük nüfuz qazanmış, müasiri olan bəzi sənətkarlar onun sənətini, istedadını, bir insan kimi şəxsi keyfiyyətlərini böyük səxavətlə tərənnüm edən əsərlər qoyub getmişlər. Onların bircəciyini yada salmaqla kifayətlənəcəyəm. «Xaqaninin vəsfi» adı ilə məşhur olan bu qəsidənin müəllif XII əsr Azərbaycan poleziyasının görkəmli nümayəndələrindən Mücirəddin Beylaqanidir (1130-1194). Qəsidədə Xaqaninin hüdudsuz istedadı, əsərlərinin bədii və elmi keyfıyyətləri, sənətkarın əzəməti və dühası böyük səmimiyyətlə tərənnüm edilir. (Hörmətli oxucuların yadına salıram ki, dahi şairimizin adı Əfzələddindir və bu sözün mənası dinin kamil, hünərli, nəcib təmsilçisi deməkdir).
Fəzilətin atası, hikmətin ulu günəsi,
Fəzilət əhli alar fəzl Əfzələddindən.
Onunla fəxr eləyər yer üzündə cümlə bəşər,
Qoyar göy əhli başa tac nəzmü nəsrindən.
Önündə şeir bahadırları olub təslim,
Sözünə valeh olur bu cahanda hər düşünən.
Nəsihətiylə o şəhrinə səsləyir, əmma –
Şəfa şərabı içirdir o, xəlqə şeirindən.
Böyük həkimsən, olmuş biliklərinlə sənin –
Fəzilət aləmi abad baği-cənnətdən.
Bununla belə, əsərlərindən görünür ki, Xaqaninin bədxahları arasında şairlər də olub. Bunun da səbəbi aydındır. Xüsusilə də sarayda cəmləşən və öz əsərlərində dərin bəşəri fıkirləri, incə duyğuları yüksək bədii səviyyədə tərənnüm etməyi bacarmayan bir sıra cızma-qaraçılar şeir-sənət məclislərində ağzından dürr tökülən Xaqaninin əlindən göz aça bilmir, hökmdarın da, əsil söz xiridarlarının da nəzərindən düşür, ənamları, qazancları azalırdı. Buna görə də həmin nazimlər, qafiyəpərdazlıq edib nəzm quraşdıranlar Xaqaninin əleyhinə təbliğat aparır, onun nüfuzuna xələl gətirmək məqsədilə şairin şəxsiyyətinə, mənəviyyatına qarşı böhtan, şayiə, iftira uydurur, yeri gəldi-gəlmədi onları həmişə yayır, təbliğ edirdilər. Odur ki, Xaqani də öz əsərlərində məqam düşdükcə belələrini ifşa edir, xalq arasında deyildiyi kimi, onlarm daşını daş üstündə qoymurdu. «Təhfətül-İraqeyn»dəki «Düşmənləri məzəmmət» qəsidəsi bu baxımdan çox səciyyəvidir. Şair yalanlarla fəxr etməyə adətgərdə olmuş nadürüst əleyhdarlarını quraqlıq illərin içi boş arı şanına bənzədir ki, onun da yeri zibillikdir. Rəqiblərinin bütün məkr və hiylələrini ardıcıllıqla yamanlayan Xaqani onların hay-küyündən nigaran qalmadığını elan edir, bu qəbildən olan düşmənlərini ildırımı, yağışı olmayan, asta külək əsən kimi dağılaraq ötüb-keçən yüngül buludlarla müqayisə edir:
Səs-küyündən sən onların qorxma heç də, Xaqani,
Bax, onların buludunda ildırım, yağış hanı?!
Şair oxucusunu bu cür namərdlərin zahiri görkəminə və qərəzli sözlərinə inanmamağa çağırır, hər bir kənd adamının hər gün dəfələrlə rastlaşdığı qamış bitgisindən ibrət götürməyə dəvət edir. O istəyir ki, arif olan kəs qamışlıqda rast gəldiyi hər qarğıya aldanmasın: axı eyni rəngdə göründüklərinə baxmayaraq onlarm birindən ağızları dada gətirən şəkər qayırır, digərindən isə… ayaqlar altına salınan həsir toxuyurlar. Dahi sənətkar poetik təxəyyülü olmayan, lakin şairlik iddiasından əl çəkməyən, buna görə də əsil istedadlara qənim kəsilən belə namərdlərin yadda qalan təsvirini verir:
Misgin, məğmun eşidərkən şeirimdəki fəsahəti
Beyni-başı alov tutur, artır mənə küdurəti.
Bu cür qarayaxalar arasında özünü böyük şairdən üstün tutan, hətta utanmadan özünü «Xaqani» adlandıranlar da tapılırmış:
Deyirlər ki, özümüzük dəniz güclü o Xaqani,
Bəli, onlar Xaqanidir, ortasından atsan «qa»nı.
Hörmətli oxucularm bilməsi vacibdir ki, Xaqani kəlməsinin ortasmdakı «qa» hecasını atdıqda meydanda «xani» qalır. Mənsubiyyət şəkilçisi olan «i»ni nəzərə almasaq, xan sözünün farsca mənası süfrə, ərəbcə mənası isə karvansara deməkdir. Beləliklə Xaqani hətta adına, təxəllüsünə də sahib çıxan həyasız rəqiblərini süfrə başmdan dura bilməyən doymaz yekəqarınlara və karvansarada qalan dördayaqlılara oxşadır… Özünün dönə-dönə etiraf etdiyi kimi, cılız rəqiblərini, arını yeyib namusunu tapdayan xainləri ifşa edərkən Xaqani onlann səviyyəsinə enib söymür, alov saçan kəlamı ilə onlan yandırıb-yaxır:
Sən, ey mənə pis söyləyən, bir gün şimşək səni vursa,
Ölüb getsən, bil, o şimşək mənim ahım, fəğanımdır.
Həcv edərkən söyüş söymək xasiyyətim deyil mənim,
Əlimdəki qələm mənim zərifməna yazanımdır.