ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) III

 

III

Şairin sanballı divanı, dərin mənalar, müdrik qənaətlərlə zəngin olan «Töhfətül-İraqeyn» poeması, müxtəlif ölkələrin dövlət başçılarına, alim və şairlərinə, din xadimlərinə yazdığı məktublardan ibarət möhtəşəm ədəbi irsi mövcuddur. Bu zəngin xəzinədə qəsidələr mühüm yer tutur. Professor Xəlil Yusifov yaxşı deyir ki, Firdovsi ilə Nizaminin poema janrmda, Hafiz və Füzulinin qəzəldə, Ömər Xəyyamın rübaidə göstərdikləri möcüzəni Xaqani məhz qəsidə janrında nümayiş etdirməyə müvəffəq olmuşdur. Onun qəsidələri ibrətamiz məzmun, orijinal bədii təsvir və ifadə vasitələri ilə zəngin olduğu üçün öz ədəbi-ictimai mahiyyətini bu gün də qoruyub saxlamaqdadır.

Qəsidə Azərbaycan ədəbiyyatının qədim və çox məhsuldar şeir şəkillərindən biridir. Qəzəldən böyük olsa da, qafiyələnmə qaydası qə-zəldəki kimidir. Bir qayda olaraq Allahın, peyğəmbərin, görkəmli dövlət adamlarının, tarixi şəxsiyyətlərin, alim və şairlərin tərifi üçün yazılır. Qəsidələr öz məzmunundan asılı olaraq münacat, mədhiyyə, həbsiyyə, hürriyyətnamə, müsibətnamə, fəxriyyə və s. adlanır.

Artıq qeyd olunduğu kimi, sərhədsiz istedadı, həqsevərliyi, iradə və cəsarəti ilə saray tülkülərinin canına lərzə salan şair onların böhtanları əsasında dönə-dönə təqib olunmuş, dəfələrlə zindanlara atılmış, həbsdən sonra da uzun müddət Şirvanı tərk etmək ona yasaq edilmişdi… Bütün bu səbəblərə görə Xaqaninin azadlıq neməti haqqmda dedikləri bir sıra digər şeir-sənət xadimlərinin bu barədəki mülahizələrindən fərqlənən daha tutarlı qənaətlərdir. Heç də təsadüfi deyil ki, ömrünün son, qocalıq çağlarında qəriblikdə yaşayıb maddi sıxmtılara məruz qaldığına baxmayaraq, Xaqani Qızıl Arslanın da dəvətindən imtina edərək saraya getmir, nisbi də olsa, öz azadlıq nemətini sarayın cah-cəlallı həyatına dəyişmir.

Xeyli gənc (20 yaşında) ikən dünyasını dəyişmiş oğlu Rəşidin vəfatı münasibətilə yazdığı mərsiyə çox təsirlidir və bu gün də onu oxuyarkən bədbəxt atanın heç nə ilə müqayisə oluna bilməyən bu ağır itkidən necə yanıb-yaxıldığını hiss etməmək, dərdinə şərik olmamaq mümkün deyil:

Firqətində bala, bundan da betər yansın atan,

Söndü şəmin, kor olub qüssədən odlansın atan.

Kəkliyim, təşnə dodaqlar ilə uçdun, gözü qan,

Bir turac tək sənin arxanca qanadlansın atan.

Ürəyi dərdli anan oldu qəmindən nalan,

Ananın qəlbi kimi yansın, alovlansın atan.

Atanın canı idin, cismini tərk etdin oğul!

O başı daşlını nalan qoyub getdin, oğul!

Başına gəlmiş bütün faciə və məhrumiyyətlərə baxmayaraq Xaqani dünya görüşü və xarakteri, xasiyyəti etibarilə nikbin bir adam olmuşdur. Bu baxımdan onun “Ərzin fəziləti haqqında” düşüncələri çox maraqlıdır. İnsanın həyatını təmin edən ən vacib nemətlərin (havadan başqa) torpaq olduğunu etiraf edən şair torpağı bir də ona görə müqəddəs hesab edir və uca tutur ki, sonuncu peyğəmbərimiz Məhəmməd Mustafanın (ə) mübarək cismi məhz torpaqda uyuyur. Adını alim qoyan bəzi yalançı öngörücülər tarixin müxtəlif kəsimlərində 30 yaxud 50 ildən sonra dünyanın dağılacağmı, torpağın sərasər alt-üst olacağını “əsaslandırıb” insanları qorxudur, hətta bu zəmində nə isə qazanırdılar da.

Torpaq cövhəridir bu kainatın,

Torpaq xəzinəsidir cəvahiratın.

 

Dünyanın beşiyi olmuş bu torpaq,

Torpaqdan doğulmuş mənalar ancaq.

 

Yer göydən əzizdir, bahadır, baha

Çünki bu torpaqda yatır Mustafa.

 

Bəzi təqlidçilər pıçıldayaraq,

Dedilər: “Aləmdə məhşər qopacaq,

Otuz ildən sonra, baş verib bir sirr,

İyirmi bir bəla törəyəcəkdir.

Fəlakət qopacaq, bütün bu cahan

Alt-üst olacaqdır küləkdən, sudan.

Üz verən zamanda həmin fəlakət

Yerə toxunacaq ağır xəsarət”.

Şair bütün bunların boş yalan, zəminsiz uydurmalar olduğunu qətiyyətlə elan edir, onlarm – bədnam, başabəla müəlliflərinə acı-acı gülürdü:

 

Xaqani inanmır bu yalanlara,

Gülür bu yalanı uyduranlara.

 

***

Təqribən 30 il bundan öncə Akademiyamızın Nizami adına Ədəbiyyat İnstitutunun rəhbərləri 20 cilddən ibarət “Azərbaycan klassik ədəbiyyatı kitabxanası” adlı çox gərəkli bir layihə üzərində götür-qoy edəndə “VII-XII əsrlər Azərbaycan şeiri” cildinin hazırlanması işinə o zaman Orta əsrlər ədəbiyyatı şöbəsində elmi işçi olan gənc, lakin ümidverən, istedadlı ədəbiyyatşünas Teymur Kərimovu da cəlb etmişdi. 20 cildliyin baş redaktoru, akademik Mirzə İbrahimov ikinci cildə müqəddimə yazmağı, orada gedən ədəbi mətnə izahlar və qeydlər hazırlamağı ona həvalə etmişdi. 400 səhifəlik bu cildin təqribən yarısı Əfzələddin Xaqaninin qiymətli irsindən seçmələri əhatə edir. Təbiidir ki, müqəddimənin, eləcə də izah və qeydlərin də mərkəzində Xaqani və onun müxtəlif janrlarda yazılmış bir-birindən gözəl əsərləri durur. (Bax: “Azərbaycan klassik ədəbiyyatı kitabxanası 20 cilddə. VII-XII əsrlər şeiri”. İkinci cild, “Elm” nəşriyyatı, Bakı, 1989). Bu yaxınlarda mən digər mənbələrlə yanaşı həmin cilddə gedən Xaqani əsərlərini və kitabın müqəddiməsini bir daha nəzərdən keçirdim. AMEA-nm müxbir üzvü T.Kərimov haqlı olaraq hələ o zaman belə düzgün qənaətdə imiş ki, Xaqaninin yaradıcılığı Azərbaycan ədəbi məktəblər silsiləsinin iki möhtəşəm zirvəsindən biridir. Onun əsərləri zəmanəsinin lirik fəlsəfi poeziyasının nailiyyətlərinin çox uğurlu bir yekunu olmaqla yanaşı, həm də Nizami dühasının epik-romantik üfüqlərinə keçid mərhələsidir. Doğrudan da Şirvan dahisinin ədəbi irsi öz fikri vüsətinə, ictimai motivlərinin təravətinə, həm də təkrarsız bədii keyfiyyətlərinə görə Gəncə dahisinə qədərki poeziyanm ən yüksək mərhələsidir. Və çox təbiidir ki, Xaqaninin özündən sonrakı Yaxın və Orta Şərq, özəlliklə Azərbaycan şairlərinə böyük təsiri olmuşdur. Onun dərin poetik qənaətləri, orijinal bədii təsvir vasitələri, bir-birindən gözəl təşbeh və istiarələri, abdar qafiyələri yaradıcılıqdan yaradıcılığa köçmüş, neçə-neçə sənətkarın yazı üslubunu daha da büllurlaşdırmışdır. Hətta Nizami kimi nəhəng, mütəfəkkir şair belə, Xaqani poeziyasının nüfuzedici təsirindən kənarda qala bilməmişdir. Əlbəttə, Nizaminin öz dahi müasirinin vəfatı münasibətilə xüsusi mərsiyə yazaraq onun ruhuna ağı deyib rəhmətlər oxuması da şəksiz, elə bununla izah olunmahdır.

Klassik Azərbaycan poeziyasının görkəmli tədqiqatçılarından AMEA-nın müxbir üzvü Azadə xanım Rüstəmova Xaqani yaradıcılığında xeyli mədhiyyə olduğuna diqqəti cəlb edərək bu faktın səbəbini belə izah etmişdi: Şanh-şövkətli Şirvanşahlar sarayı onun dəbdəbəli-təntənəli məclisləri yaradıcılığının ilk çağlarmda gənc Xaqanini sehirləmiş və şair bir-birindən təmtəraqlı mədhiyyələr yazaraq əyan-əşrəf arasında ad-san qazanmışdı. Lakin çox keçmədi ki, sarayın zahiri parıltıları təbiətən məğrur və həqiqətsevən şairi usandırdı. O, bu zərin-zivərin aldadıcı olduğunu duydu və öz sənəti ilə saraya, dövlətə təsir göstərmək yolunu tutdu. Xaqani şeirinin sosial kəsəri gücləndi. Şair ictimai eybəcərlikləri, saray xadimlərinin mənəvi çirkinliklərini, ikiüzlülüyünü, yaltaqlığını, onları öz məngənəsində sıxan saraydaxili intriqaları kəskin tənqid, ifşa edən ötkəm siyasi məzmunlu şeirlərilə tanındı. Xaqani böyük cəsarət və məsuliyyət duyğusu ilə zəmanəsinin rəzalətlərini atəşə tutdu. Şirvanşah başda olmaqla saray mühitini qara məhbəs adlandırdı, “zülmkar olarsa bir şah, az yaşar” deyə haray çəkdi, xalqın, zəhmətkeşlərin mənafeyini müdafiə edərək istibdadı, zülmü qamçıladı, mövcud üsul-idarəyə, həddini aşan haqsızhq və riyakarhğa qarşı özünün gur etiraz hayqırtısmı ucaltdı. Şair etiraz etməklə kifayətlənmədi. Bu münasibətlə yazdığı şeirlər onun öz zəmanəsinə, əsrinə yönəlmiş üsyanının bədii təzahürü kimi səsləndi.

Şahların sarayı bir dənizdir ki,

Orada sədəf yox, yüz min timsah var.

Arzu gəmisini salmaz heç zaman

Bu coşğun dəryaya ağlı olanlar.

Qaradan tünd rəng yoxdur deyiblər. Yırtıcı timsahlar mühiti Xaqaniyə qarşı repressiya yolunu tutdu və böyük şairin başı bundan olmazın bəlalar çəkdi, onu ən ağır cinayət törətmiş canilər kimi yenə də qandallayıb zindana atdılar…

***

Bunu deyənlər haqlıdırlar ki, Xaqani digər əsərlərindən fərqli olaraq “Töhfətül-İraqeyn”i əvvəldən axıradək bir dəfəyə deyil, öz məlum səyahəti daxilində ayrı-ayrı səfərləri zamanı, yollar boyu dayandığı məskənlərdə, bəlkə də əvvəlcə bir gündəlik kimi, tədricən qələmə almış və vətənə qayıtdıqdan sonra, asudə vaxtlarmda təkmilləşdirib tamamlamışdır. Əsərin əvvəldən sonadək əruz vəzninin bir bəhrində yazılması da bunu təsdiq etməkdədir.

“Töhfətül-İraqeyn” şairin səfər təəssüratları ilə zəngin bir əsərdir. O, uzun çəkən səfərləri zamanı qarşılaşdığı coğrafi məntəqələr, onların sakinləri barəsində, 20-ci əsrin əvvəllərində digər bir dahi Şamaxı şairinin dediyi kimi, “pisi-pis, əyrini əyri, düzü həmvar” (M.Ə.Sabir) yazıb sonrakı nəsillərə ərməğan etmişdir. Əsərin “Səfər təfsilatı” babında göstərildiyi kimi, Xaqani nəhayət rəsmi icazə alaraq Şirvanı tərk edir, bəzən piyada olmaqla uzun yollar qət edir, kəndlər, şəhərlər, vilayətlər keçir, çaylar, bəndlər üstündən adlayır, dağlar aşır, “Səfid-rud”un o tərəfınə keçən şair İraqa çatmazdan əvvəl Kuhistanda olur. Bu gözəl yurdun təbiəti, iqlimi, torpağının zənginlikləri şairi valeh edir. Lakin bu cür ürək açan, göz oxşayan diyarm bir çox adamları Xaqanini əsla razı salmır. Bu gözəlliklər diyarının insanlıq adına ləkə olan çox əcayib sakinləri var. Həssas qəlbli şair dərin təəssüf duyğuları ilə yazır:

Heyif, belə gözəl, cənnət kimi yer –

Cəhənnəm əhlinin əllərindədir.

Quldurluqdan başqa məqsədləri yox,

İnsanlığa azca hörmətləri yox.

Yolun kənarına çıxıb səhərlər,

 Guya qonaqları qəbul edərlər;

Əvvəl yol göstərib karvana onlar,

Sonra da yolunu kəsib soyurlar.

Onlarçun nə din var, nə də ki, dindar,

Nə fəryad eşidər, nə aman qanar.

Orda oğrularla dostdur darğalar,

Hərənin yüz dili, min peşəsi var.

Quldurlar yol kəsib minbir can alır,

Boyaqçılıq üçün qızıl qan alır.

Dövlət adamları canidir tamam,

Rüşvətlə dolanır həkimlər müdam.

Şair inanır və öz oxucusu olan bizləri də inandırır ki, bu vəziyyət çox davam edə bilməz, Allah əzimişan gec-tez bu oğru-quldur ocağını dağıdıb yerlə yeksan edəcək, məskunlarım layiqincə cəzalandıracaqdır. Kuhistandan sonra İraqi-Ərəbdəki düşərgələrin birində dayanan Xaqani xəlifənin vəziri Cəmaləddinlə görüşür və şeirbri ilə vəzirə çox yüksək təsir bağışlayır. C.İsfəhani ona bu diyarda zəmanənin böyükləri ilə ehtiyatla davranmağı tövsiyə edir və görüşlərindən xatirə olaraq öz bahalı üzüyünü şairə bağışlayır (Sonralar, vətəndə bu üzük ona sahib olmaq istəyən şirvanşah Əhsitanla yadigar üzükdən ayrılmaq istəməyən Xaqani arasmda onsuz da gərgin münasibətbrin daha da kəskinbşməsinə səbəb olur). Cəmaləddinin dilindən verdiyi aşağıdakı müdrik nəsihət Xaqaninin nəzərində hər bir abırlı insanın əxlaq məcəlləsində möhkəm yer tutmalı, hər kəs bu tələbləri “sırğa edib qulağından asmalı”, öz gündəlik işlərində onlara əməl etməlidir:

“Mənəm, mənəm ” deyib, öymə özünü,

Həmişə müxtəsər eylə sözünü.

Cahildir özünü tərif edənlər;

“Çox bilirəm ” demə, bilsən də əgər.

Məntiqsiz, dəlilsiz, yalan danışmaq,

Nadan adamların işidir ancaq.

Dil gülünc etməsin deyə insanı,

İnsan ağzı olmuş dilin zindanı.

Bu beytlərin hər birində böyük həyat təcürbəsinə malik olan şairin müdrik qənaətləri öz əksini tapmışdır. Özəlliklə sonuncu beytin mənası o qədər ibrətamizdir ki, onu oxuyub qətiyyən üstündən keçə bilmirsən. Dilin ağız boşluğundakı mövqeyini onun üçün zindana təşbeh edən şair sanki oxucuya xəbərdarlıq edir: bu zindanm vəzifəsi odur ki, dil aldığı hər informasiyanı ağma-bozuna baxmayıb səsləndirməkdən çəkinsin. Dil sahibi öz sözünün irəlisini – gerisini bilsin, “ağzına gələni” yetərincə götür-qoy etmədən danışmaqla özünü müşgüllərə salmasın…

“Töhfətül-İraqeyn”in “Paxıllarm məzəmməti” adlı 35-ci babında şair Şirvanşaha müraciətlə xahiş edir ki, onu saraydan kənar etsin. Məhz bu əsərində o özünü bütün sənət aləmində məşhur edən “Xaqani” təxəllüsündən qətiyyətlə imtina edir:

Xaqani yox, bir dəfə bilin ki, Xəlqaniyəm,

Xoşdur ki, yoxsulluqla olmuşam sirdaş, məhrəm.

Bu beyt İsmayıl Soltanın tərcüməsidir. Məşhur şərqşünas alim və mütər-cim professor Mübariz Əlizadənin tərcüməsində isə sözü gedən beyt daha mükəmməl və ahəngdar səslənir:

İstəmirəm adımı çağıralar Xaqani,

Mən yoxsullar şairi Xalqaniyəm, Xalqani!

“Töhfətül-İraqeyn” Xaqani yaradıcılığınm ən sanballı və ən parlaq nümunəsidir. Bir sıra çox mühüm keyfiyyətlərinə görə əsəri öz dövrünün poetik ensiklopediyası adlandırmaq mümkündür. Həqiqətən də “Töh-fətül-İraqeyn” Xaqaninin Kufə, Nəcəf, Məkkə, Mədinə, Şam, Mosul və digər Yaxm Şərq şəhərlərinə səfərlərini, həmin səfərlər çərçivəsindəki görüşlərindən canlı təəssüratlarını əks etdirən çox qiymətli, real tarixi-bədii təsvirlərlə zəngindir. Nəzərə alsaq ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz bu coğrafi məntəqələrin bir qismi sadəcə əhalisi nisbətən çox olan yaşayış məskənləri deyil, həm də orta əsrlər müsəlman aləminin ən çox tanınmış dini, elmi, mədəni, ədəbi, sənətkarhq mərkəzləri idilər, onda Xaqaninin xarici səfərlərdə özü və həmvətənləri üçün yeni və zəngin olan necə mənəvi bir mühitlə qaynayıb-qarışdığı bir daha aydın görünər.

Bu səfərnamədə təravətli təsvir və ifadə vasitələri, orijinal bədii obrazlar nəzəri cəlb edir. Məsələn, maraqlıdır ki, Xaqani bütün kainata təmənnasız işıq və hərarət yayan əzəmətli, qüdrətli günəşi, bu müqayisəyə gəlməz keyfiyyətlərinə baxmayaraq, sorğu-suala tutur, onu başqa şairlərdə görmədiyimiz xəcil, üzüqara bir vəziyyətdə təsvir edir. Günəşin ölçüyə-hesaba gəlməyən nəhəng imkanlarmı qeyd edib onu yetərincə öydükdən sonra şair aftaba müraciətlə onun özündən-özünə tutarlı şikayətlər yağdırır, hətta adına və ləyaqətinə xələl gətirən bəzi nöqsanlarına görə onu ciddi surətdə ittiham edir. Həm də Xaqani öz ittihamnaməsini çox incə, lakin heç kəsin inkar edə bilməyəcəyi danılmaz həyat faktı əsasmda təqdim edir:

Günəş! Sən hər şeyə nüfuz edirsən,

Çox böyük, çox uca olsan da bəzən

Enirsən üstünə qara torpağın,

Ayağı altına hər bir alçağın.

Neçin yar olursan axmaqlara sən?

Neçin pay verirsən alçaqlara sən?

Yalnız hüdudsuz istedad və poetik cəsarət sahibi olan sənətkarın belə bir bədii ittihamı irəli sürməyə iradəsi çata bilərdi. Məhz bu zəmində şair günəşi obyektiv olmamaqda qınayır, ayrı-ayrı fərdlərə, o cümlədən də bəzən Xaqaninin özünə ögey münasibət bəslədiyi üçün onu danlayırdı. “Töhfətül-İraqeyn” əsərində XII əsrin və ondan öncəki mərhələnin bir sıra böyük tarixi və elmi-bədii həqiqətləri öz parlaq inikasını tapmışdır. Lakin bu günün ədəbiyyatşünasları sözü gedən poemanm müəllifinin ruhuna bir də ona görə minnətdardır ki, şair burada şəxsən özünün həyatı, nəsil-nəcabəti, ailəsi, doğmaları haqqında, uzaq-yaxın səfərləri zamanı görüşdüyü, məktublaşdığı ədəbi-tarixi simalar haqqında da geniş məlumat vermişdir. Nəzərə alsaq ki, XI-XII əsrlərin bir sıra görkəmli yaradıcı ziyalıları, o cümlədən Xaqaninin özü haqqında indiki anlamda sistemli sorğu məxəzləri, arxiv materialları və sənədlər, o cümlədən də, özəlliklə onlarm avtoqrafları bizə çatmayıb, onda bir daha aydın olar ki, bu qiymətli əsərdə öz əksini tapmış böyük həqiqətlərin, zəngin tarixi faktların, məktublarm, bizim ağdaşlılar demiş, “qıxmığı qızıldır”.

Bir daha qeyd etmək vacibdir ki, bəzi hökmdarların adına ünvanladığı mədhnamələr üçün Xaqani bu əsərində dərin peşimanlıq duyğuları yaşadığını acı-acı etiraf etmiş, bu cür əsərlər yazmağı sonralar tamam tərgitmişdi. Bununla belə, şairin yaradıcılığmda mədhiyyələr geniş yer tutur. Əlbəttə, mədhiyyə özünə məxsus tələbləri olan bir qəlibdir və bu qəlibin içində bir qayda olaraq məmduhlar (mədhiyyənin həsr olunduğu simalar), hökmdarlar, onların nəsli-nəcabəti, zərbi-dəsti, səxavəti və s. təriflənir. Lakin diqqətlə baxanda görmək çətin deyil ki, şairin bu qəbildən olan əsərləri də başdan-başa təriflərdən və öymələrdən ibarət deyil. Bu və ya digər şeiri yazarkən ömrünün hansı mərhələsini yaşadığından asılı olmayaraq, Xaqani həmişə düz yol göstərməyə çalışmış, hökmdarlara nəsihət verməyi unutmamış, onları insafa, ədalətə çağırmış, bəd əməllərdən uzaqlaşmağa dəvət etmişdir. İnsan talelərinin həll olunduğu çox məsul məqamlarda şair zəmanəsinin böyüklərinə hiss və duyğunu, şəxsi münasibətləri, casusların, xəbərçilərin böhtanlarını yox, faktları, ağlı, insafı, vicdanı, düzlüyü rəhbər tutmağı tövsiyə etmiş, hakimləri istər fiziki, istərsə də mənəvi sərxoşluqdan bilmərrə uzaqlaşmağa çağırmışdır.

Xaqaninin babası, atası, anası, əmisi, özü haqqmda bir sıra mülahizələrini əsas götürüb onu qeyri-təvazökarlıqda günahlandırmaq qəbahət olardı. Bu böyük istedad “tərəzinin gözünü əymədən”, yeri gələndə öz nöqsanlarından da danışır, vaxtilə atdığı bu və ya digər xoşagəlməz addımı üçün özünü də kəskin tənqid edirdi. “Töhfətül-İraqeyn”də Cəmaləddin Musili ilə görüşündən bəhs edərkən şairin, mən deyərdim ki, yana-yana yazdığı bir etiraf, üzərindən yüzillər keçdiyinə baxmayaraq, bu gün böyük sənətkarm qədirşünas oxucularmı da yandırıb tökür:

Biri deyir: – Xaslar məclisinə get,

O birisi deyir: – Şahı tərif et!

Mənsə bir döşəmə üstə oturdum,

Nə irəli getdim, nə geri durdum.

Lakin möhtac qalıb çörəyə, bəzən

Öydüm hər alçağın süfrəsini mən.

Bəzi məclislərdə çox utanmışam,

Qızıltək torpaqda tapdalanmışam…

 

“Töhfətül-İraqeyn” Xaqaninin tədqiqatçıları tərəfindən müxtəlif çalar və yönlərdə yozulur. Bununla belə, onlar bir vacib məsələdə yekdildirlər ki, şair bəzi digər əsərlərində olduğu kimi burada da gah tarixi hadisələrə, gah da çağdaşı olan insanlara, onlarm konkret əməllərinə istinad etməklə yenə də zəmanəsinin ictimai eyiblərini, gərdişi-dövranın ədalətsizliklərini qamçılamış, yamanlamışdır:

Dövlət nə qüdrətin, nə hünərindir,

Mənsəb də, sərvət də nakəslərindir.

Fələyin zatında qalmamış nişan

İgidlik, sədaqət və adamlıqdan!

Əsil insanları xəcalətə batıran əxlaqi eybəcərliklər, var-dövlətə, pula-qızıla əsaslanan münasibətlər bu təkrarsız lirik poemada da şairin usanmaq bilmədən ifşa etdiyi ictimai qəbahətlərdir.

Elə buna görə də Xaqaninin Azərbaycanda ilk peşəkar tədqiqatçısı və tərcüməçisi M.Sultanov onun yaradıcılığmı öyrənib şərh edərkən bir məsələdə xüsusilə diqqətli olmağı məsləhət görürdü. O haqlı olaraq bu fikirdə idi ki, Şirvanşah Mənuçehrin saray şairi olaraq ona mədhlər yazan gənc Xaqani ilə saraydakı cinayətləri ifşa edən təcrübəli sənətkar Xaqani arasındakı fərqi nəzərdən qaçırmaq olmaz. Şairin zəngin, mürəkkəb, bəzən də ziddiyyətli poetik irsini olduğu kimi öyrənib təhlil etmək lazımdır. Məhz belə olduqda görmək mümkündür ki, Xaqani həqiqətən də zəmanəsinin yüksək istedadlı qabaqcıl sənətkarı kimi bir sıra qəsidə, qəzəl, qitə və rübai və mərsiyələrində zülmə, haqsızlığa kəsgin etiraz edən cəsarətli şairdir. O, zülmkar şahların piyaləsindəki şərabın insan qanı, süfrəsindəki kababın isə rəiyyətin ciyəri olduğunu hiss etdikdə istibdad ocağı olan saraydan uzaqlaşmağa çox ciddi səylər göstərmişdir. Bir zamanlar mədh etdiyi şahları sonralar nifrət duyğusu ilə həcv etmiş, xalqın dərdinə yanmış, məhrumiyyət, həbs və işgəncələrə məruz qalmışdır.

***

“Mədain xərabələri” Xaqaninin müxtəlif dillərə dönə-dönə tərcümə olunmuş ən populyar, dərin məzmunlu qəsidələrindən biridir. Bu əsərdə şair bizi inandırır ki, əsrlər boyu bir çox dövlətlərə meydan oxumuş bir səltənətən möhtəşəm saraylarının xərabələri təkcə hökmdarlar üçün deyil, hər bir insan üçün də ibrət dərsi olmalıdır. Bir neçə il öncə professor Qəzənfər Paşayev, professor İsrafil İsrafilov, işıqlı xatirələri bizim üçün həmişə əziz olan mərhum İraq alimi Dr. Əbdüllətif Bəndəroğlu, şair, araşdırıcı, telejurnalist mərhum Ağalar Mirzə ilə birlikdə o tarixi yerləri, Mədain xərabələrini ziyarət edərkən Xaqani qəsidəsindən xalq şairi M.Rahimin tərcüməsində hələ orta məktəb şagirdləri ikən yadımızda saxladığımız ayrı-ayrı beytləri vird edirdik:

Diqqətlə bax, ey könül, qarşındakı bu eyvan

Ayineyi-ibrətdir, öyrən onu, dərk et, qan!

…Der: sən biz idin, biz sən, torpaq olacaq hər şey,

Gəz üstümüzü, ağla, gözyaşı axıt bir an…

Yadıma düşür ki, həmin İran-İraq səfərimizin ən gənc iştirakçısı, Qəzənfər müəllimin istedadlı oğlu, o zaman 8-ci sinifdə təhsil alan Murad böyüklərin susduğunu görüb özünün dərsliyindən öyrəndiyi həmin şeiri ədəblə, tələsmədən, əsərin ruhuna uyğun həzin bir ahənglə başdan-ayağa əzbər söylədi. Hamımız mütəəssir olduq…

Beləliklə də ədəbiyyatımızın nadir incilərindən biri kimi beləcə çox geniş yayılmış bu əsər güclü bədii təsvir və ifadə vasitələri, o cümlədən də bəzən insanın tüklərini ürpədən kontrastlar-təzadlar əsasında yazılmışdır. Sahibləri bir zaman bütün ətraf ölkələrə amirlik etmiş bu müəzzəm sarayın indi (yəni XII əsrdə) Xaqaninin üzbəüz dayandığı çox pərişan görkəmi, şən, gümrah, şıdırğı musiqi əvəzinə yarımuçuq sütunlarından eşidilən bayquş səsi məhz belə təsir bağışlayır, onlara baxanda vaxtilə zorla, güclə qəhr olunmuş məzlumların ah-naləsini dinləmiş kimi olursan. Bu qəsidədə şair Şərq tarixinin ən gurultulu və zəngin hökmdar sülalələrindən Sasanilərə məxsus möhtəşəm “Taqi-Kəsra” sarayının qalıqlarının timsalında təcavüz, zülm, əsarət nəticəsində ucaldılan, palçığı məzlumların göz yaşları ilə yoğurulan xanimanların, onların mənsub olduğu səltənətlərin hökmən yerlə yeksan olacağmı son dərəcə təsirli bədii dillə, cazibədar poetik vasitələrlə təsvir etmişdir.

“Mədain xərabələri”ndə əksini tapmış hər bir təsirli epizod, tarixi hadisə dərin elmi ümumiləşdirmə ilə yekunlaşdırılır. Təkcə elə bu beytin mahiyyətini şərh etmək üçün təbiətşünas alim yəqin ki, saatlarla davam edə biləcək əsaslandırma və şərhlər verə bilər:

Bil, günəşdir məharətli kimyagər bu dünyada,

Salma başqa kimyaları, iksirləri sən yada!

Ustad sənətkarın müraciət etdiyi bütün şeir şəkillərində yədi-beyzası oldu ğunu hamı etiraf edir. Onun “Həbsiyyə” silsiləsindən yazdığı nümunələrdən birində çox maraqlı bir mənzərə təsvir olunur.

Hər səhər qalxar göyə ah ilə əfqanım mənim

Qərq olar qanda şəfəq tək çeşmi-giryanım mənim.

 

Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,

Çün Firidun xəznəsidir əqli-ürfanım mənim,

 

Oxşayar kündə ayağımda dəyirman daşına;

Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim…

 

Görmək çətin deyil ki, bu çox ürəkgöynədən, real, canlı mənzərənin mərkəzində şairin özünün, ağır zülmə məruz qaldığına baxmayaraq, vüqarını itirməyən obrazı təcəssüm edir. Nizami muzeyinin ekspo-zisiyasında bu şeirin oyatdığı təəssürat əsasında Azərbaycanın Xalq rəssamı Böyükağa Mirzəzadənin çəkdiyi əla bir kompozisiya nümayiş etdirilir. Mən orada çalışdığım uzun illər ərzində dönə-dönə şahidi olmuşam ki, tamaşaçılar qanqaralığı aşılayan bu sərt məzmunlu əsərin önündə həmişə ayaq saxlayır, dahi şairin sənətkar vüqarı və iradəsi qarşısmda ehtiramla başlarmı əyirlər.

Möhtərəm oxucu! Gəlin biz də dahi sənətkar, böyük insan, Yaxın Şərqin ilk İntibah carçılarından olan Xaqani Şirvaninin məhz bu vüqarlı, əzəmətli, iradəli obrazı qarşısında başımızı əyməklə, bir daha onun ölməz yaradıcılığma öz qədirşünas münasibətimizi bildirək. Qəzəl, qəsidə və rübailərin, “Töhfətül-İraqeyn”in ayrı-ayrı hissələrinin Azərbaycan dilində uğurla səslənməsi, yəni onların adekvat tərcüməsi üzərində müxtəlif illərdə Əliağa Vahid, Məmməd Rahim, Mirvarid Dilbazi, Mübariz Əlizadə, Ənvər Əlibəyli, Mirmehdi Seyidzadə, Xəlil Rza, Hüseyn Arif, Məmmədağa Soltan, Abbasəli Sarovlu, Ələkbər Ziyatay, İsmayıl Soltan, Əbülfəz Hüseyni, Tələt Əyyubov və digər tanınmış sənətkarlarımız böyük yaradıcılıq əməyi sərf etmişlər. İndi Xaqaninin əsərlərinin demək olar ki, əksəriyyəti dilimizə tərcümə edilmişdir. Onlarm arasında əla tərcümələr az deyil. Lakin təəssüf ki, fikir və məna etibarilə əslinə müvafiq işlənsə də bədii cəhətdən yüksək səviyyədə olmayan bəzi tərcümələr də var. Şübhə yoxdur ki, bu iş gələcəkdə də davam etdiriləcək və Əfzələddin Xaqaninin əsərlərinin Azərbaycan dilində yeni, tam və mükəmməl külliyyatı hazırlanıb nəşr olunacaqdır.

ƏDƏBİYYAT

1. Əfzələddin Xaqani. Seçilmiş əsərləri. Bakı, 1956.

2. Əfzələddin Xaqani. Lirika (rus dilində). Moskva, 1980.

3. Əfzələddin Xaqani. Seçilmiş əsərləri. Bakı, 2004.

4. Məmmədağa Soltanov. Xaqani Şirvani. Bakı, 1954.

5. Qafar Kəndli. Xaqani Şirvani (həyatı, dövrü, mühiti). Bakı, 1978.

6. Həmid Araslı. Xaqani Şirvani. Bakı, 1982.

7. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə. 2-ci cild. Bakı, 2007.

8. Bəkir Nəbiyev. İstedadla həyat həqiqətinin nadir vəhdəti (Ə.Xaqaninin həyat və yaradıcılığına həsr olunmuş Milli Seminarın materialları). Bakı, 2009.

Bənzər mövzular

ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) I
ƏFZƏLƏDDİN XAQANİ (1126-1199) II
SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) I
SEYİD ƏLİ İMADƏDDİN NƏSİMİ ŞİRVANİ (1369 -1417) II